XOCALI – ŞƏHİDLƏR VƏ ŞAHİDLƏR YURDU
A+   A-

Qafqazda mühüm strateji-coğrafi mövqeyə malik Azərbaycan tarixən yadellilərin hücumlarına məruz qalıb. Vətənimizin gözəl guşələri işğal olunub, talan edilib, dinc sakinlər vəhşicəsinə qətlə yetirilib. XX əsrdə, 114 illik bir zaman kəsiyində tam üç dəfə yandırılan, yerlə-yeksan edilən Xocalı da belə yurd yerlərimizdəndir. Belə ki, şimaldan və şimal-şərqdən Kəlbəcər, Ağdam, cənubdan və cənub-şərqdən Şuşa, Xocavənd və Laçınla həmsərhəd olan Xocalı əlverişli coğrafi mövqeyinə görə daim düşmənin əsas hədəflərindən biri olmuşdur.

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Xocalıya erməni millətçiləri hələ 1905-сi ildə divan tutmuş, həmin il avqustun 23-də Xocalı şəhəri tamamilə yandırılmışdır.1918-1920-ci illər soyqırımı zamanı xocalılar yenidən erməni vəhşiliyinin qurbanı olmuş, bu günahsız insanların qədim yurdu erməni quldur dəstələri tərəfindən dağıdılmış, məhv edilmişdir.

XX əsrin 80-ci illərində qondarma “Dağlıq Qarabağ” probleminin növbəti mərhələsi başlandıqda Xocalı səmasının üzərini  70 il öncə olduğu kimi yenə də qara buludlar almışdı və erməni millətçiləri öz əməllərini planlı şəkildə həyata keçirmək üçün münasib zaman gözləyirdilər. Artıq mənfur qonşularının iç üzlərinə bələd olan Xocalının sakinləri öz yurdlarını inamla qoruyurdular. Təəssüf ki, “sapı özümüzdən olan baltalar” yerli əhalini silahlandırmaq əvəzinə onların əllərindəki ov tüfənglərini də müsadirə etməyə başladılar. Xocalıdan öncə onun ətrafında olan kəndlər ermənilər tərəfindən talan edildi, yandırıldı, külü göyə sovruldu. 1991-ci ilin sonlarından başlayaraq Axullu, Malıbəyli, Quşçular və bir sıra kəndlər erməni tapdağı altında qaldı, əhalisinə divan tutuldu. Növbənin Xocalıya çatacağı, Xocalının da böyük bir fəlakət astanasında olduğu aşkar idi. Təəssüf ki, nə tarixin acı dərsləri, nə də Xocalının uzun sürən mühasirəsi kimsəni ayıltmadı, 7 min nəfərin yaşadığı Xocalı sakinlərinin harayına çatan, dadına yetişən olmadı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri şəhərə hücum edərək keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə xalqımıza qarşı soyqırımı törətdilər. Düşmən Xocalıda bir neçə saat ərzində 613 əliyalın dinc sakini qətlə yetirdi,1.275 dinc sakin əsir götürüldü, 8 ailə tamamilə məhv edildi, 487 nəfər yaralandı ki, onlardan da 76-sı uşaq idi.

Ümummilli Lider Heydər Əliyev Xocalı faciəsini “iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırım siyasətinin qanlı səhifəsi” adlandırmışdı. Xocalı fəlakəti erməni millətçilərinin ağlasığmaz dərəcədə zalım, qaniçən, amansız olduğunun, türk qanına nə dərəcədə susadığını aşkar şəkildə göstərdi. Dünyanın sevinci, bəşəriyyətin ümidi olan uşaqlara qarşı Xocalı soyqırımında törədilən vəhşilik namərdliyin bariz təzahürüdür. Xocalıda qətlə yetirilən sakinlərin 63-ü uşaq idi. Bu qətllər o qədər qəddarlıqla həyata keçirilmişdi ki, həmin soyqırıma qarşı üsyan kimi “uşaqların günahı nə idi?”- deyə dünyaya  səslənmək istəyirsən! Uşağın günahı nə ola bilərdi ki? Qanına qəltan edilmiş Xocalı uşaqlarının bircə günahı vardı: azərbaycanlı olmaları. Bu uşaqlar heç vaxt şəkil çəkməyəcək, şeir deməyəcək, nağıla qulaq asmayacaqlar. Hec kim onlara böyüyəndə “kim olacaqsan?” sualını verməyəcək. Onların yarımçıq arzuları üstündə dünyanın dərdi göyərəcək...

Xocalıda arzuları yarımçıq qalmış uşaqlardan  Sevinc adlı bir qız vardı ki, saçlarına ağappaq lent bağlayıb, əlinə çanta götürüb məktəbə gedəcəyi günü həsrətlə gözləyirdi. Bəlkə də onun əbədi yumulmuş gözlərində həmin həsrətin nisgili hələ də yaşayır. Xocalıda yeni tikilən məktəbdə oxuyacaqdı. Lakin bir səhər yuxudan duranda valideynlərindən eşitdi ki, həmin məktəbi ermənilərin atdığı “alazan” dağıdıb. Bütün günü qəmli-qəmli gəzmişdi Sevinc, deməli, o, təzə məktəbdə oxuya bilməyəcək...O biri tərəfdən də inşaatçılar çıxıb getmişdilər. İnşaatçıların getməsi qızcığazın ümidini tamam qırmışdı. Axşam düşəndə Xocalıya elə bil ölüm sükutu çökürdü. Sevinc də, yaşıdları da, gecənin gəlməsini istəmirdilər. Atılan topların səsindən uşaqlar dik atılır, səhəri dirigözlü açırdılar. Sevinc tez-tez rabitə şöbəsində işləyən babasının yanına qaçar, gözünü telefon aparatlarına zilləyərdi. Babası həyəcanla yuxarılardan kömək diləyir, onlar isə “gözləyin” deyirdilər. Fevralın 26-da isə artıq heç nəyi gözləməyə lüzum qalmadı, çünki silahlı erməni dəstələri və bədnam 366-cı alay gecə yarısı Xocalıya hücum etmişdi. Anası Sevincin əlindən tutub qaçanda qızcığaz “Əlifba” kitabını da sinəsinə basmışdı. Qara Qayada ermənilərin atdıqları güllələrdən biri Sevincin sol böyrünə dəyir. Anası Mətanət də ağır yaralanır. Lakin ana ölümdən qurtulsa da, Sevinc aldığı yaradan sonra bircə gün yaşayır. Ağdam xəstəxanasında dünyasını dəyişir. Düşmənlə döyüşən atası Əkbər də həmin gecə həlak olur. 7 il Sevinc adını daşıyıb dünyanın sevincini dada bilməyən qızcığazın məzarı Ağcabədi rayonunun Şotanlı kəndindədir. Hər il yaz gələndə bu məzarın ətrafında boynubükük bənövşələr görünür.

Bu faciədən artıq 27 il keçir... 27 il öncə qədim Xocalı erməni millətçilərinin əlilə məhv edildi, ondan yalnız şəhidlər və şahidlər,bir də qanla yazılmış tarix qaldı. Erməni faşistləri tərəfindən törədilən bu soyqırımın cavabsız qalmayacağını bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir ki, “Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi siyasi qiymətini mütləq alacaqdır”. Ölkə prezidentinin bu qətiyyətli fikri bizi inandırır ki, Xocalıda tökülən günahsız qanlar yerdə qalmayacaqdır. Xocalı soyqırımına dünya ictimaiyyəti, bir çox beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri düzgün, ədalətli siyasi-hüquqi qiymət vermişlər və bundan sonra da Xocalı qətliamının beynəlxalq aləmdə hüquqi qiymətini alması üçün əlimizdən gələni edəcəyik ki, Xocalı şəhidlərinin, Xocalı şahidlərinin qisası yerdə qalmasın!

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədər Arxivinin

"Elmi araşdırmalar və Elmi kitabxana" şöbəsinin məsləhətçisi

Həmidova Ülkər Seyfulla qızı