Kaspi
A+   A-

Kaspi
     «Каспий» - ictimai - siyasi, ədəbi qəzet. 1881-ci ilin yanvarından 1919-cu ilin martınadək Bakıda rus dilində nəşr olunmuşdur. İlk 28 nömrəsi həftədə iki dəfə, 1881-ci ilin iyul ayından etibarən həftədə 3 dəfə, 1884-cü ildən isə gündəlik nəşr olunurdu. «Kaspi» qəzetinin yaradılma ideyası «Бакинские известия» qəzetinin redaktoru V. V. Kuzminə məxsus idi. Müxtəlif vaxtlarda qəzetin redaktorları və naşirləri V. Kuzmin, N. Şvinkin, V. Liçkus - Xomutov, P. Qordiyevski, E. Boldıreva, N. Sokolinski, Ə. Topçubaşov, K. Karyagin, H. Məlikov, Ə. Hüseynzadə, A. Veynberq olmuşlar. 1897-ci ildə «Kaspi» qəzetini Hacı Zeynalabdin Tağıyev almış və qəzetin redaktorluğunu Ə. Topçubaşova həvalə etmişdir. «Kaspi» qəzetinin «Gündəlik həyatdan», «Dumanın iclasları», «Bizə yazırlar», «Özgə diyarlardan»,  «Məhkəmə xronikası», «Kaspinin məktubları», «Ümumi xəbərlər», «Eskizlər» və başqa başlıqlı  rubrikaları var idi. Qəzetin xüsusi «Neft şöbəsi»ndə neft sənayesinin vəziyyətinə, ayrı-ayrı şirkətlərin fəaliyyətinə, neft hasilatına və satışına dair materiallar dərc edilirdi. 1905-ci ildə Bakıda ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları zamanı  «Kaspi» əsl fədakarlıq göstərmiş, uydurma erməni təbliğatına sinə gərmişdi. Hətta bəzi ermənilər öz saxtakarlıqlarına görə «Kaspi» qəzeti   vasitəsilə üzr istəmək məcburiyyətində qalmışdılar. 1918-ci ilin martında Bakıda azərbaycanlıların soyqırımı zamanı «Kaspi» qəzetinin mətbəəsi ermənilər tərəfindən yandırılmışdır. Kitabxanamızda qəzetin 1893 -1917-ci illərə aid nömrələri (bəzi nömrələr istisna olmaqla) və 1918 -1919-cu illərin bir neçə nömrəsi vardır.
   1209 dəfə baxılıb