Xocalı faciəsi – dinməyən ağrımız
A+   A-

Xocalı − bütün dünyanın vəhşilikdən və qəddarlıqdan sarsıldığı kütləvi  qətllərin  faciəvi  ünvanıdır. Erməni  faşistləri tərəfindən törədilən Azərbaycanın  çağdaş tarixinə qanla  yazılmış  Xocalı  soyqırımı  İkinçi dünya müharibəsi  illərində 6  milyon  yəhudini  məhv  etmiş Hitler  Almaniyasının  törətdiyi vəhşiliklər sırasındandır. 1943-cü ilin  yaz  aylarında  alman  faşistləri  tərəfindən dağıdılmış Belarusiyanın  Xatın kəndinin faciəsi Azərbaycanın Xocalı şəhərinin faciəsinə çox oxşayır. Fərq yalnız bundadır ki, Xatın kəndində hadisələr müharibə dövründə baş verib, Xocalı şəhərinin sakinləri isə heç bir rəsmi hərbi əməliyyatın aparılmadığı bir dövrdə vəhşicəsinə qətlə yetirilib.

          XX əsrin  əvvəllərindən  başlayaraq  Azərbaycan  xalqı  erməni  millətçilərinin apardığı soyqrımı siyasətinə, “etnik  təmizləmə”yə  məruz  qalmışdır. 1988-ci  ilin noyabrın sonlarında özünün  tarixi torpaqlarından – Qərbi  Azərbaycandan (İrəvan məkanından) 200 min azərbaycanlı  qovulmuş, beləliklə Ermənistan Respublikası monoetnik  dövlətə  çevrilmişdir. Xocalı soyqırımını törədən erməni millətçilərinin bu cinayəti düşünülmüş məkrli siyasətin  nətıcəsi olmuşdur. Azərbaycanın  Ümummilli  Lideri  Heydər  Əliyev  Xocalı soyqrımı  haqqında demişdir:“ Bu  amansız  və  qəddar  soyqırım  aktı   insanlıq  tarixinə  ən  qorxulu  kütləvi  terror  aktlarından  biri  kimi  daxil  oldu”. Xocalı  soyqrımının  ön  tarixi  1989-cu ildən  başlayır. Arxivimizdə  qorunan  sənədlər  arasında 1989-cu  ildə  Xocalı  əhalisinə  qarşı  törədilən erməni  hücumları  haqqında  çoxsaylı  şahid  məlumatları mühafizə  olunur. Belə ki,  F.11158,  siy.1,  sax.v.  55-də  o  zaman  Bakı  şəhəri  “ 26 Bakı  komissarı” adına (indiki Səbail rayonu)  rayonun  birinci  katibi vəzifəsində  çalışmış Vəli  Məmmədova  Bakı  sakini  Baxşaliyev  Füzuli Yunis oğlu  Xocalıda şahidi  olduğu  dözülməz  vəziyyət  haqqında  yazmışdı: ”Mən  13.07. 1989-cu  il  tarixində  Dağlıq  Qarabağın  Xocalı  kəndinə  getməli oldum. Vertolyotdan düşərkən kənd sakinlərinin qorxu  və  köməksiz  qalıb  ermənilərin  növbəti  basqınını necə gözlədiklərinin  şahidi  oldum. Kənd  sakinləri söylədilər  ki, gecələr  kəndin  ətrafına  yığılıb  kəndin  qarovulunu  çəkirlər. Kəndin  yaxınlığında  onların  qorunması  üçün  təyin  edilmiş  hərbçilər isə tamamilə etibarlarını itirmişlər. Belə ki, əvvəla  ermənilər  basqınlar  edir, hərbçilərin özlərini  də  döyüb  qovurlar. Hərbçilər  isə  heç  bir  köməklik  göstərmir, əksinə  cavab  olaraq  bildirirlər  ki,  bizə  göstəriş  verilib ki,  yalnız  erməni  xalqını  qorumalısız!”

Arxivin fondlarında mühafizə olunan sənədlər sırasında  Azərbaycan SSR-dən  olan SSRİ Xalq  deputatlarının M. Qorbaçova ünvanladıqları  müraciətləri də var. Bu sənədlər F.11158, siy.1, sax.v. 87-də  saxlanılır. Xalq  deputatlarının bu  müraciətlərində  Dağlıq  Qarabağda  Azərbaycan əhalisinə qarşı törədilən  erməni  vəhşilikləri  göstərilir  və  onların  müdafiəsinin  təşkili  tələb  olunurdu.  Lakin çox  təəssüf  ki, bu  müraciətlər cavabsız  qaldı.

Qarabağ  müharibəsi  başlayanda vətənin müdafiəsinə qalxıb döyüşə  gedən könüllülər çox idi. Onlardan biri, kameraman Nizami  Abbasov, Xocalı  soyqırımı zamanı yaşadıqlarını belə xatırlayır:  “Mən  Xocalı  hadisəsindən 2 gün  sonra Ağdam  şəhərinə  gəldim. Mehdi adlı bir uşaq hər  iki  valideynini  itirmişdi. Yalnız babası sağ qalmışdı. Qaçaqaçda babasının  kürəyindən qarın üstünə sürüşüb  düşən, 4-5  yaşlı   uşaq   özünü  günahlandırırdı  ki, atam  məni  axtarırdı, ona  görə də  şəhid  oldu. Orada  Əhməd  adlı  bir  oğlan da  var  idi, əlini  güllə  ilə  vurmuşdular. Ermənilər  uşağı tutanda  ondan  soruşmuşdular  ki, sən  silah ata  bilərsən? O da deyib  ki, hə ataram. Soruşublar  hansı  əlinlə, o da  sağ  əlini  göstərib. Həmin  anda onun  sağ  əlini güllə  ilə  vurmuşdular”.

Erməni yaraqlıları qız - gəlinlərlə  amansız davranırdılar. 12 gün  meşədə o soyuqda, qarda,  böyürtkənin  yarpağı  ilə qidalanan , ayaqlarını  don  vurmuş  qız və gəlinlərimiz , çox  böyük  çətinliklə  Ağdam  şəhərinə  gəlib  çatmışdılar. Onlardan  biri  Müşgünaz  xanım öz  övladını  boğmaq  məcburiyyətində  qalmışdı ki, insanlar  əsir  düşməsinlər. Müşgünaz  xanım cansız  körpəni şalına  büküb kürəyində daşıyıb, qıymayıb onu meşədə  qoysun. Yolda bir tövləyə  sığınarkən, yaşlı  qadınlardan  biri  deyir ki , “heç  olmasa kürəyindəki  meyiti  çıxart qoy  qırağa”. O zaman  görürlər ki,  körpə  tərpənir. Acı  da  olsa Xocalı ilə  bağlı bu həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Dünya  bilməlidir ki, Xocalı  soyqırmı təkcə  Azərbaycan  xalqına qarşı deyil,  həm də  bütün dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir.

Cinayət cəzasız qalmamalıdır!!!

Azərbaycan Respublikasi Prezidentini  İşlər İdarəsinin  Siyasi  sənədlər Arxivinin

“Arxiv fondunun   mühafizəsi,  uçotu və arxiv fondunun  istifadəsi”  şöbəsinin 

baş mütəxəssisi - fond mühafizəçisi Babayeva Zahidə Azər  qızı.