Qaydalar
A+   A-

Qaydalar

AR Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin  Elmi araşdırmalar və elmi kitabxana şöbəsi iş qaydaları

 

1. Ümumi qaydalar

 

1.1. AR Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi(sonralar AR Pİİ      SSA) 2007-ci il iyunun 21-də AR Prezidentinin sərəncamı əsasında AR Milli Arxiv İdarəsinin tabeliyində olan Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi(sabiq Azərb. KP. MK yanında Partiya Tarixi İnstitutunun Partiya Arxivinin sənədlər bazası əsasında)AR Prezidentinin İşlər İdarəsinin  tabeliyinə  verilib. Elmi araşdırmalar və elmi kitabxana şöbəsi Arxivin bir şöbəsidir.

1.2. Arxiv və kitabxana AR Prezidentinin İşlər İdarəsinin rəhbərliyi altında fəaliyyət göstərir.

1.3. Hazırkı qaydalar  kitabxananın oxu zalında oxucularla iş qaydalarını müəyyən edir.

1.4. Oxu zalında iş qaydaları, oxucuların kitabxana işçiləri tərəfindən xidmətləri və onların məsuliyyəti “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli, 115 nömrəli Fərmanının 1-ci bəndinin 3-cü abzasının icrasını təmin etmək məqsədi ilə, həmçinin “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” AR Prezidentinin 6 oktyabr 2008, № 3072 saylı sərəncamı ilə müəyyən edilir.

1.5. Bütün oxucular kitabxanada ədəbiyyatların istifadəsi üçün bərabər hüquqlara malikdirlər.

1.6. Kitabxananın oxu zalından istifadə üçün pul ödənilmir.

1.7. Kserosurət çıxarılma xidmətləri ödənişli əsaslarla görülür.

1.8.Oxu zalının iş qaydaları Arxivin rəhbərliyi tərəfindən müəyyən edilir.


2. AR Pİİ SSA-nın Elmi araşdırmalar və elmi kitabxana şöbəsinin oxu zalına oxucuların buraxılma qaydaları

 

2.1. Oxu zalına oxucular Arxivin rəhbərliyinə şəxsi ərizələr əsasında, elmi təşkilatların planlarına uyğun olaraq elmi araşdırmalar aparan və ya xidməti tapşırıqlar yerinə yetirən istifadəçilər isə onları göndərən təşkilatın adından rəsmi məktub təqdim etdikləri halda buraxılırlar.

2.2. Şəxsi ərizələrdə və rəsmi məktublarda istifadəçilərin soyadı, adı, atasının adı, vəzifəsi, elmi adı, elmi dərəcəsi, tədqiqatın mövzusu göstərilməlidir. Ərizə və ya məktub Arxivin direktoruna təqdim edilməlidir.

2.3. Oxu zalında işləmə hüququ Arxivin rəhbərliyi tərəfindən ərizə və ya məktub təqdim edilən vaxtdan bir il müddətinə verilir. Vaxtı qurtardığına və ya mövzunun dəyişilməsinə görə istifadəçi yeni ərizə və ya məktub təqdim etməlidir.

2.4. Xarici istifadəçilər onları göndərmiş müəssisənin və ya təşkilatın və həmin ölkənin AR-da təyin edilmiş səfirliyi adından AR Prezidentinin İşlər müdirinə təqdim edilmiş rəsmi məktub əsasında qəbul edilirlər.

2.5. İstifadəçi oxu zalına qəbul edilərkən hazırkı iş qaydaları ilə tanış olur, bu qaydalara riayət edilməsi üçün öhdəliyi imzalayır.

 


3. Oxucuların hüquqları, vəzifələri və məsuliyyətləri

 

3.1. Oxuculara kitabxanada mövcud olan kataloqlar(əlifba və yaxud sistemləşmiş), tematik kartotekalar verilir.

3.2. Kitabxananın oxu zalında işləyən oxucular aşağıdakı hüquqlara malikdirlər:

3.2.1.Oxu zalının iş rejimi, kitabxananın oxu zalı vasitəsi ilə oxuculara göstərilən xidmətlər, onların verilmə qaydaları və şərtləri haqqında məlumat almaq.

3.2.2. Kitabxananın məsləhətçilərindən tədqiqat işinə dair olan ədəbiyyatlar haqqında məsləhət almaq.

3.2.3. Ədəbiyyatların verilməsi(buraya qəzet, jurnal, kitab və s. daxildir) və onların surətlərinin çıxarılması, əgər mümkün deyilsə səbəbi haqqında məlumat almaq.

3.2.4. Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq tədqiqat mövzusuna uyğun qəzetlərin və s. ədəbiyyatların verilməməyi haqqında rəhbərliyə şikayət etmək.

3.4.5. Elmi kitabxananın sorğu məlumat fondlarından, çap edilmiş nəşrlərdən və əlyazma materiallarından istifadə edə bilərlər.

3.2.6  Texniki imkanların mövcud olduğu halda Arxivin rəhbərliyinin icazəsi ilə digər istifadəçilərə mane olmamaq şərti ilə fərdi texniki vasitələrdən (fərdi kompüter, maqnitofon, diktofon və fotoaparatdan) istifadə etmək olar.

3.2.7. Müdirin(işçinin) razılığı ilə oxu zalına makinada yazılmış və çap olunmuş mətnlərin, elmi işin qrankalarının gətirilməsi və çıxarılması xüsusi buraxılışla qeydiyyata alınmaqla həyata keçirilə bilər. Oxucuların əlyazma materialları buraxılışsız çıxarılır.

3.3. Oxucuları tərcüməçilər və ya köməkçilər müşayiət edə bilərlər.

3.4. Oxucuların vəzifələri:

3.4.1. Hazırkı oxu zalında iş Qaydalarına və  AR Pİİ SSA-nın iş rejiminə riayət etməlidirlər.

3.4.2. Hər dəfə oxu zalının davamiyyət jurnalında qeydiyyat aparılmalıdır.

3.4.3. Oxu zalına kitablar, çap materiallar(3.2.7. bəndində göstərilənlər istisna olmaqla), fotoaparatlar, kinokameralar, surətçıxaran texnika və. s.(Arxivin rəhbərliyi ilə razılaşdırılmışlardan başqa) gətirmək qadağandır.

3.4.4. Hər dəfə oxu zalına gələrkən və işləri bitirdikdən sonra istifadə edilmiş nəşrlər oxu zalının işçilərinə təhvil verilməlidir.

3.4.5. İş müddətində oxu zalının iş rejiminə, sakitliyə və intizama riayət edilməlidir.

3.5. Kitabxananın kitab, qəzet, jurnal və digər materiallarının mühafizəsi məqsədi ilə icazə verilmir:

3.5.1. Oxu zalında siqaret çəkməyə və qidalanma üçün  xüsusi yerlər ayrılmışdır.

3.5.2. Oxu zalında ədəbiyyatların istifadəsi zamanı uzun müddət istifadə etdikləri ədəbiyyatları elektrik işığı və gün şüaları altında açıq qoymaq, kitab, qəzet və jurnalların uclarını qatlamaq, ədəbiyyatların üzərində qeydlər aparmaq, kalka vasitəsi ilə surət çıxarmaq, üzərinə və içinə kənar əşyalar qoymaq.

3.5.3. Bilavasitə ədəbiyyatlardan istifadə zamanı skoçdan, yapışqandan, markerdən, çap makinası üçün düzəltmə(korrekt) vasitələrindən, surətçıxaran kağızdan, mürəkkəbli avtoqələmdən, qayçı və digər əşyalardan istifadə etmək. 

3.6. Oxucular tərəfindən arxiv sənədlərinin  əsasında hazırlanmış biblioqrafik arayış və ya nəşrin nüsxəsi Arxivə (kitabxanaya) təqdim edilməlidir.

3.7 Fəaliyyətləri ilə Arxivə maddi zərər vuran istifadəçilər qüvvədə olan qanunvericiliyə əsasən müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 


4. İstifadəçilərin sifarişləri ilə nəşrlərin surətlərinin çıxarılması və buraxılması

 

4.1. Oxucuların sifarişi ilə materialların kserosurəti hazırlanır və ya skanerdən keçirilir.

4.2. Oxucular surətçıxarma sifarişlərini xüsusi blankda qeyd edib, oxu zalının işçilərinə təqdim edirlər. Surətçıxarma küllü miqdarda çıxarılarsa, Arxivin rəhbərliyinin tələbi əsasında onların siyahısı əlavə edilir.

4.3. Hazırlanan materialların (qəzet, jurnal və kitab) həcmi, fiziki vəziyyəti və texniki imkanlar nəzərə alınaraq Arxivin rəhbərliyi tərəfindən müəyyən edilir-hər tədqiqatçıya 400 kserosurətdən artıq olmadan

4.4. Oxuculara (və ya  onların vəkil edilmiş şəxslərinə) verilən kserosurətlər onların imzaları ilə verilir.

4.5. Xüsusi mühafizədə olan qəzet, jurnal və kitabların surətlərini çıxarmaq qadağandır.

   2162 dəfə baxılıb