Antisovet üsyanları
A+   A-

Antisovet  üsyanları

1920-ci ilin aprelin 28-də Azərbaycanın XI Qızıl Ordu hissələri tərəfindən işğal olunması və Sovet hökumətinin yaradılması müstəqillik dövrünə qədərki ədəbiyyatda təqdim edildiyi kimi sülh və əmin–amanlıq şəraitində keçməmişdi. RSFSR və daşnaq Ermənistanı arasında danışıqlarda  Azərbaycanın bəzi ərazilərinin mübahisəli elan edilməsi, XI Qızıl ordunun xüsusi şöbəsi və Fövqəladə Komissiya (FK) tərəfindən həyata keçirilən kütləvi müsadirələr, ərzağın və malların zorakılıqla müsadirə edilməsi, FK komandanlığının özbaşınalıqları və bir çox buna bənzər hadisələr Azərbaycanda antisovet çıxışlara səbəb oldu.

Antisovet üsyanlarının təşəbbüskarları Gəncədəki milli qüvvələr oldu. Onlar Sovet hakimiyyətinin ilk ayında Qızıl Ordu hissələrinə qarşı silahlı çıxışlara başladılar. 1800 nəfərlik Gəncə qarnizonu mayın 28-dən 29-na keçən gecə üsyan qaldırıldı. Üsyançıların arasında görkəmli ictimai-siyasi xadimlər var idi: general-mayor Məmməd Mirzə Qacar, general-mayor Cavad bəy Şıxlinski, polkovnik Cahangir bəy Kazımbəyov qətlə yetirildilər. Həbs edilmiş məşhur generallar Ə. Şıxlinski və S. Mehmandarov N. Nərimanovun təkidi sayəsində azad edildilər. Gəncədə  üsyanı yatırılmasından sonrakı vəziyyət haqqında, Gəncə üsyanı iştirakçılarının həbs edilməsi, Gəncə üsyanının nəticələrinin aradan qaldırılması haqqında AzFK-nın məlumatları, 1922-ci il Gəncə üsyanı haqqında (f.1. siy.1) işlər AR Pİİ SSA-da mühafizə edilir.

Digər silahlı iğtişaş Qarabağda türk generalı Nuru Paşanın rəhbərliyi ilə başlayan üsyan Şuşa, Ağdam, Bərdəni əhatə etmişdi. Üsyanda Azərbaycan piyada polku və yerli bəylərin silahlı dəstələri iştirak etmişdilər. Bu üsyan XI Qızıl ordunun hissələri 1920-ci ilin iyunun 15-də tamamilə yatırılmışdır. Lakin üsyanlar dalğası artıq ölkəni bürümüşdür Qarabağ üsyanının yatırıldığı vaxt Zaqatala, Lənkəran, Qubadlı, Cavad, Cavanşir, Səlyan və digər qəzalardakı antisovet üsyanları Arxivin bir sıra işlərində öz əksini tapıb, məsələn: Bu hadisələr Arxivimizin bir sıra sənədlərində öz əksini tapıb, məsələn: Qazax qəzasında üsyanın  qarşısının alınma tədbirləri haqqında, Şuşa qəzasında üsyan ehtimalı haqqında, Lənkəran qəzasında vəziyyətin kəskinləşməsi haqqında, Zaqatala vilayətindəki üsyanlar haqqında məlumat vərəqələri, Cavad, Cavanşir, Səlyan qəzalarındakı iğtişaşlar və əksinqilabçı çıxışlar haqqında məlumatlar, Qubadlı qəzasında üsyanlar, həmçinin Zəngəzur və Zəngilan qəzalarında daşnaqların fəaliyyəti haqqında AzFK-nın məlumatlar (fond 1,siy.1).   

   1967 dəfə baxılıb