Siyasi Partiyalar
A+   A-

Siyasi  Partiyalar

1911–ci ildə ciddi konspirasiya şəraitində əsası qoyulan milli-demokratik «Müsavat» partiyası milli hərəkatın yeni dövrünün simvolu və bu hərəkatın rəhbərinə çevirildi. Abbasqulu Kazımzadə, Tağı Nağıoğlu və Məhəmmədəli Rəsulzadə (Rəsuloğlu) ilk partiya özəyinin əsasını qoydular. «Müsavat»ın banilərinin qarşısında partiyanın gizli saxlanılması vəzifəsi qoyulmuşdu və bu vəzifə 1917-ci ilin fevral inqilabına qədər müvəffəqiyyətlə həyata keçirildi. Mətbuat orqanı 1915-ci ildə nəşrə başlayan «Açıq söz» qəzeti idi. Artıq 1918-ci ildə «Müsavat» partiyası yalnız Azərbaycanda deyil, bütün Qafqazda fəal siyasi qüvvələrdən biri hesab olunurdu. 1917–ci il oktyabrın 26-31-də keçirilən partiyanın I qurultayında «Müsavat»ın proqramı qəbul edildi. AR Pİİ SSA–da proqramın nüsxəsi mühafizə edilir. Hətta 1920–ci ilin aprelindən sonra Azərbaycanda siyasi partiyaların qadağan olunduğu və buraxıldığı zaman belə «Müsavat»-ın ideologiyası Azərbaycanın siyasi həyatına təsir göstərməkdə davam edirdi. Bu dövrdə bütün müxalifətçi partiyalar, o cümlədən də «Müsavat» qanundan kənar elan edilmiş, siyasi və fiziki repressiyalara məruz qalmışdılar. 1937-ci ilin repressiyaları ölkə daxidində müsavatçılığa son qoydu. Arxivimizdə «Müsavat» partiyasının sovet dövrünü əks etdirən çoxlu sayda sənədlər vardır: 1921–ci ildə sovet idarələrində işləyən keçmiş Müsavat üzvlərinin siyahıları, Müsavatın regionlardakı özəklərinin fəaliyyəti, mərkəzi İstanbulda olan Müsavat partiyasının xarici bürosunun fəaliyyəti, o cümlədən İrandakı fəaliyyəti, 1920–ci il aprelin 28-dən sonra müsavatçıların İstanbuldakı fəaliyyəti haqqında məlumatlar, Müsavat partiyasının təqib olunması və onun üzvlərinin həbs edilməsi, M.Ə. Rəsulzadənin evində 28 mayın bayram edilməsi haqqında AzFK–nın məlumatı, 1926–cı illərə dair «Müsavat» və «İttihad» partiyalarının fəaliyyəti, 1931–ci ildə yeni qeyri-leqal «Müsavat» mərkəzi komitəsinin yaranması, 1936–cı ildə həbs edilmiş müsavatçıların cinayət işləri, 1937–ci ildə sovet idarələrinin müsavatçılardan təmizlənməsi haqqında.

«İtttihad» - islam ideologiyasına əsaslanan Azərbaycan milli partiyası, 1918-ci ilin yanvarında Bakıda fəaliyyət göstərən «Rusiyada müsəlmanlıq» partiyası ilə Gəncədəki «İttihadi-İslam» cəmiyyətinin birləşməsi nəticəsində yaradılmışdır. 1918-ci ilin may ayının 28-də Azərbaycanın müstəqilliyi elan edildikdən sonra partiyada böyük çanlanma baş verdi. Həkim Qarabəy Qarabəyovun səyləri nəticəsində «İttihad»  nüfuzlu partiyaya, Azərbaycan Parlamentinin «Musavat»-dan sonra ən böyük fraksiyasına çevrildi. Partiyanın Rus və Azərbaycan dillərində «İttihad» adlı qəzeti çap olunurdu. «İttihad»ın fəaliyyəti Azərbaycanda Sovet hakimiyyəti bərqərar olduqdan sonra dayandırıldı. Partiyanın bir çox üzvü mühacirətə getdi. 1929-cu ildə 474 «İttihad»-çı qəza orqanları tərəfindən həbs edilmiş, onların bir qismi uzaq Şimala sürgün olunmuşdu. AR Pİİ SSA–da partiyanın fəaliyyətini işıqlandıran və 1920-1930-cu illərdə hakimiyyət orqanlarının cəza tədbirləri haqqında sənədlər saxlanılır. Bunlar: «İttihad» partiyasının fəaliyyəti haqqında AzFK-nın məlumatları (1926–cı il), vaxtilə «İttihad» partiyasının üzvü olduqları üçün AK(b)P-dən xaric olunmuş keçmiş kommunistlərin işləridir (1928–ci il).

AR Pİİ SSA–da daha bir milli partiya 1905–ci ildə ilk dəfə Azərbaycanın siyasi meydanına çıxan «Qeyrət» milli sosial–federalist partiya haqqında da məlumatlar saxlanılır. Partiyaya Ə. Rəfibəyov, Ə. Xasməmmədov, A. Quliyev başçılıq edirdilər. (bax. f. 276, siy. 8, iş 170).

Əhali arasında kifayət qədər güclü dəstək qazanan Azərbaycan milli «Difai» partiyasının yaradılması 1906–cı ilin ortalarına aiddir. Əsasını Əhməd bəy Ağayev qoymuşdur. Erməni terrorçularına qarşı müqavimət göstərməyi bacaran, mübariz müsəlman təşkilatının yaradılması haqqında qərar, Qafqazın canişini qraf İ.İ. Voronsov–Daşkovun təşəbbüsü ilə 1906–ci ilin fevralın 20-dən martın 6-dək Tiflisdə keçirilən erməni–Azərbaycan qurultayından sonra qərara alındı. Azərbaycan nümayəndələri münaqişəni qızışdırmaqda və fəallaşdırmaqda, ilk növbədə erməni təşkilatları «Daşnaqsütün» partiyası (onların silahlanmasına göz yuman çar hökuməti) başda olmaqla günahkarlandırırdı. Arxivimizin mühafizəxanalarında bu partiya haqqında məlumat almaq olar.

«Müdafiə» - 1907-1909–cu illərdə Azərbaycanda milli terror yönümlü partiya. 1907-ci ilin mayında Tiflisdə yaranmışdı. Partiyaya polkovnik İbrahim Vəkilov rəhbərlik edirdi. Təşkilatın fəaliyyət dairəsi Yelizavetpol quberniyasının qərbini, əsasən, Qazax qəzasını və Tiflis quberniyasının bir sıra qəzalarını əhatə edirdi. Partiyanın yaradılması və fəaliyyətə başlaması haqqında məlumatları arxivdə qorunan sənədlərdən almaq olar.

«Hümmət» - Azərbaycanda ilk milli sosial-demokrat təşkilatı. 1904–cü ilin oktyabr ayında Bakıda fəaliyyətə başlayıb. Təşkilat bir qrup Azərbaycanlı demokrat ziyalının təşəbbüsü ilə yaranmışdı. Onların arasında S.M. Əfəndiyev, Əhməd bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə, N. Nərimanov, M. Əzizbəyov, Mir Əsədulla Mirqasımov, Məhəmmədəli Rəsulzadə (Rəsuloğlu), İsa bəy Aşurbəyov, Qara bəy Qarabəyov, M. Axundov, M.H. Hacınski, Mir Həsən Mövsümov və b. var idi. «Hümmət» formal olaraq Rusiya Sosial-Demokrat Fəhlə partiyasının (RSDFP) Bakı Komitəsinin şöbəsi kimi yaransa da, əslində müstəqil fəaliyyət göstərirdi. 1917-ci ilin martında, Rusiyada Fevral inqilabından sonra təşkilat RSDF(b)P-nin Bakı komitəsi ilə birləşib «Hümmət» adının saxlanmasına qərar verdi. AR Pİİ SSA–nın müxtəlif fondlarında bu partiyanın və onun rəhbərlərinin təkcə Azərbaycanda deyil, həm də bütün Qafqazda fəaliyyətini əks etdirən çoxlu sayda müxtəlif materiallar mühafizə olunur. Bunlar – «Hümmət» partiyasının Tiflis şöbəsinin (menşevik qolu) proqramı, onun müraciətnaməsi, «Hümmət» partiyası üzvlərinin siyahısı, partiya iclaslarının protokolları, «Hümmət» partiyasının fəaliyyəti və onun mətbuat orqanı haqqında, irtica dövründə partiyanın fəaliyyəti haqqında, Zaqafqaziya Seymində «Hümmət» fraksiyasının sənədləri, 1919–cu il  III partiya konfransının protokol qeydləridir.

«Ədalət» - inqilabi fəhlə təşkilatı. 1914-cü ildə fəaliyyətə başlamış, 1916-cı ildə təşkilat kimi formalaşmışdı. Rəsmi yaranma tarixi Bəhram Ağayevin başçılıq etdiyi bir qrup iranlı (əsasən Cənubi azərbaycanlı) fəhlənin 1917-ci il sayılır. Cənubi Azərbaycanda müntəzəm surətdə fəal inqilabi iş aparırdı. 1917-ci ildən Azərbaycan və Fars dillərində «Bayraqi-ədalət» adlı jurnal nəşr edirdi. 1917-1918-ci illərdə Cənubi Azərbaycan fəhlələri silahlı dəstə təşkil etdi. Həmin dəstə 1918 ilin mart soyqırımı zamanı mədən-zavod rayonlarında asayişə nəzarət edir, burada qırğın düşməsinin qarşısını alırdı. 1919-cu ildən Rusiya Kommunist (bolşeviklər) Partiyası (RK(b)P) Bakı komitəsi və «Hümmət»lə daha sıx əməkdaşlıq edirdilər. Partiyanın Mərkəzi Komitəsinə B. Ağayev, S. Cavadzadə (Pişəvari), R. Kərimov və başqaları daxil idilər. Partiyanın Bakıdan əlavə Gəncədə, Lənkəranda, Astarada və Tiflisdə də komitələri var idi. AK(b)P-nın I qurultayında MK-ya «Ədalət»dən K. Ağazadə, D. Bünyadzadə, Ə. Qarayev, A. Yusifzadə daxil oldular.  AR Pİİ SSA–da mühafizə edilən fond 11-də  «Ədalət» partiyasının fəaliyyəti işıqlandırılır.

Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (bolşeviklər) Bakı təşkilatı (RSDFP(b)- tərkibi, əsasən, qeyri Azərbaycanlı millətlərin nümayənədələrindən ibarət olan 1901-ci ilin yazında RSDFP-nın Bakı komitəsi yaradıldı. 1903-ci ildə RSDFP bolşevik və menşeviklərə parçalandı. 1917-ci il Oktyabr çevrilişindən sonra Bakı bolşevikləri Bakı sovetinə seçkilər keçirildi və Şaumyan Bakı Sovetinin sədri seçildi. Bakı Sovetinin 1918-ci ilin iyuluna qədərki hakimiyyəti dövründə Şaumyanın başçılığı ilə Azərbaycan xalqına qarşı soyqırım törədildi. Mart soyqırımından sonra Bakı Sovetinin şəhərdə və bölgələrdə hakimiyyəti gücləndi. Bolşeviklərin 1918-1919-cu illərdəki fəaliyyəti, əsasən, Bakı Fəhlə Konfransı çərçivəsində gedirdi. 1920-ci ilin əvvəllərində Bakı kommunistləri Rusiyadan göstəriş və dəstək alaraq, Azərbaycan Xalq Cümhuriyyətini devirmək üçün tədbirlərin həyata keçirilməsi ilə məşğul idilər. 1920-ci ilin fevralın 11-12-də bolşeviklər «Hümmət»in və «Ədalət»in üzvlərini özlərinə qatmaqla Azərbaycan Kommunist (bolşeviklər) Partiyasını yaratdılar.


Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (menşeviklər) Bakı təşkilatı fəaliyyətə 1901-ci ilin yazında başlamışdı. 1920-ci il aprel işğalından sonra bolşeviklər bütün sosialist partiyalarını, o cümlədən menşeviklərin təşkilatlarını ləğv etdilər. Menşeviklərin bir hissəsi Kommunist partiyasının sıralarına daxil oldu, digər qismi isə gizli fəaliyyətə keçdi və sonralar repressiyalara məruz qaldılar. AR Pİİ SSA-nın əksər fondlarında mühafizə edilən sənədlər bu partiyalara aiddir: fond 276-nın siyahıları, 303 (Bakı komissarları), 5 (Şaumyan), 11 (İran Kommunist Partiyası), 609 (Nəriman Nərimanov kolleksiyası) və Azərbaycan Kommunist Partiyasına (fond 1) aid sənədlər.

Azərbaycan Kommunist (bolşeviklər) Partiyası (AK(b)P) – Rusiya Kommunist (bolşeviklər) Partiyasının rəhbərliyi altında fəaliyyət göstərən və onun proqram vəzifələrini Şimali Azərbaycanda həyata keçirən siyasi təşkilat. 1920-ci ilin fevralın 11-12-də partiyanın birinci təsis qurultayında yaradılmış («Hümmət», «Ədalət» partiyaları və AK(b)P Bakı komitəsinin birləşməsi əsasında), XIX qurultayından (1952-ci ilin sentyabrından) sonra Azərbaycan Kommunist Partiyası adı altında fəaliyyət göstərmiş, 1991-ci ildə özünü buraxmışdır. Partiyanın rəhbər özəyi uzun müddət, əsasən, qeyri-azərbaycanlılardan, xüsusən ermənilərdən, gürcülərdən və ruslardan ibarət olmuşdur. AK(b)P 1920-ci il aprel işğalının hazırlanması və həyata keçirilməsində, Azərbaycan Xalq Cumhuriyyətinin devrilməsində və XI Qızıl Ordunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı qırğınlarda fəal rol oynadı. Aprel işğalından sonra AK(b)P respublikada yeganə hakim partiya oldu.

Eserlər (sosialist inqilabçılar) Bakıda eserlərin ilk dərnəyi 1903-cü ildə fəaliyyətə başlamışdı. Mətbuat orqanları «Kavkazskoe slovo» qəzeti idi. 1904-1907-ci illərdə Şuşa, Yelizavetpol və Zaqatalada da eser təşkilatları yaradıldı. Eserlərin əsas mübarizə üsulu fərdi terror idi. Eserlərin proqramında milli məsələyə xüsusi əhəmiyyət verilirdi. Bakı eserlərinin təşəbbüsü ilə 1905-ci ildə «İttifaq» (bu partiyanın liderləri R. Şərifzadə, M. Cuvarlinski, R. Məlikov idilər) və 1906-cı ildə isə «Əş-Şəms» adlı milli sosialist inqilabçılar təşkilatları yaradılmışdır. 1913-cü ilin yazında Bakı eserlərinin təşkilatı polis tərəfindən ləğv etdi. Partiya üzvlərinin müharibəyə qarşı çıxan qanadı 1917-ci ildən sonra meydana çıxmış sol eserlər təşkilatının əsasını qoydu. Onların lideri Mir Həsən Vəzirov, mətbuat orqanı isə «Əkinçi» qəzeti idi. 1918-ci il mart soyqırımı zamanı eserlər bütünlüklə bolşeviklərin tərəfində çıxış etdilər. Eserlər Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində iştirakdan imtina etdilər. Eserlərin yalnız Azərbaycanlılardan ibarət «Xalqçı» partiyasının nümayəndələri parlamentdə təmsil olundular. Sol eserlər «Hümmət» və «Ədalət» partiyaları ilə birlikdə 1920-ci ilin fevralında Azərbaycan Kommunist Partiyasının təməlini qoydular. Lakin sovet hakimiyyəti qurulandan sonra həm sağ, həm də sol eserlər yeni hökümət tərəfindən təqiblərə məruz qalıb, qeyri-leqal işə keçməyə məcbur oldular. 1922-ci ildə Bakıda eserlərə qarşı məhkəmə prosesi başladı. Onların bir hissəsi sovet hakimiyyətinə qarşı fəaliyyətdə təqsirləndirilərək güllələndi, digər hissəsi isə sürgün edildi. AR Pİİ SSA-nın fondlarında bu partiyanın çoxsaylı sənədləri mühafizə olunur: eserlərin proqramları və nizamnaməsi, yığıncaq və iclaslarının protokolları, müxtəlif vərəqələr və s.

XIX əsrin axırı - XX əsrin əvvəllərində Transqafqazda, xüsusilə Azərbaycanda yaranan milli partiyalar arasında milliyyətçi erməni partiyaları da fəaliyyət göstərirdi. Erməni millətçiliyinin tipik təcəssümü özünü məşhur «Daşnaksütun» partiyasının acınacaqlı fəaliyyətində tapdı.

«Daşnaksütun» («İttifaq») – millətçi-terrorçu erməni partiyası 1890-cı ildə Tiflisdə yaranmışdır. Liderləri S. Zavaryan, S. Zoryan, X. Mikaelyan və b. idi. Partiyanın mətbuat orqanı 1891-ci ildən Cenevrədə çıxan «Droşak» («Bayraq») qəzeti idi. Bizim arxivdə bu partiyanın fəaliyyətinə dair müxtəlif mərhələlərdə milliyyətçi və terrorçu xüsusiyyətini əks etdirən böyük sənəd toplusu qorunur: nizamnamə, partiyanın proqramı, Daşnaksütunun iclas protokolları, onun təşkilatçıları və əsas liderləri, 1905–ci ildə bu partiyanın erməni-Azərbaycan millətlərarası münaqişəsi ilə bağlı vərəqələri, Daşnaksütunun fəaliyyəti haqqında, partiya üzvlərinin fəaliyyəti haqqında agentura məlumatları, bu partiyanın silah ambarları və s. «Hnçak» («Zəng») – erməni millətçi partiyası. Sosial–demokratik rola iddialı olub 1877–ci ildə yaradılmışdır. Bu partiyanın əsas məqsədi dırnaqarası Qərb, yaxud Türk Ermənistanının azad edilməsi və Osmanlı imperiyasının ərazisində erməni dövlətinin yaradılması idi. «Hnçak»ın Bakı təşkilatı XIX əsrin 90-cı illərinin əvvəllərində X.S. Melik-Ağamiryan tərəfindən yaradılmışdı. Sonralar onun başçısı H. Hovanesyan oldu. AR Pİİ SSA–nın müxtəlif fondlarında bu partiyanın fəaliyyətini əks etdirən: nizamnamə, proqramm və iclas protokolları, vərəqələr, Qnçaq partiyasının dövri mətbuatının siyahısı və partiyanın müxtəlif sənədləri qorunur.

Bundan başqa erməni demokratik partiyası haqqında məlumatlar vardır. AR Pİİ SSA–da Azərbaycanda fəaliyyət göstərən  digər milli partiyalardan Yəhudi sosial–demokrat fəhlə partiyası «Poaley–Sion», «Bund» yəhudi ittifaqı, kadetlər, anarxistlər və d. haqqında da məlumatlar tapmaq olar. 

   3651 dəfə baxılıb