“XOCALI”- UNUDULMAYAN DƏRDİMİZ
A+   A-

“XOCALI”- UNUDULMAYAN DƏRDİMİZ

Hər il 26 fevralı biz ürək ağrısı ilə qarşılayırıq.  Tarixən gözləri hər zaman bizim torpaqlarımızda olan işğalçı ermənilər,  tədricən yurd-yuvalarımızı zəbt edərək özləri üçün "dövlət" yaratmışlar. Gözləri heç vaxt heç nədən doymayan bu əcayib xislətli adamlar (insan sözü hər kəs üçün yaxşı mənada işlədilir) illərlə çəkdikləri iyrənc planlarını həyata keçirmək üçün min cür məkrə, hiyləyə əl atırlar.

1987-ci ildən yenidən torpaq zəbt etmək həvəsinə düşən mənfur qonşularımız həmişəki planları üzrə yenə də azərbaycanlıların soyqırımını həyata keçirmək üçün 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qəflətən hücuma keçdilər və  Xocalıda misli görünməyən vəhşilik törətdilər.

1992-ci ilin yanvarından erməni qəsbkarlarının silahlı dəstələri bir-bir Qarabağın azərbaycanlılar yaşayan kəndlərini tuturdular. Əvvəlcədən hazırlanmış plan əsasında kütləvi qırğınlar törədilirdi. Şəhər od tutub yanırdı. Hər kəs başının hayında idi. Qaçmaq istəyən əhalinin çoxunu aldadaraq  Naxçıvani kəndinə qaçırırdılar. Orada hazır dayanmış silahlı erməni cəlladdları gələn insanları güllələyir, aman vermədən məhv edirdi. Hətta öldürdükləri insanların meydlərini təhqir edərək eybəcər hala salırdılar. Növbəti hücumu Xocalıya planlaşdıran qaniçənlər nəhayət məqsədlərinə çatmaq üçün fevral ayını gözləməli oldular və  qəflətən  Xocalıya hücum edərək dəhşətli bir façiə törətdilər. İnsanlığa sığmayan bu soyqırımı görənlərin bir an da olsa gözləri önündən o gecə çəkilməyir. Şirin yuxuda olan körpələr, xəstələr, qocalar, bir sözlə hamı gözlənilməz hücumda həyatlarını itirməli oldular. Qaçan qaça bildisə, qaçdı, amma necə? Yarıçılpaq vəziyyətdə şaxtalı qış gecəsində qaçanların çoxu meşələrdə, yollarda donaraq öldülər, bir neçə nəfər isə əllərini, ayaqlarını donvurmadan itirdi. Bu hərbi təcavüz zamanı 613 nəfər bir neçə saatın ərzində qətlə yetirildi ki, bunların da 106-sı qadın, 63-ü uşaq, 70-i isə qoca idi. Törədilən bu soyqırımda  8 ailə tamailə məhv edilmiş, 25 uşaq hər iki valideynini  itirmiş, 130-uşaq isə valideynlərindən birini itirmişdir. 1275 nəfər Xocalı sakini girov aparılmışdır ki, onların da 150 nəfərinin taleyi hələ də məlum deyil. 487 nəfər dinc Xocalı sakini ağır yaralanmışdır.

Xocalılar gözlənilməyən hücumdan çaşbaş qalaraq hətta hansı tərəfə qaçmaq lazım gəldiyini belə unutdular. Cəlladlar isə kimsəyə aman vermək istəmirdilər. Evlərə soxulan qaniçənlər adamları güllələyir, evlərə  isə od vururdular. 

Erməni qəsbkarlarının 1987-ci ildən yenidən başladıqları torpaq iddiaları torpaqlarımızın 20% -nin işğal edilməsinə gətirib çıxardı. Təcavüzkar ermənilərin başladıqları Qarabaq müharibəs  20.000 vətəndaşımızın həlak olmasına və 50.000 nəfərdən çox vətəndaşımızın isə yaralanmasına və əlil olmasına səbəb oldu.

 Xocalı faciəsindən 23 il keçir.

Bütün Türk dünyasının faciəsi olan bu görünməmiş qətliam illərdir dünyanın demək olar ki, bütün ölkələrində qeyd olunur. Dünyanın hər yerinə səpələnmiş  soydaşlarımız xalqımızın şəhid olmuş oğul və qızlarının xatirəsini yad edərək yaşadıqları ölkələrdə filmlər, sərgilər nümayiş etdirir,kitablar buraxdırır, müxtəlif tədbirlər keçirirlər. Gənc olmasına baxmayaraq H.Əliyev fondunun vitse Prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət” kampaniyası bütün dünyaya səs salmışdır.  

Ümummilli liderimiz, əbədiyaşar Heydər Əlirza oğlu Əliyevin səyi nəticəsində bütün dünya Xocalı soyqrımını tanımışdı. Müdrik siyasətçi Heydər Əliyevin layiqli davamçısı  cənab Prezidentimiz İlham Əliyev bu soyqırımdan 23 il ötməsinə baxmayaraq hər il bu hadisəni geniş şəkildə qeyd edilməsinə sərəncam imzalayır. Vətəndən uzaqda yaşayan lakin, dərdimizə şərik olan soydaşlarımız yaşadıqları ölkələrdə  xalqımıza qarşı törədilmiş soyqırım  münasibəti ilə tədbirlər keçirməklə insanların yaddaşlarını təzələyərək bu dəhşətli faciəni hər il onlara xatırladırlar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Azərbaycan Respublikası Prezidentinin  İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin 

aparıcı məsləhətçi, şöbə müdiri Pərixanım Mikayılqızı

   1759 dəfə baxılıb