ERMƏNİLƏRİN TÜRKLƏRƏ QARŞI ƏSASSIZ İDDİALARININ KÖKLƏRİ TARİXİNDƏN
A+   A-

Lalə Osmanqızı

Qondarma Erməni məsələsinin kökləri təbii ki, Eçmiadzin və dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən erməni qriqorian kilsələrindən qaynaqlanır. Nə vaxtsa beyinlərinə yeritdikləri “Böyük Ermənistan” xülyasını milli ideyaya çevirərək, ermənilər güclü xristian dövlətlərinin məsləhəti ilə “xaç və qılıncla”  XIX-cu əsrin ikinci yarısından Osmanlı imperiyasına qarşı, XX-ci əsrin əvvəllərindən Azərbaycana qarşı əsassız ərazi iddialar irəli sürərək mübarizə aparmaqdadıırlar.

Tarixdən məlumdur, hələ I Pyotr İranda və Hindistanda yaşayan ermənilərin Qafqazda məskunlaşması üçün böyük səylər göstərmişdir. Burada “parçala və hökmranlıq et”  siyasəti əsas təşkil edirdi. Digər tərəfdən güclü Osmanlı imperiyasına qarşı forpost yaratmaq məqsədi də az əhəmiyyət daşımırdı. Pyotrdan sonra bütün rus çarları bu siyasəti davam etdirmişdi. XIX-cu əsrin əvvəlində Azərbaycan xanlıqları Rusiya imperiyası tərəfindən zəbt olunandan sonra, 1826-1829-ci illərdə Rusiya  Osmanlı imperiyası və İranla apardığı müharibələrdə zəfər çalmışdı. Bu müharibələrin nəticəsində əzəli Azərbaycan torpaqları – İrəvan və Naxçıvan xanlıqları, habelə Osmanlı paşalıklarının ərazisində 1828-ci ildə Erməni Vilayəti yaranmışdı.1797-ci ildən başlanan erməni əhalisinin İrandan və Osmanlı İmperiyasından Qarabağa, Şirvana və Gəncəyə köçürülməsi prosesi Erməni vilayəti yaranandan sonra geniş vüsət almışdı. Qafqaz Arxeoloji komissiyasının aktlarına əsasən, təkcə 1828-1830-cu illərdə İrandan 40 min, Osmanlı imperiyasından 14 min erməni Azərbaycan torpaqlarında yerləşdirilmişdir. Tanınmış ictimai xadim və publisist Əhməd bəy Ağaoğlu birinci Rusiya inqilabı illərində “Kaspi” qəzetində yazırdı ki, XIX-cu əsrin 30-cu illərindən etibarən Qarabağda və Gəncədə yerli əhalini köçəri kimi qələmə verərək ev-eşiyindən didərgin salırdılar, yerlərində erməniləri yerləşdirirdilər. Rusiya hökumətindən heç bir kömək görməyən sarsılmış əhali Turkiyəyə və İrana baş alıb gedirdi. Beləliklə, bir nəslin gözü önündə dünənki erməni qaçqın rusların əli ilə ağaya, Azərbaycan ağaları və bəyləri isə kölə vəziyyətinə gətirilirdi. O ki qaldı İrəvan şəhərinə, xalis müsəlman arxitekturtasına malik olan, məsçid və Şərq üsullu saraylarıyla seçilən bu şəhər tədricən qədim simasını itirməyə başlamışdı.1828-ci ildə İrəvan qalasının ən böyük məsçidi I Nikolayın əmri ilə kilsəyə çevrilir, 1914-cü ildə İrəvan xanı Sərdar xanın igamətgahı olan möhtəşəm Sərdərabad sarayı yernən yeksan edilmişdi.

XIX əsrin 30-cu illərindən sonra Qafqazda fəaliyyət göstərmiş bütün rus canişinləri ermənilərin inkişafı üçün hər cür şərait yaratmış, onların həm mənəvi, həm də maddi cəhətdən zənginləşməsinə daim dəstək olmuşdular.  Və əksinə azərbaycanlıları sıxışdırıb, onların maddi və mənəvi ehtiyaclarının ödənilməsinin qarşısını almışdılar. Beləki, ermənilərin təkcə Bakıda bir neçə adda maarif və təhsil məsələləri ilə məşğul olan xeyriyyə cəmiyyətlərinin olduğu halda, azərbaycanlılara birini də təsis etməyə imkan vermirdilər. Bakıda neft sənayesinin inkişafında müstəsna xidmətləri olmuş azərbaycanlı iş adamları tədricən bu biznesdən sıxışdırılaraq, aksiyaların cəmi 5% ilə kifayətlənməli olmuşdular. Bakı quberniyasında əhalinin yalnız 8% təşkil edən ermənilər Bakıda qısa müddət ərzində  ən zəngin sahibkarlara cevrilmiş, 1-ci və 2-ci gildiya tacirlərin yarısını təşkil etmişdilər. Məhz bu sahibkarların vəsaiti hesabına 1890-cı ildə “Daşnaksyutun” partiyası yaradılmışdı.

İlk illərdə «Daşnaksyutun” partiyası bütün fəaliyyətini Osmanlı imperiyasına qarşı yönəltmişdir. Qeyd etmək lazımdır ki, partiyanın fəaliyyəti 1860-cı ildə Osmanlı imperiyasında sultan Əbdül Əzizin icazəsi ilə savadlı ermənilər tərəfindən yaranmış «Konstantinopol Erməni Milli Birliyi” tərəfindən istiqamətlənirdi. Bu münasibətlə ermənilərin Bakıda nəşr etdiyi rusdilli «Баку» (1902-1918) qəzeti yazırdı ki, İstanbulda fəaliyyət göstərən Milli Birlik ermənilərin Osmanlı imperiyasında bütün mədəni-maarif məsələlərini həll edir, müvafiq idarələri öz əlində cəmləşdirmişdi. Birlik Erməni kilsəsinin patriarxını seçir, onu Birliyin nəzdində fəaliyyət göstərən Milli İdarə heyyətinin başçısı təyin edirdi. 1871-ci ildə bu qurum qondarma erməıni məsələsiylə bağlı məruzə hazırlamış və bu məruzə sonralar ilk rəsmi sənəd kimi qəbul olunmuşdu. Lakin bu sənədlə Osmanlı imperiyasının hakimiyyət dairələrinə heç bir təsir göstərə bilmədiklərini anlayan ermənilər, Avropa ölkələrində yaşayan soydaşlarını qondarma erməni məsələsinin təbliğinə cəlb etmışdilər. XIX-cu əsrin 90-cı illərində beynəlxalq dəstəyə nail olan ermənilər Osmanlı imperiyasından müxtariyyat tələb etmişdilər.

Bu arada 1903-cü ildə Rusiya hökuməti erməni kilsəsinin əmlakını müsadirə etmişdi. Bundan qəzəblənən “Daşnaksyutun” tərəfdarları 1905-ci ildə Rusiyada baş qaldıran inqilabi hərəkata qatılmağı qərarlaşdırır və artıq Rusiyadan da müxtariyyat tələb etməyə başlamışdılar. Ermənilərin təbliğinə uymayan və sosial-demokratlara qatılmayan Azərbaycan xalqı 1905-1907-ci illərdə ermənilər tərəfindən terrora məruz qaldı, Bakıda, Gəncədə, Qarabağda dinc əhaliyə qarşı dəhşətli faciələr törədildi. Əli yalın əhali təpədən dırnağa kimi silahlanmış erməni zinvorlarıyla tək-təbətək qalmışdı. Bu azmış kimi, 1906-cı ildə Tiflisdə, Qafqaz canişini İ.Voronsov-Daşkovun rəhbərliyi ilə keçirilən erməni-müsəlman qurultayı, ermənilərin əmlakına vurulan ziyana görə, Azərbaycan əhalisindən cərimə almağı qərarlaşdırmışdı.

Azərbaycanlılara və türklərə qarşı tarixi ədalətsizlik Birinci Dünya müharibəsi illərində davam etdirilmişdi. 1914-cü ilin sentyabr ayında rus çarı II Nikolay ermənilərə üz tutaraq Osmanlı imperiyasına qarşı Rusiyayla birgə mübarizəyə çağırmışdı. Arxiv sənədlərinə əsasən, ermənilər bu çağırışa canla-başla qoşulub, 200.000 hərbi heyyətlə çıxış etmişdilər. Bu heyyət XIX-cu əsrin sonlarında yaranan erməni zinvorlarından ibarət idi. Zinvorların rəhbərlərindən biri məlum erməni generalı Andranik idi. Zinvorların tərkibinə osmanlı ermənilərinin daxil olmasından sonra Osmanlı hökumətinin erməni rəhbərlərinə və erməni əhalisinə inamı  zəifləmişdi. Dəfələrlə aparılan danışıqlara rəğmən 1915-ci ilin aprel ayında ermənilər yaşadıqları ərazilərdə -Van, Sasun, Muş və digər yerlərdə üsyan qaldırıb, açıq-aşkar Osmanlı imperiyasına  qarşı mübarizəyə qalxmışdılar. Burada bir haşiyəyə çıxmaq istəyirəm. Ermənilər iddia edirlər ki, Osmanlı imperiyasında ermənilərə qarşı soyqırım həyata keçirilmişdi və 1 milyon 500 min erməni qətlə yetirilmişdi. O dövrün erməni və rus mənbələri bu iddiaların əsassız olduğunu sübut edir. Beləki, rusdilli «Баку» qəzetinin redaktoru və naşiri X.Vermişev yazır ki, Osmanlı imperiyasında erməni əhalisinin sayı 1.200.000 artıq deyildi. Bu fakt, başqa tarixçi-alimlər tərəfindən də öz təsdiqini tapır. Bundan başqa, dövrün Peterburqda, Tiflisdə və Bakıda nəşr olunan rusdilli mətbuatına əsasən, üsyan etmiş ermənilər və onların tərəfdarları, cəbhə xəttindən uzaq ərazilərə, əsasən Suriyaya köşürülmüş, burada onların sayı  500.000 nəfərə  çatırdı. Əlavə Qafqazda və Rusiyada 300 min erməni qaçqını məskunlaşmışdı. Qalan 400 min erməni əhalisini ölənlər və sağ qalanlar təşkil edirdi. Ölənlər əsasən üsyanlarda həlak olmuşlar və qaçqınlıq həyatına tab gətirməyənlər arasında idi.

Erməni qəzetləri Osmanlı imperiyasında ermənilərin üsyan qaldırdıqlarını inkar etməyə çalışmışdılar. Lakin o dövrün rus qəzetləri ağız dolusu bu barədə yazırdı və fəxrlə qeyd edirdilər ki, ermənilər üsyan bayrağını qaldıraraq, Rusiya ordusuna sığınmış, Rusiyanı öz xilaskarı kimi qəbul etmişdilər. Müharibədən xeyli sonra, 1923-cü ildə “Daşnaksyutun” partiyasının liderlərindən olmuş Ovanes Kaçaznuni etiraf etmişdir ki, o zaman ermənilər Rusiyaya çox güvənmiş, özlərini inandırmışdılar ki, Rusiyanın vasitəsilə Osmanlı imperiyasında müxtariyyat qazanacaqlar və qeyd-şərhsiz Rusiyanın tərəfində çıxış etmişdilər. “Bu belə də olmalıydı,- yazırdı Kaçaznuni, çünki onilliklərnən aparılan erməni siyasəti insanların psixologiyasına dərin nüfuz etmişdi, bu psixologiya özünü biruzə verməliydi...”.

1916-cı ildə Osmanlı hökuməti Üçlük İttifaqı dövlətlərinin Osmanlı imperiyasında “erməni qırğınları” ilə bağlı verdikləri notaya cavab olaraq qeyd edirdi ki, hökumət son ana qədər ermənilərin dinc müsəlman əhalisinə qarşı törətdiyi teroru qabartmamağa çalışırdı. Yalnız ermənilərin hərbi üsyana qalxması, hökuməti sərt tədbirlər həyata keçirməyə vadar etdi.  Qeyd olunduğu kimi, ermənilərin Suriyaya sürgün olunması əsas cəza tədbirini təşkil etmişdi. Ermənilərin rusdilli «Баку» qəzeti erməni katalikosunun məsələyə münasibətini işıqlandıraraq yazırdı ki, məhz Van şəhərində ermənilərin hərbi üsyan qaldırması, represiyaların əsas səbəbi oldu.

Maraqlıdır ki, o zaman ermənilərin bir qismi baş verən hadisələrdə “Daşnaksyutun” partiyasının rəhbərlərini günahlandırırdı və hesab edirdi ki, məhz İnqilabi İttifaqın səhv siyasəti erməni xalqını Osmanlı imperiyasında gözdən saldı, əsrlər əvvəl buraya pənah gətirdiyi və firavan yaşadığı yerlərdən uzaq düşməsinə səbəb oldu. “Daşnaksyutun” partiyası bugün də türklərə qarşı məkirli siyasətini davam etməkdədir. Güclü dövlətlərin dəstəyini qazanaraq dünyaya Osmanlı imperiyasında qondarma erməni soyqırımını tanıtdırmağa nail olur. Lakin bu siyasətin arxasında ermənilərin “uğurlarından” çox, türkün mübariz ruhunun beynəlxalq aləmdə xof yaratdığı gözə çarpır. Belə görünür ki, qədim imperiyaların “parçala və hökmranlıq et” siyasəti XXI-ci əsrdə belə qüvvədə qalmaqdadır. 

ERMƏNİLƏRİN TÜRKLƏRƏ QARŞI ƏSASSIZ İDDİALARININ KÖKLƏRİ TARİXİNDƏN