Birinci Dünya Müharibəsinin başlanmasının 100-illiyinə həsr olunmuş beynəlxalq konfrans
A+   A-

2014-cü ilin 23-24 may tarixində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində  Birinci Dünya Müharibəsinin başlanmasının 100-illiyinə həsr olunmuş “Tarixin qaranlıq səhifələri, keşmişin ibrət dərsləri və gələcəyə çağırış” adlı beynəlxalq konfrans təşkil edilib. Beynəlxalq Bakı konfransının işində Azərbaycan alimləri ilə yanaşı Almaniya, Rusiya, Türkiyə və Fransadan dəvət olunmuş tarixçi-alimlər də iştirak edib. İki gün davam edən elmi forumda Birinci Dünya Müharibəsinin  əsas mərhələlərinə, nəticələrinin öyrənilməsinə, keçmişin səhflərindən ibrət dərslərinin götürülməsinə və s. məsələlərə həsr olunmuş məruzələr dinlənilib.

Birinci Dünya müharibəsindən sonra çoxəsrlik Rusiya, Osmanlı, Almaniya, Avstriya-Macarıstan imperiyaları dağıldı. Bəzi dövlətlər müharibədən zəfərlə çıxdılar, bəzi xalqlar, o cümlədən Azərbaycan xalqı 28 may 1918-ci ildə öz müstəqilliyini elan etdi. Bu müharibənin nəticələri xalqımız üçün müsbət olsa da, biz həmişə sülh tərəfdarı olmuşuq. Sülhü təmin etmək üçün, təhlükələrdən və bəlalardan yaxa qurtarmaq üçün isə, hazırki dövrdə müharibəyə yeni baxış tələb olunur. Belə baxışı Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyev bu ilin 24-25 aprelində Praqada keçirilən Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Sammitində öz çıxışında bir daha bütün dünyaya bəyan etmişdir: “Azərbaycan sülh istəyir”, “Biz hər cür müharibənin əleyhinəyik!”.

Məhz sülh naminə elmi diskussiyalara, elmi təcrübə mübadiləsinə, yeni fikir və konsepsiyaların formalaşmasına həsr olunmuş beynəlxalq Bakı konfransında tarixçi alimlər, siyasətçilər və digər ziyalılar tarixin qaranlıq səhifələrini araşdıracaq, bu vaxta qədər öyrənilməyən bəzi məsələlərə aydınlıq gətirməyə çalışdılar.

Arxivin foyesində qurulan stendlərdə dövrün hadisələrini əks etdirən nadir sənədlər və şəkillər nümayiş olunub. Elmi konfransın materialları toplu şəklində nəşr olunaraq, konfrans iştirakçılarına və ictimaiyyətə çatdırılıb.
   2226 dəfə baxılıb