Azərbaycana qarşı yürüdükləri soyqırımı siyasəti
A+   A-

Rusiya-İran müharibələri (1804-1813; 1826-1828) nəticəsində bağlanmış Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən və Rusiya-Türkiyə müharibəsini ( 1828-1829) başa çatdıran Ədirnə sülhünə (1829) görə, çar Rusiyası Cənubi Qafqazın şimal hissəsində xristian əhalini yerləşdirməklə, yeni inzibati ərazi vahidi yaratmaq və gələcəkdə İran və Türkiyə tərəfdən gözlənilə bilən təhlükəni aradan qaldırmaq barədə planını gerçəkləşdirməyə başladı. Bu məqsədlə çarizmin müttəfiqi olan ermənilər kütləvi şəkildə İran və Türkiyədən Şimali Azərbaycan torpaqlarına köçürüldü. Təkcə 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 mindən, Türkiyədən isə 84 mindən çox erməni köçürülərək, Şimali Azərbaycan ərazisində yaradılmış Yelizavetpol və İrəvan quberniyalarının ən münbit torpaqlarında yerləşdirildi. Çar Rusiyasının himayəsi altında 1828-ci ilin martın 21-də «Erməni vilayəti» adlandırılan süni inzibati bölgü yaradıldı; bununla da, azərbaycanlıların tarixi torpaqlarından qovulması siyasətinin bünövrəsi qoyuldu. Mifik «Böyük Ermənistan» ideyaları təbliğ olunmağa başlandı. XIX əsrin ikinci yarısından sonra təşkilatlanmağa başlayan ermənilər Birinci rus inqilabı (1905-1907) dövründə yaranmış şəraitdən istifadə edərək, Azərbaycanlılara qarşı geniş miqyaslı qanlı aksiyalar törətdilər. Ermənilərin 1905-ci ilin fevralında Bakıda başlanan vəhşilikləri bütün Azərbaycanı və indiki Ermənistan adlanan Qərbi Azərbaycan ərazisindəki yaşayış məntəqələrini əhatə etdi; yüzlərlə Azərbaycan kəndi dağıldı, on minlərlə Azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.

1905-1907-ci illərdə öz mənfur məqsədlərinə nail ola bilməyən ermənilər 1914-1918-ci illər Birinci dünya müharibəsindən, Rusiyada 1917-ci il fevral inqilabından və 1917-ci il oktyabr çevrilişindən istifadə edərək sərsəm «Böyük Ermənistan» ideyalarını bolşevik bayrağı altında gerçəkləşdirməyə ciddi səy göstərdilər. 1918-ci ilin martında erməni-daşnak S. Şaumyanın başçılıq etdiyi Bakı Kommunası «əks-inqilabi ünsürlərlə mübarizə» şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən soyqırımı planını həyata keçirməyə başladı. Nəticədə, 1918-ci ilin martın 31-dən aprelin 2-dək təkcə Bakı şəhərində 12 min nəfərdən çox azərbaycanlı ermənilər tərəfindən soyqırımına məruz qaldı. 1917-1918-ci illərdə ermənilər Zəngəzurda 115, Qarabağda 157, Qubada 122, İrəvan quberniyasında 211, Gəncə ətrafında 272, Ağsu, Kürdəmir və Lənkəranda 130 yaşayış məntəqəsinin əhalisini vahşicəsinə qırmış, kəndləri talan edərək yandırmışdılar. 1918-ci il mart soyqırımına dair AR Pİİ SSA-da 277 saylı fondda, siyahı 2-də Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə istintaq Komissiyasının sənədləri saxlanılır ( 7 iş).

Cənubi Qafqazın sovetləşməsindən sonra Azərbaycan xalqına qarşı soyqırımı siyasətini Azərbaycan SSR-in özündə də qəddarlıqla həyata keçirə bilmişdilər. 1920-ci ilin aprelindən 1921-ci ilin avqustunadək Azərbaycan SSR-də rəhbər vəzifələrə soxulmuş ermənilərin əli ilə rəsmi məlumatlara görə daha 48 min nəfər Azərbaycanlı məhv edilmişdi.

1920-1930-cu illərdə Azərbaycanın Zəngəzur qəzası və bir sıra digər əraziləri SSRİ hökumətinin qərarı ilə Ermənistana birləşdirilmişdir. Bu dövrə aid arxivdə bir sıra sənədlər kompleksi saxlanılır. Bunlar: 1920-ci il - Azərbaycanın sərhədində Ermənistan hökuməti tərəfindən törədilən qırğın haqqında, erməni daşnaklarının Qazax qəzasının sərhəd kəndlərinə basqını haqqında; 1921-ci il - Azərbaycanla Ermənistanın sərhədləri haqqında, Şuşada daşnakların fəaliyyəti haqqında, daşnakların Zəngəzur qəzasının sərhədyanı ərazilərində fəaliyyəti haqqında; 1923-cü il - Qarabağın dağlıq hissəsinin muxtar vilayətinə ayrılması haqqında Azərbaycan MİK-in əmri; 1924-cü il - S.M. Kirovun məruzəsində Qarabağ məsələsi; 1936-cı il - Azərbaycan Sənaye İnstitutunda və Azərbaycan Pedaqoji İnstitutunda erməni millətçiliyinin ifadəsi; 1937-ci il - DQMV-da üsyançı dəstələr haqqında.

Ermənilər 1939-1945-ci illər İkinci dünya müharibəsindən sonrakı dövrdə də azərbaycanlılara qarşı deportasiya və soyqırımı siyasətini daha geniş miqyasda davam etdirərək, SSRİ Nazirlər Sovetinin «Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» 1947-ci ilin 23 dekabr tarixli xüsusi qərarının qəbul edilməsinə və 1948-1953-cü illərdə azərbaycanlıların kütləvi sürətdə ( 100 min nəfərdən çox) öz tarixi-etnik torpaqlarından deportasiyasına nail oldular. Bu hadisə AR Pİİ SSA-da aşağıdakı arxiv sənədlərində öz əksini tapıb: Adı yuxarıda çəkilən SSRİ Nazirlər Sovetinin xüsusi qərarı, bu qərarla bağlı stenoqram yazı, Ermənistan SSR DİN-nin Ermənistanın Azərbaycan əhalisi arasında əhval-ruhiyyə haqqında arayışı, həmin əhalinin arasında izahat və təbliğ-təşviq işi haqqında məlumatlar və s. (fond 1, siyahı 33), Kür-Araz ovalığına köçürülənlərin inşaat işlərində dövlət yardım tədbirləri haqqında, Ermənistan SSR-dən köçürülən Azərbaycanlıların MK-ya göndərdikləri şikayət məktubları ( fond 1, siyahı 38)

Erməni millətçiləri 1950-ci illərdən etibarən Azərbaycan xalqına qarşı iyrənc mənəvi təcavüz kampaniyasına başlayaraq, mədəniyyətimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu «sübut etməyə» cəhdlər göstərdilər. Bunun ardınca isə ermənilərin 1987-ci ildən törətdikləri yeni münaqişənin – qondarma Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlı Ermənistandakı tarixi-etnik torpaqlarından qovuldu, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə qatılması haqqında qeyri-konstitusiyon qərar qəbul edildi.

Ermənilərin belə çirkin və alçaq hərəkətlərini AR Pİİ SSA-nın müxtəlif  fondlarında saxlanan və aşağıda adı çəkilən tarixi sənədlər bir daha təsdiq edir: Şuşada gizli erməni dərnəyi haqqında (1898-ci il), erməni əhalisi arasında iğtişaşlar haqqında ( 1903-cü il), ÜK(b)P MK-nın katibi Malenkovun M.C. Bağırov ilə Ermənistan K(b)P MK-nın katibi Arutünovın DQMV-nın Ermənistan SSR-nin  tərkibinə daxil edilməsi təklifi haqqında yazışmaları (1945-ci il), M.C. Bağırovun Marietta Şaginyanın «Sovet Zaqafqaziyası» adlı kitabının zərərli olduğu haqqında ÜK(b)P MK katibi Jdanova məktubu (1947-ci il), 10-cu sinif üçün Erməni ədəbiyyatı tarixi dərsliyində Azərbaycan şairi Xəqani Şirvaninin milli mənsubiyyəti haqqında səhv müddəalar, M.C. Bağırovun erməni qəzetlərində Qarabağa dair iftiraları haqqında Stalina məktubu, «Vokruq sveta» jurnalında Marietta Şaginyanın «Zəngəzur səfəri» məqaləsi (1949-cu il), xaricdə daşnakların antisovet fəaliyyətləri haqqında, M.C. Bağırovun Daşnaksütun partiyasının siyasi fəaliyyəti haqqında Stalina məktubu, DQMV-də antisovet təzahürlər haqqında ( 1952-ci il).
   329 dəfə baxılıb