2018-Cİ İL NOYABRIN 8-İNDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİNİN SİYASİ SƏNƏDLƏR ARXİVİNDƏ “AZƏRBAYCAN HƏQİQƏTLƏRİ YENİ RAKURSDAN” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ “AZƏRBAYCANIN İLK QADIN JURNALİSTİ ŞƏFİQƏ XANIM ƏFƏNDİZADƏ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR.
A+   A-

Siyasi sənədlər Arxivinin direktoru Elmira Ələkbərova seminarı açıq elan edərək, əvvəlcə arxiv əməkdaşlarını qarşıdan gələn 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi. E.Ələkbərova  bayrağın hər bir dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq rəmzi olduğunu söylədi və bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamında göstərildiyi kimi,  Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edildiyi nəzərə alınaraq, hər il noyabr ayının 9-unun Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunması qərara alınmışdır. Arxivin direktoru onu da qeyd etdi ki, dövlət başçısının bu addımı dövlətçilik, milli həmrəylik, vətənpərvərlik hislərinin aşılanması baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu gün üçrəngli bayrağımız Dövlət Bayrağı Meydanında əzəmətlə dalğalanır və biz əminik ki, erməni qəsbkarları tərəfindən işğal olunan torpaqlarımızı tezliklə azad edərək, müqəddəs bayrağımızı əzəli torpaqlarımızda yüksəldəcəyik.

E.Ələkbərovanın çıxışından sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş videoçarx təqdim edildi.

Seminarın davamında Siyasi sənədlər Arxivinin Elmi araşdırmalar və elmi kitabxana şöbəsinin əməkdaşı Sevinc Quluyeva “Azərbaycanın ilk qadın jurnalisti Şəfiqə Əfəndizadə” mövzusunda çıxış etdi. S. Quluyeva öz çıxışında Cənubi Qafqazda ilk Azər­baycan dili müəlliməsi, ilk Azərbaycan qadın jurnalisti və publisisti olmuş Şəfiqə xanım Əfəndizadənin Azərbaycan ictimai fikrinə, Azərbay­can qadınının maariflənməsinə dəyərli töhfə­lə­r verdiyini vurğulayaraq, bu mətin qadının həyat və yaradıcılıq yoluna ekskurs etdi. Şəfiqə xanımın XX əsrin əvvəllərində fəaliyyətə başlamış bir ziyalı kimi, qadınlarda milli şüurun daha da güclənməsi, savadsızlığın, cəhalətin, nadanlığın, qadın hüquqsuzluğunun aradan qaldırılması yolunda istər pedaqoq, istər jurnalist, istərsə də publisist kimi çəkdiyi zəhməti, çoxşaxəli fəaliyyətini diqqətə çatdıran məruzəçi onun ədəbi-publisistik irsinin lazımınca araşdırılmadığını, məqalə və hekayələrinin müasir oxucu üçün uzun müddət əlçatmaz qaldığını, lakin Şəfiqə Əfəndizadənin Siyasi sənədlər Arxivi tərəfindən nəşr edilmiş “Seçilmiş əsərləri”nin bu sahədəki boşluğu müəyyən qədər doldurduğunu bildirdi.

Ş.Əfəndizadə haqqında və problemlə bilavasitə əlaqədar bir sıra elmi-publisistik ədəbiyyatı ciddi şəkildə araşdıran S.Quluyeva çıxışının sonunda bəzi məqalələrin tənqidi təhlilini təqdim etdi. Çıxış seminar iştirakçıları tərəfindən maraqla qarşılandı və sonda məruzəçi mövzu ilə əlaqədar sualları cavablandırdı.

   61 dəfə baxılıb