31 MART 1918 İL – AZƏRBAYCANIN İSTİQLALİYYƏTİ UĞRUNDA MÜBARİZƏNİN ACI SƏHİFƏSİ
A+   A-

Lalə Hacıyeva, Phd

1914-cü ildə bütün slavyan dünyasını avstro-alman və türk “əsarətindən” qurtaqmağa can atan Rusiyanın qisasçılıq  siyasəti 1917-ci ilin əvvəlinə kimi puç oldu. Rusiya daxili siyasi intriqalar, dərin iqtisadi böhran və kütlələrin inqilabi çıxışlarının girdabında boğulurdu. Ölkədə aclıq və hərcmərclik hökm sürürdü,  II Nikolay öz dövlətini sərbəst idarə etmək qabiliyyətini itirirdi. Moskvada və Petroqradda baş qaldırmış çörək üsyanları qısa zamanda kütlələrin siyasi ehtirazlarına çevrilərək, fevral demokratik-burjua inqilabı ilə nəticələndi. 

Müvəqqəti hökumətə ümumi, bərabər və gizli səsvermə əsasında Məclisi-Müəssisana seçkilərin keçirilməsinin qanunverici bazasının yaradılması həvalə olunmuşdu. Məhz bu  qanunverici orqanın üzərinə xalqın irədəsini ifadə edərək yeni Rusiyanın – hökmdarsız Rusiyanın idarə edilməsi formasını müəyyən etmək  vəzifəsi qoyulmuşdu.

Öz torpağında yaşamasına baxmayaraq  imperiya hakiyyətinin “özgə xalqdan olan” adlandırdığı, Rusiyanın müdafiəsi və iltifatının bütün əzab-əziyyətlərini yerli xalqla müştərək çəkən, sayına görə Rus dövlətinin əsasının ikincisi olan Rusiyanın 30 milyonluq müsəlman əhalisi dəyişikliklərə xüsusi ümid bağlayırdı.

Lakin inqilabın bal ayında işgüzar  və fəal olan Müvəqqəti hökumət iki ay keçməsinə baxmayaraq,  Məclisi Müəssisana seçkilərin keçirilməsi haqqında qanunu qəbul etməyə tələsmirdi. Cəmiyyətdə və Müvəqqəti hökumətin daxilində burjuaziya ilə sosial-demokratların nümayəndələri arasında ziddiyyət yetişməkdə idi. Növbəti nifaqa səbəb Məclisi Müəssisanın çağırılması, qarşıdan gələn seçkilərə hazırlıq  məsələsi oldu. Bolşeviklər  qarşılarına bu seçkilərdə qələbə qazanmaq məqsədi qoymuşdular, lakin başa düşürdülır ki, sosial-demokratik qüvvələrin pərakəndəliyindən  buna nail olmaq asan olmayacaq. Bu səbəbdən bolşeviklər bütün  demokratik qüvvələrin  fəhlə, kəndli və əsgər deputatları sovetləri ətrafında birləşdirmək,  onların burjuaziya ilə ittifaqlarını pozmaq və bütün dövlət hakimiyyətini öz əllərinə almaq  istiqamətində  qızğın  təşviqat aparırdılar. Demokratik-burjua islahatlarının tərəfdarları olan sosial-demokratik qüvvələr (menşeviklər, eserlər, kadetlər) isə Məclisi-Müəssisanın çağırışını səbirsizliklə gözləyir, Rusiyanın və əyalətlərinin müqəddəratlarının həll ediləcəyinə ümid bəsləyirdilər. Eyni ilə Azərbaycanın siyasi elitası da Məclisi-Müəssisana çox ümidlə yanaşır və milli-ərazi muxtariyyatın mümkünlüyünə inanırdı. Lakin cəmiyyətinin həyatının ən zəruri problemlərini həll etmək iqtidarında olmayan Müvəqqəti Hökumət gündən-günə nufuzunu itirirdi, bu vaxt isə Sovetlərin rolu artırdı. Onların lideri və natiqi V.Lenin xalqa sülh, çörək və torpaq  veriləcəyini ucadan  bəyan edirdi.   Bütün bu amillər  1917-ci ilin oktyabr ayında  Petroqradda bolşeviklərə dövlət çevirilişini həyata keçirməyə və hakimiyyəti ələ almağa imkan yaratdı.

Buna baxmayaraq, bütün Zaqafqaziyada olduğu kimi, Azərbaycanda da Məclisi-Müəssisana seçkilər uğurla keçirildi və bolşeviklərin bölgədə nüfuzunun zəif olduğunu aşkarladı.

Məclisi Müəssisanın çağırışı 5 yanvar 1918-ci iltarixinə təyin edilmişdi. 6 yanvar tarixində, səhər saat 7-də Məclisi Müəssisan bolşeviklər və solçu eserlər tərəfindən dağıdıldı. Bu hadisə “Müsavat” partiyasının lideri M.Ə.Rəsulzadənin fikrincə, Rusiya sosial-demokratik qüvvələrinin arasında dərin anlaşılmazlığın və böhranın olduğunu ortaya qoydu. Onların birləşməsi və ümumi gərar qəbul etməsi ümidlərini heçə endirdi. Onun qənaətinə görə, ümid yalnız yerli Məclisi-Müəssisanı çağırmağa qalırdı: «Rusiya millətləri kəndi təqdirlərinin təminini Petroqrad, Moskva və ya sair bir mərkəzdən degil, kəndlərindən gözləməli, hər vilayət və millət qəti surətdə kəndi Məclisi-Müassisanını dəvətə başlamalıdır... ».

“Müsavat” partiyasının Azərbaycanın müqəddəratı ilə bağlı taktikası və strategiyası Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında (15-20 aprel 1917-ci il  –  L.H.)  konkret şəkil aldı. Qurultayda Qafqaz müsəlmanlarına müraciət qəbul olunmuşdu. Sənəddə, o cümlədən,  deyilirdi: “...Ümummüsəlman qurultayının çağırılmasından, milli-siyasi proqramın bəyan edilməsindən çəkinərək, Komitə bununla belə müsəlmanların bir millət kimi maraqlarını təmin edə biləcək idarə üsulu haqqında fikrini açıqlamağı zəruri hesab edir... Belə idarə forması, sözsüz ki,  demokratik respublikadır”.

Müqəddərat məsələsi ətrafında diskussiya bir qədər sonra Moskvada keçirilmiş Qafqaz müsəlmanlarının ikinci qurultayında davam etdirildi. 

Həmin vaxt  “Müsavat” diyarda ən nufuzlu partiya idi. Bunu partiyanın opponentləri də qəbul edirdi. 1918-ci ilin yayında Seymin siyasətinə və Zaqafqaziyada vəziyyətə dair məruzəsində S.Şaumyan göstərirdi: “Əvvəllər zəif siyasi partiya olan, bu inqilab zamanı təşkilatlanan, heç bir təşkilatı, siyasi ənənəsi olmayan, inqilabın başlanğıcında hec bir rol oynamayan “Müsavat”  ikinci ilin əvvəlində  Zaqafqaziyada ən güclü siyasi partiya oldu”.  

Bakıda isə bu vaxt bolşeviklər hökmranlıq edirdilər.  Əhalisinin tərkibinə görə beynəlmiləl  olan şəhərdə  cəbhədən dönən rus əsgərləri yerləşmişdi. Bu faktorlar  bolşeviklərin  hakimiyyəti ələ keçirməklərində böyük rol oynamışdı. “Müsavat” partiyasının Azərbaycanın muxtariyyatı uğrunda apardığı mübarizədən və ölkənin müsəlman əhalisinə artan təsirindən narahat olan Şaumyan başda olmaqla Bakı bolşevikləri, sosial-inqilabçılar (eserlər) və “Daşnaksyutun” partiyasının Bakı komitəsi “Müsavat” partiyasını  orta əsrlərin mürtəce  nümayəndələri olan  ağalar və bəylərin partiyası adlandırır, əhalinin gözündən salmağa çalışırdılar.

Bu arada Zaqafqaziya Seymində birləşən Zaqafqaziya deputatları – azərbaycanlılar, gürcülər və ermənilər bölgənin müstəqillyini həll etməli idilər. Bu məsələdə mövqesini birmənalı şəkildə müəyyən etmiş azərbaycanlı deputatlardan fərqli olaraq son vaxta kimi,  yəni  Məclisi Müəssisan  çağırılanadək siyasi muxtariyyat tələb edən gürcü fedarilistləri və hələ birinci rus inqilabı vaxtından Osmanlı və Qazqaz Ermənistanı üçün muxtariyyat istəyn “Daşnaksyutun” erməni partiyası qərar verməyə tələsmirdilər. Buna səbəb “Zaqafqaziyanı müstəqil, lakin öz təsir dairəsində görmək istəyən” Osmanlı imperiyası idi. ”Zaqafqaziyada müstəqil dövlətin yaranmsına nə tarixi, nə müasir reallıqdan irəli gələn əsaslar yoxdur. Əgər bu nə vaxtsa baş versə, Zaqafqaziyanı böyük fəlakət bürümüş olacaq”, - yazırdı ermənipərəst “Baku” qəzeti. Bolşeviklərin “Bakinski raboçi” qəzeti Zaqafqaziya Seyminin azərbaycanlı deputatlarının  Türkiyə meylli olmasına və diqqəti Osmanlı imperiyasının özünə  yönəltməklə vəziyyəti daha da qızışdırırdı.  Qəzetin fikrincə, Zaqafqaziyanın müstəqilliyinin elan edilməsindən sonra Türkiyənin təcavüzkar siyasəti daha qabarıq özünü büruzə vericəkdir.

Professor hesab edir ki, S.Şaumyan başda olmaqla Bakı Sovetinin  və daşnak qüvvələrinin Bakıda törətdiyi mart qırğını “bolşeviklərin bir zaman bəyan etdikləri xalqların öz müqəddəratını həll etmək hüququna və bütövlükdə Azərbaycana olan münasibətin inikası idi”. Bu fikrə onu əlavə edək ki, mart qırğınının bir səbəbi də “Daşnaksyutun” Erməni inqilabi ittifaqının və onun bolşevik Saumyan kimi gizli tərəfdarlarının özlərinin kinini və  türklərə bəslədikləri nifrətin acığını  türklərlə dili və dini bir azərbaycanlılardan çıxmağın  güclü arzusu idi. 1918-ci ilin martında azərbaycanlıların qırılmasında Bakı Sovetinin və “Daşnaksyutun” partiyasının  birgə iştirakını AKP (b) MK yanında keçmiş Partiya tarixi İnsitutunun “İnqilab və Bakıda vətəndaş müharibəsi”  nəşri də  təsdiq edir. Kitab hadisələrdən az sonra hazırlanmışdı. Onun müəllifi Y.Ratqauzer qanlı hadisələrdə erməni qoşun başçılarının xüsusi amansızlıq göstərdiklərini qeyd edir.

Üç gün ərzində Bakıda 12 min azərbaycanlı qətlə yetirilmişdi. Şəhərdə türkçülüyü  və islamı təcəssüm edən hər şey dağıdılmışdı. Həmin günlər mətbuat bir neçə gün işıq üzü görmədi. Redaksiya və mətbəələrinin binaları yandırıldığından “Kaspi” və “Açıq söz” qəzetləri susmuşdular. Müsəlman xeyriyyə cəmiyyətinin binası “İsmailiyyə” və yeni tikilən “Təzə Pir” məsçidi atəşə tutulmuş və yandırılmışdı. “Naş Qolos” qəzeti yazırdı: “Təzə Pir məsçidinin ətrafı ağır təəssürat yaradır. Məsçid atəşlərdən zərər çəkib. Bu, kütlələrin sadə qəlbində əks olunur. Onları ölənlərdən daha çox müqəddəs yerin təhqir edilməsi narahat edir. Qadınlar, uşaqlar məsçidə  yaxınlaşır və iztirabla  qalıqlara,  atəş dələklərinə baxırlar... Şəhərin yaraşığı olan “İsmailiyyə”nin  binasının çılpaq divarları ürək ağrıdır”.

“Bakı rayonu fəhlə və əsgər deputatları Sovetinin Xəbərləri” həmin qanlı günləri  belə təsvir edirdi: “Baş verdi! Qan sel kimi axdı və qətlə yetirilən adamların meyitləri  bir neçə verst  küçələr boyu uzadılmışdı. Şəhərin döşənmış yolları laxtalanmış qan içindədir, insan beyni tikələri  hər yeri bürüyüb.  Güllələr fit verir, toplar guruldayır, evlər xarabalığa dönüb, insanlar zarıyır, qan axır, və hamını dəhşət, sonsuz dəhşət bürüyüb...”

1918-ci ilin mart hadisələri Azərbaycanın müstəqillik əldə edilməsi məsələsində azərbaycanlı deputatlarının qətiyyətini gücləndirdi. Zaqafqaziya Seymi özünü buraxdıqdan sonra Gürcüstanın ardınca Azərbaycan fraksiyası da Azərbaycanın müstəqilliyini elan etdi. Beləliklə, Azərbaycan Milli Şurası öz tarixi missiyasını yerinə yetirdi. Türkdilli ölkələr öz dövlətçiliklərini dini əsaslar üzərində qurduqları bir zaman Azərbaycan Respublikası öz dövlətçiliyini sivil əsasda quran ilk türk dövləti oldu.

31 MART 1918 İL – AZƏRBAYCANIN İSTİQLALİYYƏTİ UĞRUNDA MÜBARİZƏNİN ACI SƏHİFƏSİ