1981-ci ilin dekabr ayında Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm İnstitutunun Filialı olan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunun yaranmasının 60 ili tamam olur. Bu münasibətlə 24 noyabr 1981-ci il tarixində AKP MK-nın Büro iclasında Partiya Tarixi İnstitutunun və onun tərkib hissəsi olan Partiya Arxivinin 60 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi barədə məsələ müzakirəyə çıxarılır. Qərara alınır ki, müvəffəqiyyətli işinə, elmi və təbliğatçılıq fəaliyyətindəki nailiyyətlərinə görə Partiya Tarixi İnstitutunun Qırmızı Əmək Bayrağı Ordeni ilə təltif edilməsi barədə SSRİ Ali Sovetinin Rəyasət Heyəti qarşısında vəsatət qaldırılsın. Həmin Qərarda bir sıra əməkdaşların fəxri ad və fəxri fərmanla təltifi, İnstitutun fəaliyyətini əks etdirən kitabın və mətbuatda məqalələrin nəşri, habelə İnstitut əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə bəndlər də öz əksini tapır.

Beləliklə, SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 yanvar 1982-ci il tarixli Fərmanı ilə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutu – Sov.İKP MK yanında Marksizm-Leninizm İnstitutu Filialı Qırmızı Əmək Bayrağı Ordeni ilə təltif olunur.

Azərbaycan KP MK Bürosunun 19 fevral 1982-ci il tarixli iclasında isə Partiya Tarixi İnstitutunun əməkdaşlarının Azərbaycan SSR Ali Sovetin Rəyasət Heyətinin Fəxri Fərmanı və fəxri adlarla təltif olunması barədə Qərar qəbul olunur.

Qırmızı Əmək Bayrağı Ordenini kollektivə 1982-ci il oktyabrın 26-da keçirilən təntənəli yığıncaqda respublikanın rəhbəri Heydər Əliyev şəxsən təqdim edir. Heydər Əliyev həmin iclasda öz çıxışında alimlərin və arxivçilərin əməyinə yüksək qiymət verərək deyir: “Biz arxiv sənədlərini toplayan və mühafizə edən, ...misilsiz sənədləri sətir-sətir toplayıb nəsillər üçün saxlayan fədakar alimlərə, sadə təvazökar əməkçilərə böyük ehtiramımızı səmimi minnətdarlıq hissilə ifadə edirik”.