Hər 8 mart qadınlar günündə biz nəinki doğmalarımızı təbrik edir, onlara hədiyyələr alırıq, eyni zamanda tariximizdə şərəfli iz qoymuş Azərbaycan qadınlarını da yad edirik. Tarixən Azərbaycanda aslan ürəkli Tomrislərimiz, Nigarlarımız, Həcərlərimiz kimi qadınlarımız, qəhrəman analarımız və adlı-sanlı alimlərimiz olub. Tarixi vərəqləyərək bir qədər keçmişə səyahət etməyi və Azərbaycanın bir neçə şairə xanımları haqqında məlumat verməyi bu gün də özümüzə borc bildik.
Ağabəyim Ağa Ağabacı (1780-1781)-ci illərdə Şuşa şəhərində anadan olubdur.O, Qarabağ xanı İbrahim Xəlil xanın qızı və İran şahı Fətəli şah Qacarın həyat yoldaşı, görkəmli Azərbaycan şairəsi Xurşid banu Natəvanın bibisi idi. Ağabəyim Ağa gənc yaşlarından şeirə maraq göstərib. Farsca və azərbaycanca yazan Ağabəyim Ağa şeirlərini “Ağabacı” təxəllüsü ilə yazıb və bu təxəllüslə də tanınıb.
Mənbələrdə qeyd edilir ki, Ağabəyim Ağanın yaradıcılığından azərbaycanca yazılmış az sayda qəzəl və bayatıları gəlib bu günümüzə çıxıb. Lakin, onun farsca yazdığı şeirlərindən Ağabəyim Ağanın yaradıcılığını və həyatını öyrənmək olur.
1801-ci ildə Ağabəyim Ağa atasının məsləhəti ilə istəmədən İran hökmdarı Fətəli şaha ərə verilmiş və o ömrünün sonuna qədər Qarabağ həsrəti ilə Tehranda yaşamalı olmuşdur. Onun vətən həsrəti ilə yandığını söyləməyə Qarabağa həsr etdiyi bu bayatı əsas verir:
Mən aşığam qara bağ, Qara salxım, qara bağ. Tehran cənnətə dönsə, Yaddan çıxmaz Qarabağ.
Dövrünün ziyalı xanımlarından olan Ağabəyin Ağa dünyavi elmlərdən kifayət qədər məlumatlı idi. Dərin bilik və bacarığı, ağıllı məsləhətləri, hazırcavablığı, yüksək mədəniyyətə və tərbiyyəyə malik olması, sarayda böyük hörmət qazanması Ağabəyim Ağanı şahın sarayında “banuyi-hərəm” etmişdir.
Tanınmış şərqşünas alim Adolf Berje Fətəli şaha həsr etdiyi məqaləsində yazır ki, 1811-ci ildə İngiltərə kralı Heorqun İrana göndərdiyi ilk fövqəladə səfiri və onun xanımı Tehranda şahın sayarına təşrif buyurarkən, səfir Böyük Britaniyanın kraliçasının etimadnaməsini və hədiyyələrini Ağabəyim ağaya şəxsən təqdim etmişdir. Qeyd olunduğu kimi Ağabəyim ağanın həm xarici görünüşü, həm son dərəcə kübarlığı,həm də gözəl danışıq qabiliyyətinin olması səbəbindən məhz o səfirin hüzuruna çıxmaq şərəfinə nail olur.
Yaşadığı dövrdə Rusiya-İran münasibətlərinin yaxşı olması yolunda çalışan Ağabəyim Ağanın siyasi məsələlərə də müsbət münasibətinin olduğu anlamına gəlmək olur. Hər hansı bir məsləhət və köməkliyi onun siyasi məsələlərdən kənarda qalmamasına işarədir.
Ağabəyim Ağa İranda “Ağabacı” adı ilə tanınırdı. O, 1832-ci ildə vəfat etmiş və Darül-iman adlandırılan Qum şəhərində dəfn olunmuşdur.
Heyran xanım -1790-cı ildə qədim Naxçıvan torpağının Dünbülü qəbiləsində (ata tərəfdən Naxçıvanlı, ana tərəfdən Dünbülü qəbiləsindəndir) dünyaya gələn Heyran xanımın bir tərəfdən Kəngərlilər, digər tərəfdən isə Xoyskilər nəsli ilə qohumluğu olubdur. Azərbaycanın həm siyasi, həm də mədəni həyatına görkəmli şəxsiyyətlər bəxş edən bu iki nəsil, Heyran xanım kimi bir sənətkarı da Azərbaycan ədəbiyyatına nəsib edib. Heyran xanım çox gənc yaşlarından şeir yazımağa başlayıb. Yaradıcılığının əsası XIX əsrin birinci yarısına düşən Heyran xanım, Rus-İran toqquşmaları başlandığı ərəfədə ailəsi ilə birlikdə Naxçıvandan köçərək bir müddət Urmiyada, sonra isə Təbriz və Xoy şəhərlərində yaşayır.
XVIII əsrin sonlarında XIX əsrin əvvəllərində yaşamış Heyran xanımın anadan olduğu və vəfat etdiyi illəri mənbələrdə müxtəlif cür göstərilir. M. İbrahimov Heyran xanımın 80 il, Əzizə Cəfərzadə 70 il, Cənnət Nağıyeva isə 60 il ömür sürdüyünü qeyd edirlər.
Heyran xanımın yazılarındakı əzmkarlıq, mübarizlik, azad fikirlilik oxucunun nəzər-diqqətin cəlb edir. Heyran xanımı üsyankar şair də adlandırmaq olar. Çünki onun şerlərinin əsasında bir çağırış, bir hayqırtı var. Sanki o bu şerləri ilə insanları qəflət yuxusundan oyanmağa, insani haqlarına yiyə çıxmağa və hüquqlarını müdafiə etməyə səsləyir.
Heyran xanım haqqında ilk dəfə Təbrizli Məhəmmədəli Tərbiyət Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri haqqındakı monoqrafiyasında onun həyat və yaradıcılığından az da olsa məlumat vermişdir.
Poeziyasından bəlli olur ki, Heyran xanım taleyindən küskün bir qadın olub və onu həyatdan küskürdürən isə övladının olmaması idi. O, məşhur nəslin nümayəndəsi olaraq, mülkədar ailəsində korluq çəkmədən böyüyüb. Ata evində firavan ömür yaşayan, yaxşı təlim-tərbiyə və təhsil görən Heyran xanım ərəb və fars dillərinə mükəmməl yiyələnir. Cənubi Azərbaycanın müxtəlif şəhərlərində yaşayan Heyran xanım sonunda Təbrizdə məskunlaşmağına baxmayaraq, bu şəhərdə özünü “quzeyi-zindan”da kimi hiss edirdi. Onun yaradıcılığında təkcə özünün şəxsi duyğuları deyil, bütövlükdə Azərbaycan qadınlarının hüquqsuzluğu və talesizliyi əks olunub. Mübarizə silahına çevrilmiş qələmi, müəyyən mənada həm də onun dostu idi. Heyran xanımın şeirlərinin motivi təkcə ah-vaydan, kədərdən ibarət deyildir. Onun tələbkarlıq, cəsarət, hünər tələb edən şeirləri də vardır:
Heyran xanım M. Füzuli kimi eşqi qiymətləndirən, onu uca tutan, ona dəyər verən və romantik duyğuları olan şairədir. O, Füzuli klassikasına müraciət edərək onun
qəzəlinə nəzirə yazaraq:
deyə söyləyir.
Heyran xanım, qəzəllərinin hər misrasında sevgiyə verdiyi dəyəri göstərmək istəyib. Onu dərin məhəbbətlə sevən həyat yoldaşının sonradan etdiyi xəyanəti nəticəsində o, ailəsinin dağılmasını heç cürə qəbul edə bilmirdi. O da Füzuli kimi sevgilisinin cövrü- cəfasından özünü “bəxti qara” adlandırır və şikayət edirdi.
M. Füzulinin “Leyli və Məcnun” əsərində də buna bəzər bir beyt vardır:
Heyran xanımın şeirlərində şəxsi həyatının məqamlarını görmək olur. Şeirlərinin çoxunu farsca yazmasına baxmayaraq, onun qəlbi fars şairlərinin əsərləri ruhunda deyil, məhz Azərbaycanın dahi şairlərinin şeirləri ruhunda köklənmişdir.
Heyran xanım Nəsimi yaradıcılığına da yüksək dəyər verir, onun kimi insanı ən qiymətli və uca varlıq hesab edirdi. Nəsiminin yaradıcılığından təsirlənən şairə, onun tərəqqipərvər ənənələrini davam etdirsə də Nəsiminin hürufilik ideyalarını təkrar etməyib. Onun yaradıcılığında təkcə Füzulinin, Nəsiminin poeziyası deyil, M. P. Vaqifin, Qövsi Təbrizinin, Hafiz Şirazinin və başqa klassik şairlərin də poeziyası önəmli yer tutur. Taleyindən narazı olan Heyran xanım ümidini tanrıya bağlayır və yeganə köməyi də elə tanrıdan umur. Heyran xanımım “Könül ki, hicrdən oldu fikar, ağlayıram” qəzəlində
deməklə bu fikrini bir daha tamamlayır. Təbrizdə yaşadığı zaman orada baş verən güclü zəlzələ bir insan kimi onu çox sarsıdır.
deyən Heyran xanım fəryad edirdi.
Bəzən Heyran xanımın şeirlərinin Molla Pənah Vaqifin şeirlərinə oxşarlığından da bəhs edirlər. Məsələn, görkəmli yazıçımız M. İbrahimov öz məqaləsində Heyran xanımın şeirlərində Molla Pənah Vaqifin şeirlərinə yaxınlıq olduğunu göstərir. M. İbrahimov M. P. Vaqifin qoşmalarındakı kimi Heyran xanımın da şeirlərində də zərifliyin, lətafətin və dilə yatımlılığın olduğunu vurğulayır. Bunu yəqin ki, onun şeirlərinin sadə dildə yazılması və həm də onun əslən azərbaycanlı olaraq, millətinə, kökünə bağlılığının nəticəsi kimi hesab etmək olar.
Şərq ədəbiyyatını kamil bilməsi və onun şərq poeziyasına olan sonsuz məhəbbəti yaradıcılığında özünü büruzə verir. Füzuli, Həsənoğlu, Nəsimi, Qövsi Təbrizi, Hafiz Şirazi və başqalarının şeirlərinə yazdığı nəzirələr onun bu dahi şairlərdən ilham aldığını göstərir. O, ömrünün son günlərinə qədər Təbrizdə yaşamış və yaradıcılığını orada davam etdirmişdir. Heyran xanım özündən sonra 4500 beytdən ibarət bir divanı ilə Azərbaycan ədəbiyyatında iz qoyubdur.
Aşıq Pəri - Qarabağda Cəbrayılın Maralyan kəndində yoxsul bir ailədə(1811-1813) dünyaya gəlib. Onun anadan olduğu və vəfat etdiyi illər ya göstərilmir, ya da müxtəlif rəqəmlərlə verilir. Aşıq Pərinin fitri istedadından, ağlından, gözəlliyindən və deyişmələrində qarşı tərəfi sözlə bağlamağından, hər dəfə də uğur qazanmağından mənbəllərdə bəhs edilir. Dövrünün məşhur və sözünü demiş sənətkarları ilə deyişmək elə də asan deyildir, lakin gənc bir qızın bu meydana girməyi onun böyük ürəyinin və istedadının olduğundan xəbər verirdi.
Aşıq Pəri ruhani məktəbində təhsil alıb. O, məktəbi bitirdikdən sonra aşıq sənəti ilə yaxından maraqlanaraq bu sahədə marağını daha da genişləndirməyə çalışıb. Məktəb illərindən ərəb və fars dillərinə mükəmməl yiyələnərək özünü poeziya aləmində sınayır. Ruhani məktəbində təhsil almasına baxmayaraq o, müasir düşüncəli və geniş dünyagörüşünə malik idi.
Dədə Qorquddan üzü bəri Dədə Şəmşir, Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər, Növrəc, İman və sair tanınmış aşıqlarla birlikdə Aşıq Pərinin də Azərbaycan ədəbi-mədəni mühitinin formalaşmasında böyük rolu olubdur.
Aşıq Pərinin qoşmaları az zaman içərisində dillər əzbərinə çevrilir. 16 yaşlı gənc qızın fitri istedadının olması ətrafdakıları heyrətləndirməyə bilməzdi. Bu məharətinə görə xalq onu sevərək “Aşıq” adını verir.
Qarabağın ilk qadın şairi adlandırılan Aşıq Pəri ağlına görə bu hörməti qazana bilib. O,klassik irsə, şifahi xalq ədəbiyyatına yaxşı bələd idi.
1829-cu ildə görkəmli şərqşünas Adolf Petroviç Berje Azərbaycanı səyahətə çıxarkən, Qarabağda Aşıq Pəri ilə görüşür. O, Pərinin istedadını və gözəlliyini heyranlıqla təsvir edərək yazırdı: «В Карабахе в деревне Маралиан, на берегу Аракса, Явилась в 1829году 16-ти летняя татарская девица, по имени Ашиг Пери, замечательная не только красотою, но и прекрасным поэтическим дарованием, в особенности даром импровизации. Она вступала в состязание со многими современными поэтами и оставалось всегда победительницею».
Məşhur söz ustadları ilə deyişən Aşıq Pərinin ən yaxın dostu Mirzəcan Mədətov olub. Mirzəcanla dostluq əlaqəsi daha möhkəm olduğundan, onunla olan deyişmələri də daha çoxdur. Azərbaycan dilində təmiz danışan və yazan Mirzəcan Aşıq Pərinin Qarabağdakı şöhrətini eşidərək Tiflisdən Qarabağa gəlir və lirik şeirlərini bu gözəl Azərbaycan şairəsinə təqdim edir. Mirzəcan Mədətovun ölümündən çox təsirlənən Aşıq Pəri bu münasibətlə yazdığı
1830-cu ildə Şuşaya köçən Aşıq Pəri ömrünün sonuna qədər orada yaşayıb. Onun həyatı heç də hamar olmayıbdır. 25 yaşında ikən qurduğu uğursuz ailə taleyi və əri Molla Məhəmmədin Aşıq Pərini bir şair olaraq qəbul etməməyi ailədə problemlər yaradırdı. Hər şeir məclisindən qayıdan Aşıq Pəri ərinin narazılığı ilə rastlaşırdı. Aşıq Pərinin yazılarından onun ruhən nə qədər sarsıldığını görmək olur. Başqa-başqa xasiyyətli adamlar olan Aşıq Pəri ilə əri Məhəmmədin ailə səadəti bu səbəbdən uzun çəkməyib. Bəlkə də bu uğursuz taleyin nəticəsidir ki, o çox qısa ömür sürüb. Onun yazılarının birində oxuyuruq:
deməsi onun ailəsindən narazılığını oxucuya çatdırır.
Azərbaycanın ədəbiyyat tarixinin görkəmli nümayəndələrindən olan böyük alim, Firidun bəy Köçərli(1863-1920) məqalələrindən birində Aşıq Pəri haqqında gözəl fikirlər söyləyibdir. 1903-cü ildə o yazırdı: “Özünün ağıl və istedadı ilə çoxlarında heyrət doğuran gözəl və gənc şairə Aşıq Pəri o zamankı savadlı, təhsil görmüş ədəbi simaların mərkəzində dayanırdı”.
F. Köçərlinin araşdırmaları əsasında hazırladığı monoqrafiyasında belə bir yazı yer almışdır. O, yazırdı: Mirzə Həsən “Mirzə” təxəllüs-necə ki, sabiqdə zikr olundu, - Aşıq Pərinin gözəlliyini bu günə tərif etmişdir:
Qönçə lətafətli, lalə üzlüsən, Məstanə baxışlı, xumar gözlüsən, Şirin hərəkətli, şəkər sözlüsən, Yoxdur yer üzündə misalın sənin.
Aşıq Pəri Mirzəyə xəstə olduğu halda yazdığı namədir ki, burada zikr olunur:
Nə yatıbsan lətaf bəstər içində, Bimarmısan, nədir bəs halın sənin? Eşqin mərizinə mən də təbibəm, Bəyan eylə mənə əhvalın sənin”.
Gənc bir xanımın kişilərlə deyişmələri təbii ki, molla ərinin xoşuna gələ bilməzdi. Şuşanın adlı-sanlı şairləri Aşıq Pərini deyişmələrində bağlaya bilmirdilər. Onun Mirzə Həsən bəy Mirzə, Kərbəlayi Abdulla Canızadə, Cəfərqulu xan Nəva, Məhəmməd bəy Aşiq, Mirzəcan Mədətov və s. aşıq və şairlər ilə deyişmələri xüsusilə maraqlı idi.
Aşıq Pəri çəkdiyi dərdini, əzabını şeirlərinə köçürməklə özündə bir rahatlıq tapırdı. Qısa ömür yaşayan Aşıq Pəri bəlkə də qəlbində olan sevgi hisslərini açmadan, heç kəsə söyləmədən dünyadan köçübdür.
1830-cu ildə Şuşaya köçən Aşıq Pəri ömrünün sonuna qədər orada yaşayıb. Vəfatından sonra qardaşları Kərbəlayi Fərzalı və Mahmud onu öz kəndlərinə gətirərək, Karxulu kəndində torpağa tapşırıblar.
Xurşid banu Natəvan- Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qızı, İbrahimxəlilxan Cavanşirin nəvəsidir. 1830-cu ildə Şuşada anadan olan Xurşid banu Natəvan ilk təhsilini xüsusi müəllimlərdən alaraq ərəb və fars dillərinə mükəmməl yiyələnir. Klassiklərin əsərləri ilə yaxından maraqlanan Natəvan Fizuli məktəbinin davamçılarından hesab edilir. Onun yaradıcılığının müsbət cəhətlərindən biri odur ki, o heç bir vaxt nəinki Füzulini, yüzlərlə qəzəl yazan şairlərin heç birini təqlid etmədən qəzəllər və lirik şeirlər yazıb. Natəvan daim yeniliyilə, müstəqilliyə can atırdı. O, nəinki məhəbbəti tərənnüm edən yazılara üstünlük verirdi, eyni zamanda həm də xalqın acınacaqlı vəziyyətindən, təbiətin gözəlliyindən və öz şəxsi kədərindən də yazırdı.
deyən şairənin məhəbbətdə olan həsrətədən, hicrandan söz açdığı aydındır. Məhəbbət mövzusu şairənin yaradıcılığında əsas yerlərdən birini tutur. O əsərlərində müasirlərinin də onun kimi azad və qarşılıqlı məhəbbətdən məhrum olduğunu qələmə alırdı.
Xurşid banu Natəvan Azərbaycanın mədəni və maarifpərvər qadınlarından biri olub.
O daim yoxsullara kömək edib, Şuşanın abadlaşmasında mühüm işlər görüb. Vaxtı ilə
Şuşaya çəkdirdiyi su kəməri bu gündə məhz onun adı ilə “Xan qızı bulağı” adlanır. Çox
acınacaqlı bir haldır ki, mənfur qonşularımızın torpaqlarımızı işğal etməsi nəticəsində
Azərbaycanın Şuşa kimi gözəl şəhəri düşmənlərin tapdağı altında qalıb.
Natəvanın ailə həyatı uğurlu olmayıb. O çox gənc yaşlarından sevmədiyi halda
dağıstanlı general Xasay xan Usmiyevlə ailə qurmalı olur. Xasay xandan iki övladı var idi. Qızı Xanbikə və oğlu Mehdiqulu xan hər ikisi şair olub. Oğlu Mehdiqulu xan “Vəfa” təxəllüsü” ilə şeirlər yazıb. 1860-cı ildə Xasay xan Usmiyevdən ayrıldıqdan sonra o, şuşalı Seyid Hüseynlə ailə qurur. Seyid Hüseynlə olan izdivacdan 3 oğlu: Mir Möhsün, Mir Abbas və Mir Həsən dünyaya gəlir. 1885-ci ildə Mir Abbas 17 yaşında ikən vəfat edir. Oğlunun ölümü onun yaradıcılığına öz təsirini göstərir. Övlad acısına tab gətirə bilməyən xan qızı ana qəlbinin sonsuz kədərini qəzəllərinə köçürməyə başlayır. Bu faciədən bərk sarsıntı keçirən Natəvan hamıdan uzaqlaşaraq, tənha həyat keçirir və uzun müddət xəstə yatır. 1897-ci ildə dünyasını dəyişən Natəvan, Ağdamda “İmarət” adlı yerdə dəfn olunubdur.
Natavanın bir çox qohumları da şairlik istedadı ilə tanınmışlar. Bibisi-Ağa bəyim Ağa, əmisi Nəva, dayıları Hali və Müsahibin adları ədəbiyyatda yaxşı tanınır. Natəvanın gənc yaşlarından ədəbiyyat və incəsənətə böyük marağı olub. O dövrünün istedadlı şairi olmaqla bərabər həm də gözəl rəssam idi. Onun həyatını bütünlüklə əsərlərindən görmək mümkündür. Əsərlərinin rəngarəngliyi, təkrarsızlığı, dilinin sadəliyi diqqəti cəlb edərək, xalq tərəfindən yülksək dəyərləndirilmişdir. Təsadüfi deyildir ki, XIX əsrin sonları, XX əsrin əvvəllərində Xurşid banu Natəvana əlliyə yaxın şeirlər həsr edilibdir. Natəvan təkcə Qarabağda deyil, Azərbaycanın bütün bölgələrində, hətta uzaqlarda belə tanınırdı. XIX əsrin 60-cı illərində fransız yazıçısı Aleksandr Düma Qafqaza səyahətə çıxaraq Qarabağa gəlir, orada xan qızı Natəvanla görüşür və onun əl işlərindən hədiyyə alaraq öz ölkəsinə aparır.
Natəvan yaradıcılığında olduğca çalışqan fəaliyyət göstərmişdir. O, 1864-cü ildə görkəmli şairlərdən Mirzə Rəhim Fənanın təşəbbüsü ilə təşkil olunmuş “Məclisi-üns” şeir məclisini 1872-ci ildə hamiliyə görürərək, məclis üzvlərinin sayını 30-a çatdırır. O dövrdə bir neçə belə məclislər təşkil edilirdi ki, onların da ən məşhuru Natəvanın rəhbərlik etdiyi “Məclisi-üns” şeir məclisi olub. Natəvanın qəzəlləri dillər əzbərini idi. O ətrafına təkcə Qarabağ şairlərini deyil, Azərbaycanın hər tərəfindən şairlər dəvət edir və Bakı, Şamaxı kimi böyük şəhrlərdə də belə məclislərin yaranmasına səbəb olurdu. Bütün ədəbi məclislərdə onun əsərləri müzakirə olunurdu. Təbiətin vurğunu olan Natəvan təbiətə, gülə, çiçəyə şeirlər həsr etmişdir ki, bu günümüzdə də onlar aktuallığını saxlamaqdadır.
və yaxud
Səni kimdir sevən bica, qərənfil? Sənə mən aşiqi-şeyda qərənfil. Səni gülşən ara aşiftə gördüm, Yəqin bildim tutub sevda, qərənfil .
Güllərin dili ilə sevgi, məhəbbəti anladan şairə ürəyindəkiləri belə izah edirdi. Azərbaycanın görkəmli yazıçısı Əzizə xanım Cəfərzadənin qadınlarımıza həsr etdiyi “Azərbaycanın aşıq şair və qadınları” kitabından maraqlı bir yazını nəzərinizə çatdırıram. Xurşid banu Natəvanın nəvəsi Sənubər xanımın xatırladığına görə Natəvan, bənövşəni çox sevərmiş və ölərkən qəbri ətrafında bənövşə güllərinin əkilməsini qızı Xanbikədən xahiş edibmiş.
Xurşid banu Natəvanın bir sıra məşhur qəzəlləri vardır ki, bir çox şairlər onun qəzəlllərindən bəhrələnərək, onu təqlidən qəzəllər yazmışlar. Məsələn: “Ölürəm”, “Ağlaram”, “Ağlasın” və s. qəzəlllər bu qəbildəndir.
Fatimə xanım Kəminə - (1840-1842-ci illərdə) qədim torpağımız Qarabağın dilbər güşəsi Şuşada anadan olubdur. O, Azərbaycan ədəbiyyatı tarixində qadın şairələr içərisində özünəməxsus yerlərdən birini tutur. Fatimə xanım Kəminə öz gözəl, maraqlı qələmi ilə müasirləri arasında seçilən şairələrdəndir. Onun yaradıcılığı haqqında böyük pedaqoq və ədəbiyyatşünas alim Firidun bəy Köçərli tərəfindən araşdırmalar aparılmış və “Azərbaycan ədəbiyyatı” adlı ikicildlik əsərində məlumat verilmişdir. Bir çox mənbələrdə Fatimə xanımım adı Fatma yazılır, lakin Firidun bəy Köçərlinin ilk mənbə kimi əsərində bu xanımın adı Fatimə xanım Kəminə olaraq qeyd edilir.
F.b.Köçərlinin Azərbaycan ədəbiyyatı” adlı əsərində bir çox klassiklərin həyat və yaradıcılıqları haqqında Azərbaycan oxucusuna dəyərli məlumat verilib. Kitabda Azərbaycanın dahi klassikləri ilə ilə birlikdə Fatimə xanım Kəminənin adının çəkilməsi yaşadığı dövrdə onun nə qədər böyük hörmətə layiq olduğunun, əsərlərinin dillər əzbəri olaraq diqqət çəkdiyinin təazahürüdür. F. b. Köçərli Fatimə xanım Kəminəni “nadireyi-zəmanə” adlandıraraq onun yaradıcılığına yüksək qiymət veribdir.
Fatimə xanım Kəminə müasirləri içərisində sayılıb-seçilən və “Qarabağın üçüncü şaireyi-möhtərəməsi” hesab edilir. Qarabağın yetirdiyi ondan ziyadə şairələr içərisində Xurşid banu Natəvan və Fatimə xanım Kəminənin adı xüsusi olaraq qeyd olunur. Onun adı XIX əsr təzkirəçiləri və XX əsr ədəbiyyat tədqiqiatçıları tərəfindən xüsusi hörmətlə qeyd olunur.
Fatimə xanım Kəminə Azərbaycan ədəbiyyatında Fəna təxəllisü ilə tanınan Ağa Mirzə Bəybabanın qızıdır. O, türk və fars dilində mükəmməl savada yiyələnmiş və hər iki dildə gözəl qəzəllər yazırdı. Fatimə xanım Kəminə fitri istedadı, ağlı, kamalı ilə az zaman içərisində məşhurlaşa bilibdir. Onun beş yüzə yaxın şeir və qəzəlləri bu günümüzə qədər gəlib çıxıb. Fatimə xanım Kəminənin qəzəllərinin əsasını sevgi motivləri təşkil edir.
Düşər könlüm, əzizim, qanə sənsiz, Gəlir şamü səhər əfğanə sənsiz. Səninlə duzəxin narına yannam, Behşitdə baxmazam qılmanə sənsiz. Edən abad memari-vüsalın, Olubdur hicrdə viranə sənsiz.
və yaxud:
Fatimə xanım Kəminənin qəzəlləri biri-birindən gözəldir. Böyük hörmət və mənsəb sahib olan Fatimə xanım hələ kiçik yaşlarından müasirlərinin rəğbətini qazanaraq şöhrətlənə bilib. Hətta savadlı olmağını nəzərə alaraq ona “mirzə” ləqəbi verilib və ona “Mirzə Fatimə xanım” deyə müraciət edilirdi. Mirzə o dövrdə hörmət mənasında savadlı, ziyalı şəxslərə deyilib. Hətta Fatimə xanım Kəminəyə Şərqin Məhsəti, Nigar xanım, Nuricahan bəyim, Ayişə, Teyyubə kimi xanım şairələr içərisində fəxri yer də verilibdir. Onun qəzəlləri az zaman içərisində sevilərək dillər əzbərinə çevrilib.
Əgər nəzərə alınsa ki, onun yaşadığı dövr ağır qayda-qanunların, nadanlığın, cəhalətin və mövhumatın hökm sürdüyü bir vaxta təsadüf edir, belə bir şəraitdə qadının açıq fikir söyləməsi və bu qəzəllərin geniş xalq kütlələrinin dilinin əzbərinə çevrilməsi o qədər də asan olmayıbdır.
Əcəb sevdadı bu, sevdayə düşdüm, Rəhi-eşqin tutub, qovğayə düşdüm. Nə dünyada gəzib kamə irişdim, Nə fikri-yar ol üqbaya düşdüm. Rəhi eşqini əvvəl səhl sandım, Vəli, axırda ahü vayə düşdüm. Sorağı-buyi-zülfini səbadan Eşitdim, ta belə səhrayə düşdüm.
İstər Fatimə xanım Kəminə və istərsə də onun timsalında digər Azərbaycan qadın şairələrinin qorxmadan azad fikir söyləməsi Azərbaycan qadınlarının mübarizliyinin, açıqfikirli olmasının göstəricisidir. Onlar sübut etmişlər ki, zəmanə bəhanədir hər əzaba qatlaşan Azərbaycan qadınları yeri gələndə sözlərini lazımınca ifadə etməyi də bacarırlar.
Mənbələrə istinadən deyə bilərik ki, Fatimə xanım Kəminənin zahiri gözəlliyi ilə batini gözəlliyi uyğunluq təşkil edibdir. Pak əxlaqlı, nurani siması olan Kəminə xanımın əsərlərinin dövrünün bir çox tanınmış şairlərinin əsərlərindən yüksək tuturdular. Gözəl ailə tərbiyəsi almış bu xanım həddindən ziyadə xoşrəftar, zərif, mülayim xasiyyətli və mədəni olubdur. Fatimə xanım Kəminənin 1898-ci il payız aylarında Şuşada vəfat etməsi bütün Qarabağda böyük yasa çevrilmişdi. Bu itki Qarabağın şair və maarifpərvərləri üçün ağır itki hesab edilirdi.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin
aparıcı məsləhətçi, şöbə müdiri Pərixanım Mikayılqızı