Mübarizlər Partiyası
A+   A-

Mübarizlər Partiyası

«Difai» - mübarizlər partiyasıdır.

 

1906-cı il fevralın sonu martın əvvəlində Tiflisdə Qafqaz canişini qraf İllarion Vorontsov-Daşkovun yanında keçirilən sülh danışıqları heç bir nəticə vermədi. 1905-ci ilin erməni-müsəlman qanlı hadisələrinin əsl günahkarı «Daşnaksyutun» partiyası qaldı kənarda, onsuz da ağır maddi durumu olan yerli əhaliyə qarşı sərt tədbirlər həyata keçirilməyə başladı. Tiflis sülh danışıqlarının yekunu olaraq Qafqaz canişinin qəbul etdiyi qətnamədə iğtişaşlarda iştirak etmiş əhalidən dəyilən ziyana görə cərimələrin alınması qərarlaşdırıldı. Ermənilərlə azərbaycanlılar arasında qanlı qırğınlar yenə də ölkənin müxtəlif şəhər və qəzalarını bürüdü. Bu qırğınlarda ən çox əziyyət çəkənlərdən biri  Şuşa əhalisi idi. Burada ölənlərin sayı durmadan artırdı. Şuşa əhalisinin ölkənin başqa rayonları ilə əlaqəsi erməni quldurları tərəfindən tamamilə kəsilmişdi. Azərbaycanlıların yaşadığı məhəllələrdə aclıq baş alıb gedirdi, artıq ölüm halları müşahidə edilirdi. Hökumət numayəndələri və kazaklar əhalinin dadına çatmaq əvəzi ermənilərin törətdikləri vəhşiliklərə göz yumurdu. Xənkəndində onların gözü qarşısında ermənilər uşaq və qadınları qətlə yetirmiş, Kərimbəy Mehmandarov və Nəcəfqulu Cavanşirin mülkəlirini yandırıb, talan etmişlər.

Vəziyyəti sakitləşdirməkdən ötrü bölgəyə rus generalı Qoloşyapovun komandanlığıyla gücləndirilmiş qoşun dəstələri göndərildi. Lakin bu da müsəlman əhalisini kütləvi məhv olmadan xilas etmədi. Qoloşyapovun ordusu və kazaklar  bəzən özləri də qırğınlarda  ermənilərlə birgə iştirak edirdilər. İyul ayında Şuşada yenidən baş qaldıran qanlı toqquşmalarda general Qoloşyapov, onun dəftərxanasının rəisi Kleşinski və kazak zabiti Qazarovun bir başa iştirakıyla onlarla azərbaycanlı qətlə yetirildi.

Sülh danışıqlarıyla heç bir nəticə əldə edə bilməyəcəklərini anlayan Azərbaycan ziyalıları xalqı xilas etmək üçün çıxış yolu axtarırdılar. O zaman «İrşad» qəzetinin baş redaktoru, ömrü boyu kəsərli silahı olan qələmi ilə geriliyə, mövhumata qarşı mübarizə aparmış Əhmədbəy Ağayev bu ağır günlərdə sərt  addımlar atmalı oldu. O, Gəncəyə gəlib, ölkənin tanınmış və nüfuzlu adamlarını bir araya toplayaraq, daşnakların hücumlarını dəf edə biləcək və rusların xəyanətinə cavab verə biləcək gizli təşkilat – «Difai» firqəsini yaratdı. Hadisələrin şahidi olmuş Naki Keykurun öz xatirələrində bunları yazır:

«Həmən Difai fıirqəsinə möhür yapılıyor, açıqdan açığa fəaliyyətə geçiriliyor. Gəncə Vali müşaviri Kiresçinski ( Gəncədə türklərdən kimsə salam verməzdi) Difai firqəsinin ilk qurbanı olmuştu. Katlin ertəsi günün gecəsi Difai firqəsinin möhüriylə duvarlara bəyannəmələr yapıştırılmıştı» (Naki Keykurun. Azerbaycan istiklal mücadelesindən hatıralar (1905-1920). İlke Kitabevi Yayınları. Ankara, 1998, s.35).

1906-ci ilin okyabrında hər yerdə yayılan müraciətnamələrində partiya «Umummüsəlman Qafqaz komitəsinin» yarandığını bəyan edirdi və əhalini düşdükləri ağır vəziyyətdən, qanlı qırğınlardan, cahələtdən qurtarmaq üçün birləşməyə çağırırdı. Yayılan müraciətlərdə maariflənmək və qüvvə toplamaq partiyanın əsas məqsədi kimi göstərilirdi. Deyilirdi ki, bu iki vasitə onun üçün lazımdır Ki, xalqın savadsız kütləsini maarifləndirərək onu hakimiyyət orqanlarının hərəkətlərindən azad etmək mümkün olsun. Difaiçilər başa düşürdülər Ki, təbliğ etdikləri ideyaları və məqsədləri anlamaq üçün kütlələrin şüurunun və mütəşəkkilliyinin səviyyəsi artırılmalıdır.

Daha sonra izah olunurdu ki, yaranmış təşkilat Qafqazın başqa xalqları ilə birləşmək və birgə mübarizə aparmaq əzmindədir. Təsadüfi deyil ki, öz bəyannamələrində difaiçilər Qafqazda yaşayan bütün xalqlarla, o cümlədən ermənilərnən də dostluq əlaqələrini quracaqlarını elan edirdilər. Onlar bu qənaətdəydilər ki, düşmənçilik toxumlarını kənardan gələnlər səpirlər, xalqları bir-birlərinə qarşı düşmən edirlər. Adamları bu ideyalar ətrafında birləşməyə çağıran Əhmədbəy Ağayev Gəncədə ki çıxışında bunları söyləmişdi:

«Möhtərəm Gəncə xalqı, Türklərlə Ermənilər  arasında vuku bulan son hadisə hamımızı mütəəsir etdi, nə müsəlmanlıq nə də insanlıq belə vəhşi hərəkətə riza göstərəməz. Bu hadisə nədən oldu, müsabbibi kimdir diyə tətqiq və münaqişəyə başlarsaq heç bir nəticə əldə edəməyiz. Türklçr və Ermənilər olub bitənləri unutmalıdırlar. Bilməlidirlər Ki, yer üzündə Allahın yaratdığı nə qədər vəhşi və yırtıcı heyvan var isə başqa heyvanları parçalar ancaq həm çinslərinə əsla dokunamazlar. Nə acıdır ki, vəhşi heyvanların yapmadıqlarını insanlar yapıyorlar. Bir birinə saldırıyorlar, inutmamalı ki Rus ilarəsində əsrlərcə əvvəl Qafqazlarda Türklərlə Ermənilər dost  və iyi qonşu olaraq yaşamışlar… Tarixtə bu naxoş hadisəyə heç bir vaka kayıt etməmişdir»(Naki Keykurun. Azerbaycan istiklal mücadelesindən hatıralar (1905-1920). İlke Kitabevi Yayınları. Ankara, 1998, s.34).

Əhmədbəy Ağayevin təşəbbüsü və yaxından iştirakıyla «Difai»nin Tiflis, Elisavetpol və Qarabağda komitələri yaradıldı. Bu komitələr dərhal fəaliyyətə  başladı. Professor Şamil Qurbanov həmin partiyanın fəaliyyəti barəsində bunları yazır: «Həmin təşkilat milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan xalqına divan tutanları öldürməli idi. Belə də oldu. Yığıncaqda deyilirdi: filankəsi kim öldürməlidir? Cavab verirdilər: Mən! Filankəsi kim öldürməlidir? Mən! Həmin adamlar tez bir zamanda aradan götürülürdü. Bu terror deyildi. Açıq-aydın intiqam idi» (Qurbanov Ş.Nəriman Nərimanov: ömrünün son illəri. Bakı, Azərbaycan, 2003,  s.372).


«Difai»nin qisasına ilk tuş gələnlərdən biri adı yuxarıda çəkilən, azərbayanlılara qarşı qanlı iğtişaşlarda iştirak etmiş və günahı sübuta yetirilmiş qeneral Qoloşyapov idi.

«Bunun üçün Tiflisə göndərilən Bilal iki gün sonra erməni dostu generalı sokakta öldürmüşdü, və bu sürətlə Rus idarəçilərinin taşkınlıq yapanları imha ediliyordu, hətta Difai fırkasının əmri olmadan hər tərəfdə böylə katil vakaları baş göstəriyordu, ancaq Difai Fırkası kanat getirdikden sonradır Ki katledilen ölümü hak etmişdi. Difai beyanname dağıtıyordu» (Naki Keykurun. Azerbaycan istiklal mücadelesindən hatıralar (1905-1920). İlke Kitabevi Yayınları. Ankara, 1998, s.35).

Bu zaman «Difai»nin əsas hədəfi Azərbaycan xalqına qarşı ermənilərlə birgə cinayətlər törətmiş yüksək rütbəli məmurlar idi. Partiyanın təşkilatçıları «Daşnaksyutun» partiyasına layiqli müqavimət göstərə biləcək güclü təşkilat yaratmaq niyyətində olsalar da,  fəaliyyət göstərdikləri dövrdə əsasən rus idarəçilərinə qarşı mübarizə aparmışdılar. Sovet dövründə bu fakta belə rəng verilmişdi:

«Müsəlmanları daşnakların basqınından müdafiə etmək pərdəsi altında çıxış edən «Difai» təşkilatı millətlər arasında toqquşmaları qızışdırmaqda iştirak edirdi. Onun fəaliyyətindəki əsas metodlardan biri fərdi terror idi. Bəzi hallarda  «Difai»nin üzvləri daşnaklara kömək etməklə təqsirləndiriliən məmurlara qarşı terror tətbiq edirdilər (Azərbaycan tarixi. 1-ci cild. Bakı, Elm, 1964,  s. 613).

Sovet dövründə yazılmış digər elmi əsərlərdə də «Difai» təşkilatına təxminən eyni ruhda yanaşılır. «Özünü Ümummüsəlman Qafqaz komitəsi adlandıran bu təşkilatın nizamnaməsində bir tərəfdən xalqın maarifləndirilməsi, digər tərəfdən isə güc və terror yolu ilə müsəlman millətinin xilas olunması göstərilirdi. Əslində isə xalqın xilası adı altında təxribatlar törədilirdi». Azərbaycan tarixinə aid elmi əsərlərdə «Difai» partiyasının yaranma tarixindən bəhs olunarkən 1905-ci il göstərilir. Belə çıxır ki, «Difai» partiyasını Əhmədbəy Ağayev Tiflisdə keçirilən sülh danışıqlarından əvvəl yaratmışdı. Lakin bu faktı inkar edən dəlillər var. Azərbaycan Demokratik Respublikası Xarici İşlər Nazirliyi xüsusi komissiyasının birinci buraxılışı 1920-ci ildə çapdan çıxan «Zaqafqaziyada Rusiya siyasətinə dair sənədlər» məcmüəsindən bəlli olur ki, yalnız 1907-ci ilin may ayında Yelisavetpol qubernatoru Q.Kovalyov tabeliyində olan polis rəislərindən «tamamilə gizli şəkildə» bu təşkilatın şəxsi heyəti, qarşısına qoyduğu məqsədləri və bəhrələndiyi maliyyə qaynaqlarının müəyyənləşdirilməsini tələb edir. 18 iyul 1907-ci il tarixli raportda qubernatora «Dİfai» haqqında «ətraflı» məlumat verilir. Burada maraqlı bir məqama rast gəlinir: «Aydındır ki, partiya ağıllı, ehtiyyatlı, ardıcıl, düz və səmimi (kursiv - L.H.) adamların əlindədir. Mərkəzi komitəsi Bakıda yerləşir, əsas ideoloqu doktor Ağayevdir» (Edinıy partarxiv. Fond Musavatskoqo Azerbaydjana. Dokumentı po russkoy politike v Zakavkazğe. Vıp.1. Baku. İzd. Osoboy komissii pri Ministerstve inostrannıx del Azerbaydjanskoy respubliki, 1920, s.5). Partiyanın məhz 1906-ci ildə təşkil olunduğunu qubernatorun digər, daha yuxarı instansiyaya 1907-ci il avqust ayında göndərdiyi  məktubu təstiq edir: «Mən inanıram ki, «Difai» partiyası tərəfdarları çox tez zamanda bütün Qafqaz müsəlmanları arasında yayılacaq, çünki cəmi bir neçə ay əvvəl bu partiya barəsində heç bir təsəvvürü olmayan əhali, indi bu təşkilatı dəstəkləyir, hərəkətlərini bəyənir və üzvü olmağa can atır» (AR Prezidentinin Siyasi Sənədlər Arxivi. Dokumentı po russkoy politike v Zakavkazğe. Vıp.1. Baku. İzd. Osoboy komissii pri Ministerstve inostrannıx del Azerbaydjanskoy respubliki, 1920, s.18).

Digər məsələyə də aydınlıq gətirmək istərdik. Məlumdur ki, Əhmədbəy Ağayev 1908-ci ildə Azərbaycanı tərk edib, Türkiyəyə köçmüşdü. Bunun səbəbini araşdıranlar onun 1908-ci ildə Bakıda döydürülüb, təhqir olunması ilə əlaqələndirirdi. Əslində isə aşağıda göstərdiyimiz sənədin məzmunundan bəlli olur ki, Ə.Ağayevi Rus hökuməti Azərbaycanı tərk etməyə məcbur etmişdi.

    «14 mart 1908-ci il. Yelisavetpol ş. qubernatorunun dəftərxanasından.

«Difai» partiyasının tamamilə məhv edilməsi məqsədi ilə mən öz tərəfimdən xahiş edərdim ki, «Difai» partiyasının Bakıda yerləşən mərkəzi komitəsinin sədri Əhmədbəy Ağayev başda olmaqla bütün tərkibi Zaqafqaziya regionundan dərhal çıxarılsın» (AR Prezidentinin Siyasi Sənədlər Arxivi. Dokumentı po russkoy politike v Zakavkazğe. Vıp.1. Baku. İzd. Osoboy komissii pri Ministerstve inostrannıx del Azerbaydjanskoy respubliki, 1920, s.39-40). Həmin ilin 23 və 24 mart tarixli raportlarında isə «Difai» təşkilatının Şuşa bölməsinin bütün üzvlərinin həbs olunması barədə qərarların qəbul olunduğu bildirilir (AR Prezidentinin Siyasi Sənədlər Arxivi. Dokumentı po russkoy politike v Zakavkazğe. Vıp.1. Baku. İzd. Osoboy komissii pri Ministerstve inostrannıx del Azerbaydjanskoy respubliki, 1920, s.39-40). Əhmədbəy həbs olunacağını yaxşı anlayırdı və rus hökumətinin əlinə keçməmək üçün gizli Azərbaycanı tərk etməli olmuşdu. O ki qaldı, guya qoçular tərəfindən döyülüb təhqir olunmasına, həmin ilin noyabr aylı sayında Peterurqda nəşr olunan «Russkoe boqatstvo» ədəbi -elmi jurnalı Əhmədbəylə müsahibəsində bunları yazırdı: «Onun 39 yaşı var, lakin xeyli yaşlı görünür. – Mən bu 3 il ərzində yaman qocalmışam. Çətin zaman idi. Ermənilərlə vuruşurduq, bir-birmizlə. Noyabrda mitinqdə məni az qala öldürəcəkdilər. 50-yə yaxın baş kəsən gəlmişdi. Gücnən canımı qutardılar, pəncərədən çıxartdılar» (Tan. Oçerki. Peredvinutıe duşi. Jurnal «Russkoe boqatstvo», 1908, №11, Sankt-Peterburq, s. 156-169).

«Difai» partiyasının sosial bazasını əsasən cəmiyyətin orta təbəqəsi təşkil edirdi, ruhanilər də partiyada təmsil olunurdular, bu da şəriət qanunlarının təbliğində öz əksini tapırdı. Firqənin fəal nümayəndələri arasında tacirlərə, iş adamlarına, şəhər və kənd ziyalılarına, bəylər və ağalara rast gəlinir: Ələkbərbəy Rəfibəyli, İsabəy Aşurbəyli, Qarabəy Qarabəyov, Məmməd Həsən Hacınski, Həsən Ağayev və başqaları.

  Partiyanın ən nüfuzlu və fəal komitələrindən biri Gəncə komitəsi idi. Komitənin sədri - el arasında hörmətli bir şəxs, Elisavetpol kişi gimnaziyasının şəriət müəllimi Molla Məhəmməd Pişnamazzadə idi. Firqənin fəal komitələrindən biri də Qarabağ komitəsi idi. Komitənin sədri Kərimbəy Mehmandarov, onun müavini isə Cahanqirxan Nurubəyov idi. Komitə orijinal ideyalarla çıxış edirdi. Belə ki, Bakı milyonçuları Hacı Zeynalabdin Tağıyevin və Şəmsi Asədullayevin vəsaiti hesabına Ağdamdan Xocalı stansiyasına qədər bütün torpaqların satın alınması təklif olunmuşdu. Bu minvalla təkcə Şuşanı deyil, ümumiyyətlə bütün Qarabağı yalnız azərbaycanlıların yaşadığı əraziyə çevirmək niyyətindəydilər.

Bütün mübarizəsini Azərbaycanın düşmənlərinə qarşı yönəldən «Difai» partiyası 1909-cu ilin ortalarına qədər  mücadiləsini davam etdi. Deyilənə görə, «Difai»nin qisasından əməlli-başlı gözü qorxmuş Rus hökuməti nümayəndələri, o illər özlərini azərbaycanlılara sevdirməyə çalışırdılar. Nakı Keykurun öz xatirələrində yazır ki, «Difai» fəaliyyətini dayandırdıqdan sonra partiyanın möhürünü qorumaq Mirzə Məhəmməd adlı bir şəxsə həvalə olunmuşdu: «onu yox etməyin o möhür müstəqil Azərbaycan Muzeyində saxlanacaq» (Naki Keykurun. Azerbaycan istiklal mücadelesindən hatıralar (1905-1920). İlke Kitabevi Yayınları. Ankara, 1998, s.37). 

  Bu möhürdə təsvir olunan bir-birinin üzərinə çarpazlanan iki qılınc döyüşə hazırlığı nümayiş etdirirdi. Altıguşəli ulduz və aypara isə döyüşçülərin türkelli olduğunu bildirirdi. Azərbaycan muzeylərində bu simvolların əks olunduğu əşyalar az deyil, lakin bunların heç birinin «Difai» - mübarizlər partiyasının möhürünə aydiyyatı yoxdur.


 Lalə Hacıyeva 

   2502 dəfə baxılıb