14 iyul 1969-cu il - Azərbaycan tarixinin dönüş mərhələsidir

Ümummilli lider Heydər Əliyev Azərbaycan Kommunist Partiyası MK-nın I katibi vəzifəsinə Azərbaycan Kommunist Patriyası MK-nın Plenumunun 1969-cu il 14 iyul tarixli qərarı ilə təyin olunmuşdur. Bu tarix Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcını qoymuş, çağdaş Azərbaycan tarixinə dönüş mərhələsi kimi daxil olmuşdur. Dövlətçilik siyasətini cəsarətli ideyalar və intellektual fəaliyyət əsasında quran ulu öndər Heydər Əliyev o dövrdən etibarən apardığı strateji xətti ilə dünya siyasətçilərinin diqqətini cəlb etmişdir.

Mürəkkəb və keşməkeşli dövrünü yaşayan Azərbaycanın real həqiqətlərini və bu torpağın sahibi Azərbaycan xalqının tarixi yaddaşını qorumaq Ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində idi. Arxiv işinin əhəmiyyətinə xüsusi dəyər verən Ulu Öndər ölkəyə rəhbərlik etdiyi ilk günlərdən etibarən bu istiqamətdə mühüm işlər həyata keçirmişdir. Məhz onun göstərişi ilə 1969-cu il iyulun 29-da Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Katibliyinin iclasında Partiya Tarixi İnstitutu və Partiya Arxivi (indiki Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivi) üçün yeni binanın layihəsinin hazırlanması haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsasında hazırlanmış layihə əsasında başlanan tikinti işləri 1977-ci ildə başa çatdırılmış və dövrün standartlarına uyğun bina inşa edilmişdi.

Azərbaycan xalqının tarixi yaddaşını qorumaq istiqamətində davamlı iş aparan Ümummilli lider Heydər Əliyev Azərbaycanın mədəni irsinə xüsusi önəm vermiş və onun təşəbbüsü ilə Şuşada Xan qızı Natəvanın abidəsi, görkəmli Azərbaycan şairi və dövlət xadimi Vaqifin məqbərəsi ucaldılmışdır. Məhz bu illərdə ölkədə Səməd Vurğunun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun, Bülbülün ev muzeyləri yaradılmış, eyni zamanda repressiya qurbanlarından olan Mikayıl Müşfiq və Hüseyn Cavidin xatirələri əbədiləşdirilmişdir.

Ölkəni yüksələn sosial-iqtisadi inkişaf xətlə irəli aparan Ümummilli lider Heydər Əliyevin davamlı fəaliyyəti nəticəsində Azərbaycan SSR xalq təsərrüfatının bütün sahələrində böyük nailiyyətlər əldə edilmiş, 1969-1982-ci illər ərzində ölkədə həm strateji, həm iqtisadi inkişaf baxımından böyük əhəmiyyətə malik olan 250-dən çox zavod, fabrik tikilmiş, 2 milyondan artıq insan mənzillə təmin olunmuş, şəhər və kəndlərdə 700-ə qədər məktəb binası istifadəyə verilmişdir. Ali məktəblərin sayı 12-dən 17-yə, təhsil alan tələbələrin sayı isə 70 mindən 100 min nəfərə çatdırılmışdır. Pambıqçılıq və üzümçülük sahəsində yüksək göstəricilər əldə edilmişdir. Həmin illərdə reallaşan irimiqyaslı layihələrdən olan Bakı Məişət Kondisionerləri zavodunun, Bakı Dərin Özüllər Zavodunun istismara verilməsi ölkə iqtisadiyyatını daha da gücləndirmişdir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda apardığı uğurlu və genişmiqyaslı layihələri nəticəsində SSRİ-də ilk dəfə olaraq keçirilən Beynəlxalq Astronavtika Akademiyasının növbəti konqresinə 1973-cü ilin oktyabrında məhz Bakı ev sahibliyi etmişdir.

Xalqını qəlbən sevən, onun işıqlı gələcəyinə inanan ulu öndər Heydər Əliyev torpaqlarımızın ərazi bütövlüyünə təhlükə olan qara qüvvələri durdurmaq üçün milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirmiş, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Bürosu 23 iyul 1971-ci il tarixli iclasında Bakı şəhəri Zığ qəsəbəsində yerləşən 2 saylı - internat məktəbin hərbi məktəblərə abituriyentlərin hazırlanması üçün tədris bazasına çevrilməsi haqqında qərar qəbul etmişdi. Cəmşid Naxçıvanski adını daşıyan bu təhsil ocağı gələcəkdə müstəqil Azərbaycan Respublikasında milli hərbi kadrların hazırlanması üçün münbit zəmin yaratdı və Heydər Əliyevin uzaqgörən siyasətinin bariz nümunəsi oldu.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün ikinci dönüş nöqtəsi 15 iyun 1993-cü il tarixindən başlayır. Xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı dağılmaq, parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi və müstəqil Azərbaycan dövlətinin banisi oldu.

Müstəqil Azərbaycan Respublikasının üzərini qara buludlarla alan erməni təcavüzünü dayandırmaq, 1992-1994-cü illərdə Ermənistan hərbi qüvvələri tərəfindən işğal olunmuş tarixi torpaqlarımızı azad etmək, Azərbaycanın ərazi bütövlüyünü qorumaq ulu öndərin dövlətçilik siyasətinin əsas istiqamətlərini təşkil edirdi. Heydər Əliyev erməni millətçilərinin cinayətlərini, 1918-1920-ci illərdə erməni canilərinin Azərbaycan torpaqlarında törətdikləri soyqırımı, ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağın zəruriliyini görür, 1948-1953-cı illərdə Ermənistan SSR-dən deportasiya olunmuş azərbaycanlıların məruz qaldığı bu cinayət aktına dünyanın mütərəqqi qüvvələrinin diqqətini yönəltməyi vacib hesab edirdi. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə İrəvan məkanında yaşayan soydaşlarımızın faciəsinə ilk dəfə olaraq düzgün hüquqi-siyasi qiymət verən Ümummilli lider Heydər Əliyev 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanı imzalamış və XX əsrin ortalarında Ermənistan SSR ərazisində azərbaycanlılara qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin cinayətkar mahiyyəti respublika və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdır.

Ümummilli lider Heydər Əliyev həyatının sonuna qədər Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində davamlı iş aparmış, Qarabağın azadlığı  uğrunda mübarizə etmişdir. Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətənimizin ərazi bütövlüyünün bərpası üçün qətiyyətli addımlar atmış, aparılan gərgin və məqsədyönlü iş nəticəsində müasir tələblərə cavab verən Azərbaycan Ordusu qurulmuş, milli hərbi kadrlar hazırlanmışdır. Müasir ordu quruculuğunun təməli isə Ümummilli lider Heydər Əliyevin XX əsrin 70-ci illərində milli hərbi kadrların hazırlanması sahəsində həyata keçirdiyi kompleks tədbirlər sayəsində qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin siyasi kursunun heç bir alternativi olmadığını bəyan edən və onun xarici və daxili siyasətini davamlı aparan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 44 günlük Vətən müharibəsi gedişində Şuşanın alınması münasibətilə xalqımızı təbrik edərkən demişdir: “ Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

   332 dəfə baxılıb