Azərbaycanda Repressiyalar
A+   A-

XI Qızıl Ordunun İnqilabi Hərbi Şurası və Azərbaycanın yeni Sovet hökuməti öz fəaliyyətinin ikinci günündən «Müsavat» və «İttihad» partiyalarının rəhbərləri ilə sovet hakimiyyəti əməkdaşlıq haqqında müqavilə bağladı. Lakin bu müqavilə tezliklə XI Ordunun Xüsusi Şöbəsi tərəfindən pozuldu. Bu şöbə və onun ardınca ÇK ( fövqəladə komissiya) kütləvi həbslər aparmağa başladı. Lenin və Trotski tərəfindən yaradılan həbs düşərgələri az vaxtda Azərbaycanın ziyalı nümayəndələri hesabına dolduruldu. Bu, qanunsuz cəza tədbirlərinə məruz qalan həmvətənlərimizin birinci axını idi. AR Pİİ SPİHDA-nın arxiv fondlarında bu barədə minlərlə sənədlər saxlanılır, onların arasında 1930-1931-ci illərdə dustaqların Baş Siyasi İdarəsinin Türkmənistandakı həbs düşərgəsinə yola salınması haqqında məlumatlar, 1926-1928-ci illərdə Azərbaycanın xaricinə köçürülən bəylər, mülkədarlar və xanlar haqqında məlumatlar, 1930-cu illdə Azərbaycandan Orta Asiyaya göndərilən siyasi dustaqlar haqqında məlumatlar, həbs edilmiş müsavatçıların işləri üzrə istintaq materialları, müsavatçılar və daşnakların üzərində açıq məhkəmənin təşkili haqqında sənədlər, Müsavat partiyasının və onun üzvlərinin təqib edilməsi haqqında, 1921-ci ildə «Azərbaycan Milli müdafiə firqəsi» partiyasının fəalları haqqında AzFK-nın ittihamnaməsi və onların güllələnməsinə dair sənədlər mühafizə olunur.

Repressiyaların ikinci, daha güclü dalğası isə 1920-ci  illərə düşür. Kəndlilərin Sovet hakimiyyətinə müqaviməti əvvəlcə çoxlu kəndli ailələrinin antisovet elementlər kimi Sibirə və Uzaq Şimala sürgün etməklə qırılırdı. Sonralar, 1920-ci illərin sonları və 1930-cu illərin əvvəllərində kollektivləşmə illərində ortabab kəndlilərin də (qolçomaq adı ilə) bir sinif kimi ləğv edilməsinə başlandı. Yaradılan Üçlüklər Naxçıvan, Qarabağ, Şəki, Zaqatala, Quba, Lənkəran, Abşeron və s. yerlərin minlərlə sakinlərini güllələnməyə məhkum edir, sürgünə göndərirdilər. Bu barədə də bizim arxivdə xeyli miqdarda arxiv sənədləri qorunub saxlanmaqdadır, məsələn, 1929-1930-cu illərdə Azərbaycanın rayonlarında qolçomaqlıqla mübarizə və onların respublikanın hüdudlarından kənara köçürülməsi haqqında materiallar.

Azərbaycan xalqının həqiqi faciəsi isə 1936–cı ildən başlandı. Xalq əleyhinə, xüsusilə ziyalılar əleyhinə cəza tədbirləri 1937-38-ci illərdə daha da amansızlaşdı. Bu, ümumittifaq cəza tədbirlərinin bir hissəsi idi. Müsəlman respublikalarında kütləvi cəza işlərinin saxtalaşdırılmasında millətçilik və pantürkizm əsas ittihamlardan biri idi. Azərbaycanda bu cür ittihamlarlar Azərbaycanlılara qarşı törədilirdi. Təxminən 70-80 min Azərbaycan ziyalı nümayəndəsi – alim, yazıçı, artist, müəllim, gənc, din xadimi, Sovet və partiya idarəsi əməkdaşı, hərbçi – bütün düşünən beyinlər, qeyri-adi təfəkkür sahibləri məhv edildilər. Bu faciəli və qanlı hadisələr AR Pİİ SPİHDA-nın ayrı-ayrı fondlarında saxlanılan minlərlə sənədlərində öz əksini tapmışdır: əksinqilabi partiyaların fəaliyyətində iştiraklarına görə kommunist partiyasının sıralarından çıxarılmaları haqqında, 1937-ci ildə müəssisələrdə, mədənlərdə, fabrik və zavodlarda əksinqilabi və ziyankarlıq fəaliyyəti haqqında, 1933-cü ildə AzFK-nın repressiya olanların sayı haqqında məlumatları və hesabatları, 1937-ci ildə ali təhsil ocaqlarının və elmi müəssisələrinin sıralarının təmizlənməsi haqqında materiallar və millət xainlərinin aşkara çıxarılmasına dair məlumat vərəqələri.

   1378 dəfə baxılıb