Fəxrimiz və nisgilimiz Şuşa
A+   A-

Fəxrimiz və nisgilimiz Şuşa

Qarabağda heç vaxt olmamışam, amma hər qarışı mənə o qədər tanış və doğmadır ki, sanki bu  torpaqda doğulub, boy atmışam. Qarabağın ürəyi Şuşadır – əsrlər boyu düşməni dəf edən qala. Nə yazıq ki, XX-ci əsrin sonunda qədim qala nankor qonşunun hücumuna tuş gəldi, düşmən tapdağına məruz qaldı, Qarabağ xanlarının əzəli torpağı erməni torpağı kimi qələmə verildi… Şuşanın əsası XV111-ci əsrin ortalarında qoyulub. O zaman Nadir Şahdan sonra zəifləyən və parçalanan İran dövləti, ayrı-ayrı  xanlıqların baş qaldırmasına və digər xanlıqlarla müharibə etməsinə gətibirib çıxartmışdı. Bu dövrü şərq alimləri «miluki təvafiv» dövrü adlandırırlar. Pənahəli xan Şuşa şəhərini tikmiş, qədim qalanın bünövrəsini qoymuşdur. Onun hakimiyyəti dövründə burada bir çox maddi abidələr, yaraşıqlı evlər və saraylar tikilmişdi. Pənahəli xan Azərbaycanda məşhur Cavanşirlər sülaləsinin nümayəndəsi idi. O, İbrahim Xəlil Ağa Cavanşirin oğlu idi. Lakin Pənah xanın özündən də çox ad qazanmış xan – onun oğlu İbrahim xan idi, Azərbaycan xanları arasında ən mübarizi, Quba xanı Fətəli Şah kimi məmləkətimizin müstəqilliyi uğrunda çox səylər göstərmiş və mübarizələr aparmış hökmdar. Onun hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar tikilib.

İbrahim xan tədbirli olması ilə yanaşı, savadlı, elm və poeziyaya dəyər verən bir şəxs olub. Təsadüfi deyil ki, onun ən yaxın sirdaşı və məsləhətçisi şair Molla Pənah Vaqif olmuşdur. «Hər oxuyan Molla Pənah olmaz»,- deyən İbrahim xan, şairin biliklərini yüksək qiymətləndirdiyini qeyd etmiş və xan sarayının tikilməsini Vaqifin ixtiyarına vermişdi. Tanınmış oriyentalist alim Adolf Berje M.P.Vaqifə həsr etdiyi oçerkində digər elmlərlə yanaşı şairin astronomiya sahəsində də bilikli olduğunu və hətta günəşin tutulmasını dəqiq hesabladığını qeyd etmişdir. O, böyüyən nəslin savadlanması məqsədilə Şuşada ənənəvi mollaxanardan xeyli fərqlənən məktəb açmış, uşaqların dil, ədəbiyyat və dünyəvi elmlərdən məlumatlandırılması üçün şərait yaratmışdır. Görünür onun təsiri nəticəsində İbrahim xanın qızı Ağa Bəyim Ağa bir çox biliklərə yiyələnmiş, dövrünün zəkalı və istedadlı xanımlarından biri olmuşdur. İran padşahı Fətəli Şahın arvadı olmuş Ağa Bəyim Xanım Adolf Berjenin nəql etdiyi kimi, savadı və davranışı ilə şahın  xanımları arasında fərqləndiyinə görə, Britaniyanın İrandakı birinci səfirindən kraliçanın hədiyyəsini qəbul etmək sərəfinə layiq görülmüşdü. Onun dediyinə görə, şahın hansı arvadına bu məsul vəzifənin tapşırılmasını bu məqsədlə toplanmış xüsusi müşavirə həll etmişdi.

Cavanşirlər sülaləsindən olan digər məşhur qadın Xurşidbanu Natəvan idi. Nətavan İbrahim xanın nəvəsi, oğlu Mehdiqulu xanın qızı idi. Qafqaz canişini Yermolov xatirələrində Mehdiqulu xanın xəstə və zəif olduğunu yazır, özündən sonra varis qoymayağını və bu səbəbdən Qarabağ xanlığının gələcəyi Rusiyanın ixtiyarında olacağını qeyd edirdi. Həqiqətən, Mehdiqulu xan uzun illər övlad həsrətilə yaşamış, 25 ildən sonra bircə qız övladı olmuşdur. Xan qızı Xurşidbanu dövrünə və mühitinə görə yaxşı təhsil görmüş, istedadlı şairə və  xoş əməllər sahibi kimi yadda qalmışdır. Şair kimi qeyri-adi fitri istedada malik olmasını alimlər Natəvanın Cavanşirlər nəsli ilə yanaşı, digər məşhur sülalə Ziyad-oğlu Qacarların nəslinə mənsub olduğu ilə izah edirlər (Natəvan Gəncəli Cavad xan Ziyad oğlu Qacarın doğma bacısı Xurşidbanunun nəvəsi idi). Hər iki nəsil Azərbaycan ədəbiyyatına bir sıra məşhur şair bəxş etmişdir. Məsələn, Cavanşir nəslindən Əbülfət xan Tutinin, Qasım bəy Zakirin, Ziyad-oğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və başqa şairlərin adlarını çəkmək olar.

Şairənin götürdüyü «Natəvan» təxəllüsü «kimsəsiz», «köməksiz» mənasını daşıyır. Bu da təsadüfi deyildi. Valideynlərinin yeganə övladı olan Xurşidbanu erkən yaşlarında atasını itirib, Qarabağın sonuncu xanı Mehdiqulu xanın ölümündən sonra xanlığa qarşı mülk iddiaları və s. problemlərlə üzləşmişdi. Xan qızı həyatı boyu Qarabağın ixtimai-mədəni inkişafı, Şuşa şəhərinin abadlaşdırılması üçün böyük fədakarlıq göstərmişdir. Onun şəxsi vəsaiti hesabına körpü və yollar salınmış, məktəblər açılmış, məsçid və minarələr tikilmişdi. Qarabağ əhli bu qəbil problemlərin həlli üçün Xan qızına müraciət etmiş, əksər hallarda onun kömək və dəstəyini görmüşdülər. Şuşanın ədəbi mühitini bir araya gətirən məşhur «Məclisi-Üns» Natəvanın rəhbərliyi və vəsaiti ilə həyata keçirilmişdi.    

Natəvanın yaşadığı dövrdə Azərbaycan xanlıqları tamamilə ləğv olunmuş, keçmiş xanların varisləri isə Çar Rusiyasının əli ilə acınacaqlı vəziyyətə salınmışdı. Onların bir çoxları müflisləşmiş, ömürlərini ehtiyac içində keçirməli olmuşdular. Abas Qulu Ağa Bakıxanovun «Azərbaycan xanlıqlarının tarixinə» həsr olunmuş əsərini təhlil edən tanınmış publisist Əhmədbəy Ağayev məqaləsində X1X-cu əsrin sonunda xan nəsillərinin iqtisadi durumu haqqında bunları yazırdı: «Qafqazın qədim və həmişəlik tarixə qovuşmuş xan nəsillərinin nümayəndələri bir-birinin ardıca dünyalarını dəyişirlər,baxırsan 10-15 ildən sonra onların bir başa törəmələrindən daha heç kəs qalmayacaq. O dünyaya onlar keçmişdə qalan mühitin sükutunu, ayrı dünyagörüşünü, fərqli həyat tərzini özləri ilə aparırlar. Onların taleyində şərəf və ləyaqətlə yanaşı, niskil və dərd var, bu amillər Adamı düşünməyə və acı xatirələrə qərq edir. Onlar yoxsulluq və borc içində bu dünyanı tərk edir. Ölümündən sonra kredit verənlər yaşadıqları evləri əhatəyə alır və içində nə varsa, ailənin əsirlər boyu nəsildən nəsilə ötürdüyü şəxsi zinyət əşyalarına qədər yığıb aparırlar. Bu bahalı zinyət əşyaları şərəfli və kövrək yoxsul həyatın aynası idi».

Qarabağın sonuncu xanının qızı Natəvan da bir gün dünyasını dəyişdi. Son mənzilə aparmaq üçün  bütün Qarabağ əhli Şuşaya toplaşmışdı və onu ailə məzarında dəfn etmək üçün Ağdama qədər yolu piyada dəf etmişdi.

Natəvanın atası Mehdiqulu xanın xəttatı Əbdülhüseyn Hacıbəyli idi. Onun da evində savadlı və istedadlı övladlar böyüyürdü. Düzd, o zaman onlar hələ kiçik yaşlarındaydılar, Xan qızının nəvələrinin həmyaşıdları idilər. Onlardan biri  Üzeyir,  digəri Zülfüqar, ən kiçiyi isə Ceyhun idi. Üzeyir Hacıbəyli böyük bəstəkar, istedadlı musiqişünas, iti qələm sahibi olan publisist kimi tanındı. O, Azərbacanda ilk operanın («Leyli və Məcnun»), yüzlərcə gözəl əsərlərin, Sovet Azərbaycanı və müstəliq Azərbaycanın himnlərinin müəllifi oldu. Onun qardaşı Zülfüqar Hacıbəyov da musiqiçi və bəstəkar idi. «Aşıq Qərib», «Əlli yaşında cavan» «Varlı», «Evliykən subay» kimi məşhur əsərlərin müəllifi, musiqili komediya teatrını yaradanlardan biri olmuşdur. Və nəhayət, haqqında çox az qalmış, uzun illər adı yasaq olmuş, bolşevik işğalından sonra həyat və yaradığını Fransada davam etmiş Ceyhun Hacıbəyli. «Dağıstani» təxəllüsü ilə publisist kimi rusdilli «Kaspi» qəzetində fəaliyyətə başlamış C.Hacıbəyli, sonralar Azərbaycanın mühacir ədəbiyyatını və jurnalistikasını yaradan və inkişaf etdirənlərdən biri olmuşdur. Ağalar və bəylər nəslindən olmuş bu üç qardaş musiqi və ictimai mədəniyyətinimizdə dərin iz buraxmış şəxsiyyətlər kimi tariximizə adlarını yazmışdılar.

Hacıbəyov qardaşlarının müasiri olmuş digər məşhur şuşalı – Yusif Vəzir Çəmənzəminlidir. Yusif Vəzir Çəmənzəminlinin atası Məşədi Mirbaba Qarabağ hökmdarı İbrahim Xəlil xanın nüfuzlu vəzirlərindən biri olmuşdur. Yusif Vəzirin daşıdığı Vəzirov soyadı XV111-ci əsrdən onun ulu babasının tutduğu vəzir vəzifəsiylə bağlı nəsildən-nəsilə keçmişdir. Xalis bəy nəslindən olan Çəmənzəminli 1887-ci ildə dünyaya göz açdığı Şuşa şəhərini «Həyatımın 20 ili» adlı əsərində bu cür təsvir etmişdir: «Şuşa əyalət şəhərləri içərisində ən mədənilərdən biri sayılırdı, real məktəbi, orta qız məktəbi, şəhər məktəbi, ərməni seminariyası, teatrı da vardı. Əhalisi 40 minə qədər idi, bunun yarısı türk, yarısı ərməni idi. Ərmənilər şəhərin qərb hissəsində, türklər isə şərq hissəsində yaşayırdı. Türk hissəsi 17 məhəlləyə bölünmüşdü, bir cüd xan sarayı, böyük məsçidlər, qədim hamamlar, karvansaralar…».

İndi bu yerlər düşmən tapdağı altındadır. Nə vaxtsa zənginliyi ilə seçilən Şuşa, eyni ilə Ağdam, Füzuli və bütün Qarabağ bərbad vəziyyətə salınıb, burada nə yaşayan var, nə də yaradan. İndi burada dünyasını bu torpaqda dəyişmiş adamların ruhları narahat dolaşır: cavan, qoca, tanınmış və adi adamların ruhları. Torpaqlarımız alınmayana qədər, həmin ruhlar qərib yerdə olduğu kimi özlərinə rahatlıq tapmayacaqlar…     

                                                                           Lalə  Osman qızı.

   1744 dəfə baxılıb