1918-1920-CI İLLƏRDƏ SOYQIRIMA MƏRUZ QALMIŞ AZƏRBAYCAN QADINLARI
A+   A-

Lətifə ƏLİYEVA

tarix üzrə fəlsəfə doktoru

 

Ermənilər tərəfindən soyqırıma məruz qalmış Azərbaycan qadınları (1918-1920-ci  illər)

 

       Azərbaycan tarixşünaslığında bu vaxtadək 1918-1920-ci illərdə soyqırıma məruz qalmış qadınların aqibəti və vəziyyəti xüsusi tədqiqat obyekti olmamışdır. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra on minlərlə qurbanlar bahasına başa gələn soyqırımı faciəsinin hərtərəfli və obyektiv elmi dərki prosesinə başlamaq mümkün oldu. On illər boyu arxivlərdə məxfilik qrifi altında gizlədilmiş faciəli hadisələrlə əlaqədar tarixi həqiqətin aşkara çıxarılması bu gün aktual problemlərdən biridir.  

         Arxivlərdə 1918-1920-ci illərdə erməni millətçilərinin müsəlman əhalisini total şəkildə qırmaları haqqında məlumat və faktları ehtiva edən sənədlər saxlanılır. Azərbaycanlıların soyqırımı haqqında mühüm sənədlərə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində  də  cəmləşmişdir.

1918-ci ilin mart hadisələrinə dövlət səviyyəsində ilk dəfə azərbaycanlıların soyqırımı kimi rəsmi siyasi qiymət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verilmişdir. Prezidentin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanında xüsusi olaraq vurğulanır: “Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir” (1).

       XX əsrin əvvəllərində baş vermiş bu qanlı hadisələrə Azərbaycanın dövlət və siyasi xadimləri tərəfindən də münasibət bildirilmiş, ətraflı təhlil edilmişdir. Mart hadisələrinin ildönümünə həsr olunmuş məqaləsində M.Ə.Rəsulzadə bunu “türk-müsəlman əhalisinin qətliamı” adlandırmışdı (1). O hesab edirdi ki, bu, bolşeviklərin ətraflı düşünülmüş, ölçülüb-biçilmiş planı idi və qisas hissi ilə hərəkət edən daşnakların köməyi ilə həyata keçirilmişdi (2).

       Azərbaycanın ovaxtkı görkəmli dövlət xadimlərindən olan Ə.M.Topçubaşov hesab edirdi ki, bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək məqsədilə müsəlman əhalisinin qırğınını çoxdan hazırlayırdılar və qadın-uşaq demədən hamını məhv etməyə hazır idilər (3).

       Başda Stepan Şaumyan olmaqla bolşeviklərin rəhbərlik etdiyi daşnakların cinayətlərini azərbaycanlı bolşeviklər də tənqid etmişdilər. Görkəmli dövlət xadimi Nəriman Nərimanov yazırdı: “Şamaxıda daşnak Əmirovun və Styopa Lalayevin törətdiklərinə nə ad qoymaq olar?” (4). Bəlli olduğu kimi, 1918-ci il  aprel ayının əvvəlində S.Şaumyan tərəfindən Şamaxıya göndərilmiş S.Lalayev müsəlman qadın və uşaqları məscidə toplayaraq, onları canlı-canlı yandırmışdı (5). N.Nərimanov kədər hissi ilə qeyd edirdi: “Nəticədə müsəlman qadınları uşaqları ilə kütləvi şəkildə daşnakların, yəni “sovet hakimiyyətinin müdafiəçilərinin” əsirliyində bulunmuş oldular” (6, s.59-60; 7, s.176). “Buradaca bizim müdafiəçilərimiz – daşnaklar tərəfindən qadınlara qarşı törədilmiş iyrənc təhqirlər haqqında necə susmaq olar?” – deyə N. Nərimanov yazırdı (5, s.60). Bu hadisələrə qiymət verən Mir Cəfər Bağırov Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının XXII qurultayındakı çıxışında qeyd edirdi: “1918-ci ildə Amazasp, Abram Valuyants, polkovnik Avetisov sovet hakimiyyəti uğrunda savaşmırdılar. Mən iştirakçı idim, təəssüflər olsun ki, Amazaspın dəstəsinin üzvü idim və onların Qubada nələr etdiklərini görmüşdüm. Hələ mən Şamaxıda və başqa yerlərdə törədilənlərdən danışmıram” (8).

1918-ci ildə Birinci Dünya müharibəsi başa çatdı. Xalqlar sülh əldə etdilər. Fəqət Azərbaycan xalqı savaşmaq, öz qonşularının hücumlarını dəf etmək məcburiyyətində qalmışdı. Ermənilər yaranmış mürəkkəb vəziyyətdən yararlanaraq, Azərbaycan ərazilərini zəbt etməyə və onların hesabına öz dövlətlərini qurmağa can atırdılar. Erməni əraziləri haqqında söz salan Bakı şəhərinin ovaxtkı rəisi Martınov bu hadisələrdən xeyli əvvəl bildirirdi ki, “ermənilərin... Qafqazda öz əraziləri yoxdur. Nəinki quberniya, hətta elə bir qəza yoxdur ki, o, müstəsna erməni ərazisi hesab edilsin. O zaman soruşulur: gələcək erməni dövləti üçün ərazi haradadır?” (8).

Qarşıya qoyulmuş məqsədin həyata keçirilməsi, yəni ərazilərin onların həqiqi sahiblərindən – azərbaycanlılardan “azad” edilməsi üçün erməni silahlıları etnik təmizləmə siyasəti aparır və torpaqları qəsb edirdilər. Onlar yerli müsəlman əhalini terrora məruz qoyur, dinc sakinləri öz evlərindən didərgin salır, Azərbaycan kəndlərinə hücumlar edir, yerli əhalini soyur və öldürürdülər.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Fövqəladə İstintaq Komissiyasının (FİK) materialları o illərin qanlı hadisələrini öyrənmək baxımından xüsusi əhəmiyyət kəsb edir. 1918-ci ildə müstəqil respublikanın gənc hökuməti qarşısında bir sıra mürəkkəb vəzifələr dururdu. Bu vəzifələrdən biri də 1918-ci ildə ermənilərin azərbaycanlı əhaliyə qarşı törətdikləri cinayətlərin açılması üçün istintaq hərəkətlərinin təşkil edilməsi idi. Hər şeydən öncə Bakıda və onun qəzalarında ermənilər tərəfindən azərbaycanlıların soyqırımının, yəni dinc əhalinin etniki əlamətə – türk-müsəlman mənşəyinə görə kütləvi qırğınının törədildiyi 1918-ci ilin mart hadisələrinin təhqiq olunması qərara alınmışdı.

1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyətinin Xarici işlər naziri Məmməd Həsən Hacınski hökumətin iclasında fövqəladə istintaq komissiyası xarakteri daşıyacaq qurumun yaradılmasının zəruriliyi haqqında məruzə ilə çıxış etdi (9). Erməni quldur dəstələrinin fəaliyyətinin qarşısını almaq, habelə zorakılıq törədənləri və vurulmuş zərərin həcmini müəyyən etməkdən ötrü Fövqəladə İstintaq Komissiyasının yaradılması nəzərdə tutulurdu. Bu komissiya bütün zorakılıq hallarını və onların baş verdiyi vəziyyətləri qeydə almalı idi. Nazir dərhal zərərçəkənlərin, şahidlərin və hadisələri görənlərin ifadələrinin alınmasına, fotoçəkilişinə və maddi dəlillərin toplanılmasına başlamağı təklif edirdi (9, iş.27, v.12).

Fövqəladə İstintaq Komissiyası ilk vaxtlar 7 nəfərdən ibarət  idi. Komissiyanın sədri Ələkbər bəy Xasməmmədov təyin edilmişdi. 1918-ci ilin sentyabrında Azərbaycan hökumətinin Gəncədən Bakıya köçməsindən sonra FİK də Bakıda fəaliyyətə başladı və sıx surətdə təhqiqatla məşğul oldu. Komissiyanın Bakı qrupunun üzvlərinin əksəriyyəti qeyri-azərbaycanlılar idi. Qeyd edək ki, bu fakt bu gün FİK-in vaxtilə apardığı təhqiqatın obyektivliyinə və mötəbərliyinə güvənmək, etibar etmək baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

       Komissiya mürəkkəb şəraitdə çalışırdı. Lakin buna baxmayaraq, FİK nəhəng iş görmüşdü: yalnız 1918-ci ilin dekabr ayı ərzində 606 zərərçəkən və şahid dindirilmiş, 209 protokol tərtib edimişdi (9). Ermənilərin törətdikləri  cinayətlərin sənədli şahidləri olan xeyli sayda fotoşəkillər hazırlanmış, çoxlu dəyərli maddi sübut seçilmişdi. Əhali istintaq komissiyasının işinə böyük etimad və rəğbətlə yanaşırdı. Bu məqamı komissiyanın sədri Ə.Xasməmmədov da qeyd edirdi. Ermənilərin törətdikləri qanlı qırğının bütün dəhşətlərini yaşamış zərərçəkmiş azərbaycanlıların ifadələri çox vaxt digər millətdən olan Bakı sakinlərinin şahidlikləri ilə də təsdiqlənirdi.

Azərbaycan tarixşünaslığında 1918-1920-ci illərdə azərbaycanlıların soyqırımı məsələsi geniş araşdırılmış mövzulardan biridir. Bu məsələlərə çoxsaylı monoqrafiyalar (10; 11; 12), dissertasiyalar (13), məqalələr və broşürlar həsr edilmişdir. 1918-ci ilin martın sonunda Bakıda azərbaycanlıların soyqırımının bilavasitə təşkilatçısı və rəhbəri başda S.Şaumyan olmaqla Bakı Sovetinin rəhbərliyi idi. 1918-ci ilin əvvəllərində Azərbaycan milli qüvvələrinin, “Müsavat” partiyasının siyasi mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənmişdi. Bu fakt bolşevikləri çox narahat edirdi. Bakı Soveti erməni millətçilərinin köməyi ilə Azərbaycan milli hərəkatını darmadağın etməyə hazırlaşırdı. Daha geniş planda söhbət Bakı şəhərində və Bakı quberniyasında demoqrafik vəziyyətin zorakılıqla dəyişdirilməsindən gedirdi (14). Azərbaycan əhalisinin məhv edilməsi dövlət səviyyəsində həll olunurdu.

Sovet tarixçiləri bu hadisələri Bakı Sovetini devirmək məqsədilə ona qarşı müsavatçıların antisovet qiyamı kimi qələmə verirdilər və hesab edirdilər ki, guya S.Şaumyan vətəndaş müharibəsi getdiyinə görə müsavatçılara münasibətdə cəza tədbirlərinə əl atmaq məcburiyyətində qalmışdı. Lakin tarixi qaynaqlar bunun soyqırımı olduğunu, dinc əhalinin məhv edilməsinin və talanların ilk növbədə milli əlamət (kimlik) üzrə həyata keçirildiyindən xəbər verir.

Mart hadisələri zamanı əhalinin ən müdafiəsiz hissəsi – qadınlar və uşaqlar hamıdan çox zərər çəkdimişlər. Əlbəttə ki, qadın və uşaqlar heç bir partiyaya mənsub, yaxud da “Müsavat” partiyasının üzvü deyildilər.

Ermənilərin qadınlarla xüsusi qəddarlıqla davrandıqları barədə şahid ifadələri çoxdur. Onlar bilirdilər ki, azərbaycanlılar üçün ailə namusu qadının etik statusu ilə bağlıdır. Azərbaycanlıya mənəvi zərbə endirməkdən ötrü onun arvadını, bacısını və yaxud qızını öldürmək, ya da namusunu ləkələmək lazımdır.

 

FİK-in materiallarında göstərilirdi ki, təkcə Bakının bir yerində ermənilər qulaqları, burunları olmayan, qarınları yırtılmış və cinsiyyət orqanları kəsilmiş 57 qadın cəsədini basdırmışdılar. Canilər bir evdə 25 yaşlı qadını divara mismarlamışdılar (15). Hacı xanım Allahverdi qızı adlı bir başqa qadının ermənilər qolunu doğramış, döşünü kəsmiş, öldürmüş və üzünün dərisini götürmüşdülər (15, v.5 arxa). Türkiyə tədqiqatçısı Hüseyn Baykara qeyd edirdi ki, on minlərlə müsəlman şəhidi haqqında yazmaq çətindir, zira ermənilər türk qadınlarını çılpaq olaraq bir-birinə hörükləri ilə bağlanmış halda aparırdılar, sonra isə onlara qarşı müxtəlif zorakılıqlar törədir, qətlə yetirirdilər (16).

       İstintaq materiallarında aşağıdakı fakt nəzərə çarpır: dinc azərbaycanlılara qarşı vəhşiliklərdə erməni ziyalıları bilavasitə iştirak edirdilər. Onların dəstələrindən biri Bakıda bir evə soxulmuş, 8 qadını və uşağı güllələmişdi (16, v.17). Ermənilərin öldürməyə macal tapmadıqları qadınları hörükləri ilə bir-birinə bağlayaraq, apardıqlarını və yolda tüfənglərinin qundağı ilə vurduqlarını şahidlər görmüşdülər (16, v.17). Erməni hərəkatının rəhbərlərindən biri Bakıda öz tanışları qarşısında lovğalanırdı ki, Şamaxıda 10 müsəlman qızı zorlamış və daha sonra tapança ilə güllələmişdi (17, v.18).

       Şamaxıda Padar köçəbəsində ermənilər bütün əhalini qırmışdılar. Onlar “nə qadına, nə də uşağa aman vermişdilər, 25 qadın, 80 kişi, 15 uşaq öldürmüşdülər. Onlar gənc və gözəl qadınları və qızları yaxalayır və zorlayırdılar” (18, s.169). FİK-in materiallarında zərərçəkmiş qadınların çoxlu sayda şahid ifadələri vardır, lakin bir çox qız və qadın utanır, ətraflı ifadə vermir, yaxud da ümumiyyətlə ifadə verməkdən boyun qaçırırdı.

       Şahidlərin və hadisələri bilavasitə görənlərin ifadələri ilə müəyyən olunmuşdu ki, ermənilər Cənubi Qafqazın müsəlman əhalisinin sistemli şəkildə qırılması və onların ərazilərinin ələ keçirilməsi ilə əlaqədar bütöv bir plan hazırlamışdılar. Ermənilər azərbaycanlıları çox vaxt qeyri-adi, inanılmaz qəddarlıqla qətlə yetirirdilər: onların canlı-canlı dərisini soyur, divara mismarlayır, süngü ilə gözlərini oyur, qulaqlarını kəsir, ağaclardan asırdılar. Hətta təhqiqatı aparan təcrübəli hüquqşünaslar belə erməni şovinistlərinin dəhşətli cinayətlərindən sarsılmışdılar. FİK-in işinə cəlb olunmuş fotoqraf Vladimir Sokolov divara kazak çivi ilə mismarlanmış ikiyaşlı uşağı və digər kiçik uşaqları çəkərkən, bu vəhşiliyin ağırlığına dözməmişdi. Bundan sonra o, erməni cinayətlərinin izlərini çəkməyə davam etməkdən imtina etmişdi (19).

Amerika tarixçisi Firuz Kazımzadə 1951-ci ildə ABŞ-da nəşr olunmuş kitabında yazırdı: “Ermənilər bolşevizm maskası altında müsəlmanların üzərinə hücum etdilər; bir neçə dəhşətli gün ərzində on iki min insanı qırdılar ki, onların arasında qocalar, qadınlar, uşaqlar çox idi” (20, s.78). Belə bir vəziyyətdə Bakının başda Osmanlı qoşunları olmaqla Qafqaz İslam Ordusu tərəfindən bolşeviklərdən və ermənilərdən azad edilməsi Bakı əhalisini ermənilərin sonrakı terrorundan qurtardı. 1918-ci il sentyabrın 14-15-də ermənilər şəhəri tərk etdilər (21, s.16).

Ermənilər Naxçıvan, Qarabağ, Zəngəzur, Cavanşir, Sürməli və digər qəzaların müsəlman əhalisinin də qanını axıtmış və qırmışdılar. Sözügedən ərazilərdə silahlı quldurlarla yanaşı, əsasən, Ermənistan Respublikasının hökumət qoşunları da fəaliyyət göstərirdi. Onlar nəinki müsəlman əhalisini məhv edir, eyni zamanda həmin əhalinin yaşamasının təsərrüfat əsaslarını təxrib edirdilər. Tədqiqatçı Aslan Xəlilov hesab edir ki, “Qars vilayətində ermənilər erməniləşdirmə və müsəlmansızlaşdırma siyasətini yürüdürdülər” və bu məqsədə çatmaq üçün ən çirkin hərəkətlərə və cinayətlərə hazır idilər (22, s.55).

       1918-ci il dekabrın 20-də Azərbaycan parlamentinin təcili çağırılmış iclasında Gəncə quberniyasının müsəlman əhalisinə qarşı Ermənistan Respublikasının təcavüzü müzakirə olunmuşdu. Qarabağdan olan deputat Allahverdibəyov hələ 1918-ci il dekabrın 15-də “Qarabağda Andronikin bandaları tərəfindən törədilən azğınlıqlarla əlaqədar oradakı hadisələr haqqında sorğu” vermişdi (22, s.88). Parlamentin iclasında deputat Məhərrəmov da insanların nə cinsinə, nə də sağlamlığına məhəl qoymadan müsəlman kişilərinin, qadınlarının, uşaqlarının və qocalarının qanını tökmüş Andronikin bandalarının azğınlıqları haqqında məruzə etmişdi (22, s.88).

       Təbiidir ki, bütün bu dəhşətli qırğınlarda hamıdan çox qadınlar əziyyət çəkirdilər. Onlar öz ərlərini, oğullarını və qardaşlarını itirir və bununla da həyatda dəstəkdən məhrum olur, ev-eşiklərindən didərgin düşürdülər. Bir azərbaycanlı qadının taleyinin nümunəsində eyni taleyi yaşamış minlərlə müsəlman qadınının vəziyyətini təsəvvür etmək olar. Belə ki, Tavat adlı bir qızın toy günü ermənilər onun Qubadlıdakı kəndinə hücum etmiş, bütün əhalini qırmış, valideynlərini, qardaşlarını, bacılarını və nişanlısını qətlə yetirmiş, kəndi yandırmışdılar (23). Sağ qalmış kişilər və hətta qadınlar doğma torpaqlarının müdafiəsinə qalxmışdılar. Gəlinliyini soyunmuş on səkkiz yaşlı qız əlinə silah alaraq, kişilərlə bərabər onların kəndini ələ keçirmiş erməni millətçilərinə qarşı savaşmışdı (24, s.87). Öz cəsarət və igidliyinə görə qız “Erkək Tavat” ləqəbini almışdı. Erməni daşnakları onun bütün həyatını alt-üst etmişdilər. İndidən belə onun nə ailəsi var idi, nə də doğmaları; o, qadınlığını və bir qadın kimi ev sahibəsi olmaq və uşaqlar böyütmək haqqını unutmaq məcburiyyətində qalmışdı. On minlərlə azərbaycanlı qadın da bu vəziyyətdə idi: erməni millətçilərinin öz qonşularının torpaqlarını ələ keçirmək siyasəti nəticəsində onların həyatı tar-mar olmuşdu. Prinsip etibarilə, 1918-1920-ci illərdə erməni-azərbaycanlı münaqişəsi iki ölkə – Azərbaycan və Ermənistan arasında tammiqyaslı müharibəyə çevrilmişdi. 1919-cu il noyabrın 23-də bu respublikalar arasında mübahisəli ərazi məsələlərinin həllinədək hərbi əməliyyatların dayandırılması haqqında saziş əldə olunsa da (25), erməni tərəfi Qarabağda, Zəngəzurda, Naxçıvanda, Zəngilanda və digər Azərbaycan torpaqlarında etnik təmizləmə siyasətini həyata keçirməkdə davam edirdi. Təkcə İrəvan quberniyasında ermənilər 211 Azərbaycan kəndini yerlə yeksan etmişdilər (26, s.24-27). Sarı Hacalı kəndindən demək olar ki, bütün qadınlar aparılmışdı; onların döşü kəsilmiş cəsədləri sonralar tapılmışdı (15, v.4 arxa). Axşam kəndində erməni əsgərləri 9 qadını və 10 azyaşlı uşağı qılıncdan keçirmişdilər.

Zəngəzurun Bayandur, Şayıflı, Qaraçiman və digər Azərbaycan kəndlərində, arxiv sənədlərinin məlumatlarına əsasən, ermənilər misli görünməmiş vəhşiliklər törətmişdilər. Ermənilər 2254 insanı qətlə yetirmiş  (onlardan 257-si qadın, 153-ü uşaq idi),  304 nəfəri yandırmışdılar (onlardan 53-ü qadın, 39-u uşaq idi) (27). Misal üçün, ermənilər səhər erkən Ərəş qəzasının Kürd kəndini mühasirəyə almış, sonra kəndə soxularaq sakinləri öz evlərində öldürməyə başlamışdılar. İnsanların bir çoxu hələ yuxulu olduğundan qaçmağa macal tapmamışdılar. Ermənilər 68 nəfəri öldürmüşdülər, özü də qətlə yetirilənlərin əksəriyyəti qadınlar və uşaqlar idi (28). Sənədlərdə göstərilir ki, ermənilər kəndliləri “bu zaman inanılmaz dərəcədə vəhşiliklə öldürürdülər: süngü ilə deşir, xəncərlə şaqqalayır, insanların üzündən dərilərini soyur, çağaları havaya atır və tikə-tikə doğrayır, diri-diri evlərinin divarlarına mismarlayırdılar”. Kürd kəndinin bütün küçələri qana boyanmışdı (28).

       1918-ci ilin dekabrında səhər tezdən zabit Aslan Sarkisovun komandanlığı altında və Xosrov İşxanovun köməyi ilə əsgər formasında, əlində tüfəng erməni bandaları Şuşa qəzasının Qoqa müsəlman kəndini qəfildən mühasirəyə almış və elan etmişdilər ki, general Andronikin əmrinə əsasən, müsəlman kəndliləri ermənilər üçün buğda, arpa, mal-qara tədarük etməli, öz silahlarını verməli və Ermənistan Respublikasının hakimiyyətini tanımalı idilər (29). Yerli mülkədar, Qarabağ xanlarının nəslindən olan Əsəd ağa Cavanşir cavabında bildirmişdi ki, müsəlmanlar Azərbaycan Cümhuriyyətinin hakimiyyətini tanıyırlar, silahın təhvili ilə əlaqədar isə düşünmək üçün möhlət istənilmişdi. Ertəsi gün Əsəd ağa və oğlu Soltan ermənilərə inanaraq, silahlarını onlara təhvil vermişdilər. Bundan sonra ermənilər dərhal “qoca Cavanşiri və onun oğlunu, daha sonra onun qızı İran bəyimi, qohumu Fatma bəyimi öldürdülər, bütün xidmətçiləri, o cümlədən İnci İbad qızı adlı qadını qətlə yetirdilər... Özü də qətllər işgəncələrlə müşayiət olunurdu, qadınların meyitləri çılpaq idi və kəsik yara izlərinə malik idi” (29, v.39). Kənd top atəşinə tutularkən, bir neçə qadın, o cümlədən Ayna Abbasqulu qızı və başqaları həlak olmuşdu.

       Zəngəzurda erməni hökuməti İrəvandan pulla təmin olunan erməni milli şurasını yaratmışdı. Həmin şuranın nizami hissələri “dinc müsəlman kəndlərini atəşə məruz qoyaraq qılıncdan keçirirdi” (30). 1919-cu ilin fevralında erməni təmsilçisinin Naxçıvan qəzasının ingilis valisinə məruzəsində Azərbaycanın erməni tərəfinə şərtlərindən danışılırdı. Azərbaycan tərəfinin ən mühüm tələbi ermənilərin ələ keçirdikləri və işgəncə verdikləri azərbaycanlı qadınlarla bağlı idi. Ermənilər “sasunluların əlində olan üç yüz müsəlman qadınını qaytarmalı idilər” (19).

       FİK-in illik məruzəsinə əsasən, təsbit edilmişdi ki, təkcə Zəngəzur qəzasının 115 kəndində 2276 qadın və 2196 uşaq öldürülmüşdü. Həmin dövr ərzində 794 qadın və 485 uşaq yandırılmışdı (2, s.131).

“Daşnaksütyun” partiyasının banilərindən və rəhbərlərindən biri olan Ov. Kaçaznuni etiraf edirdi ki, onlar müsəlman kəndlərinə qarşı tez-tez “silaha əl atmalı, qoşun yeritməli, dağıtmalı və qırğın törətməli olurdular” (32). Erməni tarixçisi A.Karinyan qeyd edirdi ki, daşnakların gələcək milli dövlətin ərazisi uğrunda mübarizəsi və onun sərhədlərini “yuvarlaqlaşdırılması” “Fevral çevrilişinin ertəsi günü” başlamışdı (33).

       Azərbaycanlılar yaxşı təşkilatlanmış erməni silahlı dəstələrinə lazımi səviyyədə müqavimət göstərə bilmirdilər. “İttihad” partiyasının rəhbəri Qarabəy Qarabəyov yazırdı ki, “öz sadəlövhlüyü və ətalətliliyi ilə müsəlmanlıq hər yerdə qəfil yaxalanmışdı. Onlar  müharibə haqqında ciddi şəkildə düşünmür və onu gözləmirdilər. Əgər müsəlmanlar düzgün təşkil olunmuş daşnak qoşunları tərəfindən özünün tam məhvini əngəlləyə bilmişdisə, buna görə müstəsna olaraq özünün hərbi əməliyyatlardakı təbii qabiliyyətlərinə borclu olmalıdırlar” (33, v.58; 34).

      Bakıda və Cənubi Qafqazın digər şəhər və qəzalarında azərbaycanlı əhalinin kütləvi şəkildə qırğını bu diyarda bolşeviklərin məğlubiyyətinin başlanğıcı idi. Bu hadisələr müsəlman əhalisinin bolşeviklərdən tam üz döndərməsinə səbəb oldu; sonuncular müsəlmanların etibarını itirmişdilər. Bu da öz növbəsində bolşeviklərin iflasına və 1918-ci ilin iyulun sonlarında sovet hakimiyyətinin süqutuna, Bakı Sovetinin sonuna gətirib çıxarmışdı.

Ermənilərin 1918-1920-ci illərdə başladıqları münaqişə, azərbaycanlıları kütləvi şəkildə qırmaları Azərbaycan qadınları arasında milli özünüdərkin fəallaşması və konsolidasiyası proseslərinin katalizatoru rolunu oynadı. Millətlərarası münaqişə qadınların vətənpərvərlik əhval-ruhiyyəsinin yüksəlişinə təkan verdi, onları  möhkəmləndirərək  ictimai fəaliyyətlərini gücləndirdi.

 

İstifadə edilmiş ədəbiyyat:

1.“Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 26 mart 1998-ci il  // “Azərbaycan” qəzeti, 27 mart.1998-ci il.

2.Rəsulzadə M.Ə. Unudulmaz faciə // “Azərbaycan” qəzeti, 31 mart 1919-cu il..

3.Topçubaşov Ə.M. Azərbaycanın təşəkkülü. İstanbul, 1918. Bakı, 1990..

4. Нариманов Н. Избранные произведения в 3-ех томах. Т.2 (1918-1921). Баку, Азернешр, 1989.

5.Нариманов Н. К истории нашей революции в окраинах (Письмо И.В.Сталину). Баку, 1990.

6. Наджафов Б. Лицо врага. История армянского национализма в Закавказье в конце ХIХ - начале ХХ в. В 2-ух частях. Баку, 1993.

7. Azərbaycan  Respublikası  Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi (AR Pİİ SSA), f.1, siy.35, iş 9, v.565-566.

8. AR Pİİ SSA, f.277, siy.8, iş 259, v.103.

9. AR Pİİ SSA, f.277, siy.2, iş 13, 14, 15, 25, 26, 27.

10. İskəndərli A. Azərbaycan həqiqətləri 1917-1920. Bakı: “Elm və təhsil”, 2012.

11. Abışov V. Azərbaycanlıların soyqırımı (1917-1918-ci illər). Bakı: “Nurlan”, 2007.

12.Халилов А. Геноцид против мусульманского населения Закавказья в исторических источниках. Баку, Азербайджанское Государственное Издательство, 2000.

13.İskəndərov A. Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı (1918-1920). Tarix elmləri dokt. dissert. avtoreferatı. Bakı, 2009.

14.Qəhrəmanov N. I Dünya müharibısində Qafqaz cəbhəsində erməni amili. Bakı, Hərbi Nəşriyyat, 2007,  s.159-160.

15. AR Pİİ SSA, f.277, siy.2, iş 16, v.16.

16.Baykara Hüseyn. Azərbaycan istiqlal mübarizеsi tarixi. İstanbul, 1975, s.250.

17. AR Pİİ SSA, f.277, siy.2, iş 16.

18.Рустамова-Тогиди С.А. Март 1918 г. Баку Азербайджанские погромы в документах. Баку, 2009.

19. AR Pİİ SSA, f.276, siy.9, iş 1, v.25.

20.Кяземзаде Ф. Борьба за Закавказье (1917-1921). CA&PRESS, Стокгольм, 2010.

21.Azərbaycanda mövcud olan şəhidliklər və şəhid məzarları. Bakı, Qismət, 2011.

22.Халилов А.  История Азербайджана по документам и публикациям. Баку, 1990, Азербайджанское Государственное Издательство, Баку, 2000, с.88.

23. Əhmədov R. Mir Cəfər Bağırov. Bakı, 2004.

24. Suleymanov F. Qana boyanmış Quran. Bakı, 1997.

25. Azərbaycan  Respublikası   Dövlət Arxivi (AR DA), f.970, siy.1, iş 190, v.9.

26.Boran Əziz. Azərbaycan Xalq Cümhuriyyəti və qaçqınlar problemi / Azərbaycan Xalq Cümhuriyyəti tarixinin aktual problemləri. Beynəlxalq elmi sessiya (mart-may 2003). Materiallar. Onuncu iclas, 28 aprel, 2003, s.24-27.

27. AR DA, f.1061, siy.2, iş 7, v.37-38.

28. AR DA, f.1061, siy.1, iş 29, v.18.

29. AR DA, f.1061, siy.1, iş 25, v.28.

30.К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР. Документы и материалы.Баку, Азернешр, 1989.

31. Onullahi Seyidağa. Erməni millətçiləri və İran. Bakı, 2002.

32.Качазнуни Ов. Дашнакцутюн больше нечего делать! Тифлис, 1927.

 33.Мамедова Лятифа. Антиазербайджанская деятельность армянских политических организаций в период АДР / Azərbaycan Xalq Cumhuriyyəti tarixinin aktual problemləri. Beynəlxalq elmi sessiya (mart-may 2003). Materiallar. Onuncu iclas, 5 may 2003, s.22-35.

1918-1920-CI İLLƏRDƏ SOYQIRIMA MƏRUZ QALMIŞ AZƏRBAYCAN QADINLARI