Siyasi sənədlər Arxivində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Müstəqillik illərində çiçəklənən Azərbaycan” adlı sərgi açılmışdır

   

2017-ci il mayın 5-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Müstəqillik illərində çiçəklənən Azərbaycan” adlı sərgi açılmışdır.

Açılış tədbirində respublikanın ictimai-siyasi həyatında fəal rol oynayan tanınmış şəxslər, ziyalılar, ictimaiyyət nümayəndələri və Arxiv əməkdaşları iştirak etmişlər.

Arxivin direktoru, tarix elmləri namizədi Mais Bağırov tədbiri açaraq bildirdi ki, hər il aprel ayının sonu, may ayının əvvəllərində Ulu Öndərin anadan olmasının ildönümünü xüsusi qeyd etmək müstəqil Azərbaycanın ən xoş ənənələrindən birinə çevrilmişdir. “Müstəqillik illərində çiçəklənən Azərbaycan” devizi ilə tərtib olunmuş builki sərgi kollektivimizin ümumi səyi ilə işlənib hazırlanmışdır. Onun kompozisiyası möhtəşəm şəxsiyyət kimi milyonlarla insanın rəğbətini qazanmış dahi rəhbərin həyat və fəaliyyətinin müxtəlif mərhələləri üzrə formalaşdırılsa da, ideya və məzmunu məhz görkəmli dövlət xadimi Heydər Əliyevin hazırladığı dövlətçiliyin inkişaf strategiyasının müxtəlif istiqamətlərinin və dövrlərinin əyani təqdimi üzərində qurulmuşdur. Sərginin materialları üzərində işləyərkən çalışmışıq ki, dahi rəhbərin Vətənimiz Azərbaycana məhəbbətinin miqyasını orijinal forma və məzmunda ifadə edək.

Təntənəli açılışdan sonra tədbir iştirakçıları Ulu Öndərin büstü önünə gül düzdülər. Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular.

M.Bağırov hər bir stend barədə tədbir iştirakçılarına məlumat verdi. “Müstəqillik illərində çiçəklənən Azərbaycan”, “Heydər Əliyev strategiyası müstəqilliyimizin təmin olunması üçün zəmindir”, “Vətənə məhəbbət ailədən başlayır”, “Heydər Əliyevin mədəniyyət xadimlərinə qayğısı bu gün də uğurla davam edir”, “Heydər Əliyevin uşaqlara, gənclərə və idmançılara daimi qayğısı”, “Vətənimiz Azərbaycan sülh istəyir”, “Yeni əsrin yeni lideri”, “Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin hamisidir”, “Müdrik atanın layiqli davamçısı”, “Regionların inkişafı Heydər Əliyev strategiyasının davamıdır”, “Müstəqillik illərində Naxçıvanın uğurları”, “Prezidentimizin arxivimizə qayğısına işimizlə cavab verək”, “1969-2003. Tikdim ki izim qala” başlıqları ilə tərtib olunmuş stendlərdə “rəqəmlər, fotolar, faktlar” amilinin vəhdəti əsasında sərginin məqsəd və vəzifəsinin ifadəsinə nail olunmuşdur. Stendlərdə həmçinin yığcam məlumatlar, statistik rəqəmlər, görkəmli şəxsiyyət Heydər Əliyevin Azərbaycan haqqında müdrik fikirlərindən seçmələr də öz əksini tapmışdır.

Sərgidə görkəmli oftalmoloq Zərifə xanım Əliyevaya həsr olunmuş ekspozisiya, o cümlədən “Göz həkimi – nur həkimi” adlı stend qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.

Tədbir iştirakçıları bu sərgini Ümummilli Lider Heydər Əliyevə olan vətəndaş məhəbbətinin təzahürü kimi qiymətləndirdilər.

Tədbirin sonunda Arxivin konfrans zalında tədbir iştirakçıları üçün Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Əbədiyyət” silsiləsindən Azərbaycanda ordu quruculuğuna aid sənədli film nümayiş etdirildi.