“AZƏRBAYCAN TARİXİNDƏ ALMAN SƏHİFƏLƏRİ” MÖVZUSUNDA KEÇİRİLƏN SƏRGİDƏ AZƏBAYCAN XALQININ TOLERANTLIĞI ƏKS ETDİRİLMİŞDİR
A+   A-

2018-ci il noyabrın 12-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində “Azərbaycan tarixində alman səhifələri” mövzusunda sərgi keçirilmişdir. Sərgidə XIX əsrin əvvəllərində Azərbaycanda məskunlaşmış almanların həyatını əks etdirən stendlər və foto-sərgi, həmçinin  “İkinci Vətən” sənədli filmi nümayiş etdirilmişdir.

Tədbirdə Azərbaycanın bir çox ziyalıları – Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov, Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Araz Qurbanov, Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident kitabxanasının elmi katibi Kəmalə Sarıcalinskya, Firdovsiyyə Əhmədova, Güllü Yoloğlu, İkiram Ağasiyev, Abbas Seyidov, Təvəkkül Əliyev, Məhəbbət Paşayeva, Ülviyyə Hacıyeva iştirak etmişlər.  

“Azərbaycan tarixində alman səhifələri” mövzusunda sərgini açan Siyasi sənədlər Arxivinin direktoru Elmira Ələkbərova bildirdi ki, 2018-ci il Azərbaycan xalqının tarixində əhəmiyyətli yubiley ili kimi yadda qalacaq. Belə ki, 2018-ci ildə Bakının Azərbaycana düşmən qüvvələrdən azad edilməsinin, xalqımızın müstəqillik həyatında mühüm rol oynayan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının, dövlətimizin atributlarından olan bayrağın qaldırılmasının, Azərbaycan Parlamentinin açılmasının 100-illik yubileyləri qeyd olunmuşdur.

Sonra Elmira Ələkbərova ulu öndər Heydər Əliyevin Azərbaycanın multikultural dəyərlərinə xüsusi diqqət yetirdiyini vurğuladı və Azərbaycan multikulturalizm modelinin inkişafında Prezident İlham Əliyevin 2016-cı il avqustun 30-da imzaladığı “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200-illiyi haqqında” sərəncamın böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Arxivin direktoru onu da qeyd etdi ki, sərgidə təqdim olunan sənədlər “Azərbaycan tarixində alman səhifələri”nin sovet dövrünə aiddir və burada ilk dəfə olaraq almanların Cənubi Qafqazdan deportasiyasına start verən SSRİ-nin Daxili İşlər Komissarı və Dövlət Təhlükəsizliyinin Baş Komissarı L.Beriyanın Azərbaycan SSR Daxili İşlər Naziri Yakubova göndərdiyi 001487 saylı 1941-ci il 11 oktyabr tarixli Əmr və deportasiyanın həyata keçirilməsi üçün təlimat, İkinci dünya müharibəsində əsir düşmüş alman millətindən olan şəxslərlə bağlı sənədlərdən bir sıra nümunələr və ən nəhayət, 1945-ci il mayın 8-dən 1950-ci il yanvarın 5-nə qədər sovet əsirliyində olmuş alman əsiri Villi Deşin gündəliyi nümayiş etdirilmişdir. E.Ələkbərova gündəliyin əhəmiyyəti məsələsinə toxunaraq bildirmişdir ki, bu gündəlik erməni millətçilərinin Azərbaycan xalqı haqqında dediklərinin yalan olduğunu sübut edir. Belə ki, Villi Deş qələmə aldığı xatirələrində Azərbaycan xalqının tolerantlığını önə çəkmiş, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonrakı ilk illərdə ölkə rəhbərliyinin alman əsirlərinin məzarlığına göstərdiyi qayğını nəzərə çatdırmış və bu qayğı ümummilli liderimiz Heydər Əliyevin multikulturalizmin Azərbycan modelinin formalaşması istiqamətində apardığı məqsədyönlü siyasətinin bir nümunəsi olduğunu göstərir.

Sonra Arxiv əməkdaşları Sevinc Soltanova və Elmira Kərimli bələdçilik edərək, sərgi iştirakçılarının diqqətini ümummilli lider Heydər Əiyevin ictimai-siyasi fəaliyyətini əks etdirən sənədlərə yönəldib, onun siyasi fəaliyyəti dövründə ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər aparıldığını bildirdilər. Onu da qeyd etdilər ki, Prezident İlham Əliyev qloballaşan dünyanın tələbləri də daxil olmaqla, ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla həyata keçirir və multikulturalizmin Azərbycan modelinin formalaşmasına öz töhfələrini verir.

Siyasi sənədlər Arxivinin əməkdaşı Ülkər Əliyeva sərgi iştirakçılarına Azərbaycan tarixinin alman səhifələrini öyrənən, alman kolonistlərinin siyasi, sosial-iqtisadi vəziyyətinin, ictimai-siyasi, təsərrüfat və ailə-məişət həyatının tədqiqinə həsr olunmuş bir sıra nəşrlər – Nazim İbrahimovun “Немецкие страницы истории Азербайджана”, Turan Axundovanın “Немцы –колонисты Азербайджана XIX нач.-XX в.”, Çingiz Abdullayevin “Almaniya – Azərbaycan əlaqələri”, Kamal Əliyevin “Немцы на Южном Кавказе или моя жизнь в Анненфильде”, Südabə Zeynalovanın “Немецкие колонии в Азербайджане. (1819-1941 гг.)”, Tamara Hümbətovanın “Баку и немцы”, Məmməd Cəfərlinin “Политический террор и судьбы Азербайджанских немцев”, Həcər Verdiyevanın “Немцы в Северном Азербайджане”, Etibar Nəcəfoğlunun “Həyatımızda Simens izləri”, T.N.Çernova-Dökenin “Немецкие поселения на периферии Российской Империи. Кавказ: взгляд сквозь столетия (1818-1917)”, İkiram Ağasiyevin “Qafqazda Alman koloniyaları (1860-1921)”, “XVIII əsrin sonu-XX əsrin əvvəllərində Almanların Qafqazda məskunlaşması” və digər kitablar haqqında dolğun məlumat verdi.

Sonra Siyasi sənədlər Arxivinin elmi katibi, tarix üzrə elmlər doktoru Həcər Verdiyeva tədbir iştirakçılarının diqqətini Azərbaycan SSR-də almanların sosial-iqtisadi vəziyyətini əks etdirən sənədlərə yönəldərək, almanların ölkədə sonuncu payızına aid nümayiş olunan sənədlərin şərhini verdi. Deportasiya məsələsinə toxunan H.Verdiyeva qeyd etdi ki, SSRİ-nin Daxili İşlər Komissarı və Dövlət Təhlükəsizliyinin Baş Komissarı L.Beriyanın Azərbaycan SSR Daxili İşlər Naziri Yakubova göndərdiyi 001487 saylı 1941-ci il 11 oktyabr tarixli Əmrində göstərilirdi ki, almanlar Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR-dən Qazaxıstana köçürülürlər. Əmrə görə, köçürülmə 15 oktyabr tarixində başlamalı və 30 oktyabr tarixində başa çatmalı idi. Şərhini davam etdirən elmi katib tədbir iştirakçılarının diqqətini AKP MK-nın birinci katibi M.Bağırov tərəfindən imzalanmış bir sənədə də yönəldərək, göstərdi ki, boşaldılmış koloniyalarda Ağstafa, Tovuz, Şamxor, Xanlar rayonlarından 4.360 kolxozçu yerləşdirilmişdi.

Alman-Azərbaycan Cəmiyyətinin sədri professor Çingiz Abdullayev tədbir iştirakçılarının diqqətini sərgidə nümayiş etdirilən foto-sərgiyə yönəldərək, Forer qardaşları, Qummel qardaşlarının şərab zavodlarının, Konkordiya, Simens-Şukker Səhmdar Cəmiyyəti haqda geniş məlumat verdi. Professor Çingiz Abdullayev alman kolonistlərinin həyatından danışaraq, alman əsiri Villi Deşin gündəliyindən və Azərbaycan haqqında onun təəssüratlarından da bəzi nümunələri sərgi iştirakçılarının nəzərinə çatdırdı.

Sonra Siyasi sənədlər Arxivinin əməkdaşı Ədalət Baloğlanov “Azərbaycan xalqının tolerantlığının bir nümunəsi” adlı stenddə nümayiş etdirilən sənədlər haqqında qısa məlumat verdi. Ə.Baloğlanov sərgi iştirakçılarına bildirdi ki, bu sənədlər vasitəsilə İkinci dünya müharibəsi illərində əsir düşmüş almanların Azərbaycan SSR ərazisində yerləşən məzarlıqlarının yeri təyin olunmuşdur. Bələdçi onu da diqqətə çatdırdı ki, ölkə ərazisində yerləşən əsir düşərgələri qəbiristanlığının məxfi qrifli sənədləri ilk dəfə olaraq bu sərgidə nümayiş etdirilir.

Tədbirin ikinci hissəsində sərgi iştirakçılarına alman kolonistlərinin həyatını, məişətini, məşğuliyyətini əks etdirən “İkinci Vətən” adlı sənədli film təqdim olundu. Filmdən sonra tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova “Azərbaycan tarixində alman səhifələri” mövzusunda olan sərgini yüksək səviyyədə təşkil edilməsinə görə Arxivin direktoru Elmira Ələkbərovaya, əməkdaşlara və “İkinci Vətən” filminin yaradıcılarına təşəkkürünü bildirdi.

Sonda sərgi iştirakçılarına öz minnətdarlığını bildirən Siyasi sənədlər Arxivinin direktoru Elmira Ələkbərova qeyd etdi ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinə bilavasitə tabe olan Arxiv-uçot şöbəsində mühafizə olunan sənədlərin surətləri bir neçə ay öncə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinin mühafizə fonduna daxil edilmişdir. Elmira Ələkbərova belə qiymətli sənədlərin Arxivimizdə mühafizə olunması və bu problemlə bağlı araşdırmalar aparan tədqiqatçılar üçün yaratdıqları şəraitə görə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri cənab O.Şahbazova və Daxili İşlər naziri cənab Ramil Usubova, eyni zamanda bu sənədlərin araşdırılmasında böyük köməklik göstərən Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinə bilavasitə tabe olan Arxiv-uçot şöbəsinə, alman əsiri Villi Deşin gündəliyinin bu sərgidə nümayişinə şərait yaradan Alman-Azərbaycan Cəmiyyətinin sədri professor Çingiz Abdullayevə, “İkinci Vətən” filminin rejissoru Füzuli Elyazova və sərginin hazırlanmasında əməyi olan Arxiv əməkdaşlarına minnətdarlığını bildirdi.

video burada

   118 dəfə baxılıb