26 İYUN AZƏRBAYCAN RESPUBLİKASININ SİLAHLI QÜVVƏLƏR GÜNÜDÜR
Azərbaycan Xalq Cumhuriyyəti Hökuməti qarşısında duran başlıca vəzifələrdən biri ölkənin müdafiəsinin və ərazi bütövlüyünün təmin edilməsi idi. Ölkədə yaranmış son dərəcə ağır hərbi-siyasi şərait bunu tələb edirdi və Cumhuriyyətin elan edilməsinin elə ilk günlərindən həmin vəzifənin həlli istiqamətində lazımi addımların atılmasına başlandı. Hələ müstəqilliyin elan edilməsi ərəfəsində formalaşdırılmasına başlanmış Müsəlman korpusunun hissə və bölmələri də bu işə cəlb edildilər. Yeni yaradılacaq ordunun əsasını Müsəlman korpusu təşkil edirdi. Ordu quruculuğuna rəhbərlik ücün ilk Hökumət kabinəsinin tərkibində Hərbi Nazirlik də nəzərdə tutulmuş və Xosrov Paşabəy Sultanov hərbi nazir təsdiq edilmişdi. Lakin bu kabinənin buraxılması ilə hərbi nazir vəzifəsi də ləğv edilmiş və Azərbaycanda ordu quruculuğu prossesinə rəhbərlik Hökumətin qərarı ilə Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya həvalə olunmuşdu. Hökumət strukturunda isə Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil vəzifəsi təsis olunmuş və İsmayıl xan Ziyadxanov bu vəzifəyə təsdiq edilmişdi. 1918-ci il iyunun 26-da Hökumətin qərarı ilə Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı və onun ştat cədvəlində qismən dəyişiklik edildi. General-leytenant Əlağa Şıxlinski korpusun komandiri kimi vəzifəsini yenə də davam etdirdi.
Ordu quruculuğunun ilkin mərhələsi S.Şaumyanın başçılıq etdiyi Bakı Komissarlığı daşnak-bolşevik hərbi qüvvələrinin Gəncə istiqamətində fəal döyüş əməliyyatlarına başlaması ilə bir vaxta düşdüyündən ciddi çətinliklərlə qarşılaşdı. Çünki yeni qoşun hissələrinin formalaşdırılması, çağırış və təchizat işlərinin yaxşılaşdırılması gərgin döyüşlərin aparılması ilə eyni vaxta düşmüşdü. Buna görə də Nuru Paşanın başçılıq etdiyi türk hərbi qüvvələri Azərbaycanı tərk edəndə Cumhuriyyət ordusu zəruri döyüş hazırlığı səviyyəsinə malik deyildi. 1918-ci il noyabrın 1-də Hərbi Nazirliyin yenidən bərpa edilməsi qərara alındı. Hökumətin qarşısında duran tarixi vəzifələrin həllində bu struktura çox böyük əhəmiyyət verildiyi üçün ilk vaxtlar ona rəhbərliyi Nazirlər Şurasının sədri Fətəli xan Xoyski öz üzərinə götürdü. Nazir müavini isə tam artilleriya generalı Səməd bəy Mehmandarov təyin edildi və nazirliyin formalaşdırılması ona tapşırıldı.
1918-ci il noyabrın 22-də Hərbi Nazirlik Gəncəyə köçürüldü. Ordu quruculuğunda müsbət dəyişikliklər baş verdikcə mövcud idarəetmə strukturları da təkmilləşdirilirdi. Hərbi nazirin 1918-ci il 31 dekabr tarixli 40 saylı əmrilə Ümumi qərargahın tərkibindəki topçu şöbəsinin əsasında Topçu idarəsi yaradıldı.
Milli hərbi kadrların hazırlanması üçün tədbirlər həyata keçirildi. Gəncədə fəaliyyətə başlamış milli hərbiyyə (pod-praporşiklər) məktəbinin fəaliyyəti yenidən quruldu və onun statusu artırılaraq praporşiklər məktəbinə çevrildi. 1919 ilin sonunda isə praporşiklər məktəbinin bazasında Hərbiyyə məktəbi açılldı. Bundan başqa, milli hərbi kadrlar hazırlayan İstehkamçılar, Hərbi dəmiryolçular və Hərbi feldşer məktəbləri də yaradıldı.
Azərbaycandakı ingilis qüvvələrinin komandanlığı 1919-cu il aprelin əvvəllərində milli qoşun hissəlirinin azsaylı kontingentinin Bakıda da yerləşdirilməsinə icazə verdi. Hərbi nazirin əmri ilə Bakıda yerləşəcək hissə və bölmələr dəqiqləşdirildi. Bu qüvvələrə bir piyada taboru, 400 nəfərlik süvari və bir topçu batareyası daxil idi. Aprelin 5-də həmin qüvvələr Bakıya daxil oldu və Salyan kazarmalarında yerləşdirildi. Milli ordu hissələri 1919-cu il noyabrın 3-dən 7-dək, 1-ci piyada diviziyasının hissələrindən təşkil edilmiş Zəngəzur ekspedisiyasının tərkibində erməni qüvvələrinə qarşı döyüş tapşırığını yerinə yetirdilər.
1920 ilin mart ayında bu qüvvələr bütünlüklə Qarabağ əməliyyatına və Ermənistanla sərhəd xəttində irimiqyaslı erməni təcavüzünə qarşı mübarizəyə səfərbər olundular. Nəticədə, şimal sərhədinin müdafiə sisteminin zəifləməsi bolşevik işğalı üçün daha əlverişli şərait yaratdı. Azərbaycan Xalq Cumhuriyyətinin süqutu ilə ölkənin müstəqilliyinə və Milli mənafeyinə xidmət edən ordu quruculuğu yarımçıq qaldı.
Sovetlər İttifaqnın qurulması ilə talanmış baza yalnız Heydər Əliyevin Azərbaycan KP MK birinci katibi vəzifəsində olduğu vaxtdan dirçəlməyə başladı. Buna bariz nümunə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasıdır. Hansı ki, bu gün Azərbaycan hərbisində xüsusi mövqeyə malikdir. Uzaqgörən siyasəti ilə seçilən Heydər Əliyev bu məktəbin yaranması və inkişafını mərhələli şəkildə həyata keçirmişdir.
1971-ci il 26 iyun Azərbaycan KP Mərkəzi Komitəsinin qərarı ilə (prot.№15,§14) Zığ qəsəbəsində yerləşən 2 nömrəli 8 illik məktəb-internat mahiyyətini dəyişərək xüsusi orta təhsilli məktəb-internata çevrilir. Burada hərbi məktəblərə daxil olmaq üçün kontingentin hazırlanması nəzərdə tutulur. İlk tədris illəri üçün şagird sayı 70 nəfər idi. Məktəbin bütün maliyyə xərcləri dövlət büdcəsindən ödənilirdi (ARPİİ SSA, f. 1, siyahı 58. iş 113. vər.191).
1972-ci il oktyabr 24-də (prot.№73, § 7) Azərbaycan KP MK-nin Bürosunda həmin xüsusi məktəb-internatın işi barədə məsələyə yenidən baxılaraq qərara alınmışdır ki, 220 şagird sayını 410-a qaldırmaq və yaxın gələcəkdə bu rəqəmin 445-dək olması, şagirdlərə xüsusi hərbi formanın tikilməsi, hərbi təlimlər üçün yeni kabinetlərin təşkil olunması, tərbiyəçi-hərbi rəhbər ştatının açılması, məktəbin ixtiyarına 4 avtomaşının verilsın və s. (ARPİİ SSA , f. 1, siy. 59, iş 91. vər. 66,70,71).
1976-cı ilin 20 aprel tarixində birdə bu məsələ Büroda müzakirə olmuşdur (prot.№5,§ 10) və C.Naxçıvanski adına Respublika Xüsusiləşdirilmiş orta ümumtəhsil məktəb-internatının fəaliyyətinin yaxşılaşdırılması məqsədilə tərbiyəçi-müəllimlərin sosial şəraitini yaxşılaşdırmaq, onları yaşayış evləri ilə təmin etmək nəzərdə tutulmuşdur. (ARPİİ SSA, f.1, siy.63, iş 43, vər. 150-153).
Azərbaycan KP MK-nin l981-ci il 18 iyun (prot.№ l5, §8) qərarında isə məktəbin 10 illiyi ilə bağlı işlərin görülməsi və maddi-texiniki bazasınm möhkəmlənməsi nəzərda tutulmuşdur (ARPİİ SSA, f. 1. Siy. 68. iş 90 vər. 122).
Bütün bu illər ərzində məktəbin inkişafı üçün görülən işlər yalnız Heydər Əliyevin diqqəti və səyi nəticəsində olmuşdur. Bu məktəbin yetirmələri bu günki vahid Azərbaycan Ordusunun yaranması və inkişafında böyük rol oynayır.
1991-ci il oktyabrın 9-da «Ordunun yaranması haqqında» Azərbaycan Respublikası Ali Soveti qərar qəbul etsədə, müstəqilliyimizin ilk illərində düzgün aparılmayan siyasət nəticəsində ordumuzda vəziyyət çox acınacaqlı idi. Vahid komandirlərin olmaması, ordu hissələrinin şəxsi maraqlara xidmət etməsi müstəqil dövlətin nüfuzunu sarsıdırdı. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə başqa sahələrdə olduğu kimi, hərbi sahədə də hərc-mərcliyə son qoyuldu. Orduda ağır vəziyyəti qaldırmaq üçün və vahid ordumuzu yaratmaq üçün Ulu öndərimiz geniş miqyaslı tədbirlər həyata keçirməyə başladı. Bu da Azərbaycan Respublikasının 1995-ci ilin noyabr ayında qəbul edilmiş Konstitutsiyasının «Silahlı Qüvvələr» adlı 9-cu maddəsində öz həllini tapdı.
Azərbaycan Respublikasının Prezidenti olan Heydər Əliyevin 1998-ci il 28 may tarixli qərarına əsasən 26 iyun Silahlı Qüvvələr günü elən edildi və bu günü xalqımız hər il bayram kimi qeyd edir. Ulu öndərimizin layiqli davamçısı olan İlham Əliyevin başçılığı ilə bu gündə ordumuzun quruculuğu üçün uğurlu addımlar həyata keçirilir. Yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün hərbi akademiyalar və məktəblər açılır. Hal-hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələri strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları, Hərbi Dəniz Qüvvələri daxildir. Azərbaycan həm döyüş qabiliyyətinə, həmdə maddi-texniki imkanlarına görə Cənubi Qafqazda ən güclü dövlət hesab olunur.