Azərbaycanda Alman Koloniyaları
A+   A-

Azərbaycanda alman koloniyalarının yaranması tarixi XIX əsrin əvvəllərindən başlayır. XYIII əsrin sonu XIX əsrin əvvələrində Rusiya imperiyası Qafqaz uğrunda açıq mübarizəyə başlayır, və bölgədə dominantlığı ələ keçirmək məqsədi ilə, XIX əsrin birinci otuzilliyində Azərbaycan torpaqlarına təcavüz edir. İşğal prosesi boyu müsəlman ölkəsində özünün siyasi hakimiyyətinin dayaqlarını möhkəmlətmək və xristian elementini Azərbaycan əhalisinin etnokonfessional nomenklaturasına gətirmək məqsədini əsas götürən Rusiya imperiyası xristian etnosları ölkədə yerləşdirməyə başlayır. Birinci olaraq Azərbaycan torpaqlarına almanlar köçürülürlər. Məhs bu dövrdə almanların Cənubi Qafqaza, o cümlədən Azərbaycana köçürülməsi nəticəsində ilk alman koloniyaların təməli qoyulur. Bu faktlar Arxivin müxtəlif fondlarında saxlanılan sənədlərdə öz əksini tapır.

XIX əsrin əvvələrindən etibarən Azərbaycan torpaqlarının işğalına başlamış Rusiya imperiyası 1804-cü ilin əvvələrində Gəncə xanlığını ləğv etmiş və  yeni inzibati qurum - Yelizavetpol dairəsi yaratmışdı. 1819-cu ilin yazında Yelizavetpol dairəsində iki alman koloniyası yaradılmışdı: Yelenendorf və Annenfeld. Arxivdə Gəncə dairəsində alman koloniyalarının yaradılması və inkişafı  haqqında müxtəlif sənədlər saxlanılır.

XIX əsrin ikinci yarısında Azərbaycanda alman koloniyalarının inkişafının ikinci mərhələsi başlayır: iqtisadi inkişaf və çiçəklənmə. Alman kolonistləri əsasən kənd təsərrufatı ilə məşqul olub. Koloniyalarda gedən iqtisadi inkişaf kolonistlərin say dinamikasını yüksələn xəttə aparır və yeni koloniyalar meydana gəlir. Nətıcədə XX əsrin əvvəllərində Azərbaycanda alman koloniyalarının artması müşahidə olunur və onların sayı səkkizə çatır. Arxivdə alman koloniyalarını müxtəlif istiqamətlərdə inkişafı ilə yanaşı, kənd təsərrufatı sahəsində inkişafı haqqında da bir çox sənədlər mövcuddur.

XX əsrin əvvələrində baş vermiş Birinci dünya müharibəsi almanların sabit və sakit həyatlarına təsir etdi. Həmin illərdə Almaniya ilə  hərbi qarşıdurmaya gələn Rusiya alman əhalisinə qarşı ləğvetmə qanunları qəbul etmiş və almanları imperiyanın qərb quberniyalarından deportasiya etmiş. Qafqazda o cümlədən Azərbaycanda yaşayan kolonistləri isə deportasiya təhlükəsindən Fevral inqilabı qurtarmışdı. Sonrakı illərdə, xüsusən də AXC dövründə, almanlar nisbətən içtimai-siyasi aktivlik göstərirmiş. AXC-nin yaranan və fəaliyyətə başladığı dövrdən AXC Parlamentində almanları L.Y.Kun təmsil etmişdi.

Ölkədə sovet hakimiyyəti qurulandan sonra, bolşevik rejiminin bütün qaydaları: dinə qarşı təbliğat, repressiyalar və bu kimi hallar alman koloniyalarına da qarşı tətbiq edilirdi. Arxivdə AK(b)P təşviqat və təbliğat şöbəsi nəzdində alman seksiyasının hesabatları, yazışmaları, protokolları da saxlanılır.  Arxivdə alman koloniyalarında  aparılan kollektivləşdirilmə haqqında sənədlər və Elenendorf Kənd Sovetinın fəaliyyəti haqqında sənədli məlumatlar, habelə AK(b)P katibi – M.C.Bağırovun Telman adına kolxozun komsomol katibi – R.Kriqer  ilə 17 fevral 1936-cı il müsahibəsinin qeydləri də mövcuddur.

Təhsil sahəsinə ciddi fikir verən alman kolonistləri yaşadığı ərazilərdə öz övladları üçün məktəblər tikmiş, və sovet dövründə burada orta ixtisas təhsil ocağı da açılmışdı. Ali təhsil almaq istəyənlər isə respublikanın paytaxtında yerləşən təhsil ocağlarına üz tuturdular. Arxiv sənədləri arasında Azərbaycan SSR-nın alman koloniyalarında təhsil sahəsində olan vəziyyət haqqında sənədlər saxlanılır.

Almanlar məskan saldıqları yerlərdə  mədəni mərkəzlər, qəzetlər və klublar da açırdılar. Almanların yerli əhali ilə sıx mədəni əlaqələrinə baxmayaraq, onlar öz etnik xüsusiyyətlərini qoruyub saxlamışdılar. Arxivdə bu mövzuya dair bir sıra sənədlər saxlanılır: alman fəhlə klublarının fəaliyyəti haqqında, alman koloniyalarıda yaşıyan alman gənçləri arasında aparılan iş haqqında.(1936-cı il)

Lakin almanların Azərbaycanda və ümumiyyətlə SSRİ-nin mərkəzi ərazilərində məskunlaşdıqları yerlərdə onların sabit həyat tərzinə 1941-ci ildə başlayan Böyük Vətən müharibəsi son qoydu. 11 oktyabr 1941-ci il 001487 saylı SSRİ Daxili İşlər Xalq Komissarı L.Beriyanın imzası ilə olan sərəncama əsasən Gürcüstan, Azərbaycan və Ermənistan SSR-da yaşayan almanların deportasiyasına başlandı. Bu sərəncama əsasən güc strukturları almanları  Qazaxstan və Sibirə sürgün etdilər. Deportasiya zamanı sərt həyat şəraiti bir çox almanların həyatına son qoydu. Qeyd olunan tarixi faktlar arxivdə mühafizə olunan sənədlər də öz əksini tapır.
   2550 dəfə baxılıb