31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ QEYD EDİLMİŞDİR
A+   A-

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tematik sərgi təşkil olunmuş və tədbir keçirilmişdir. Bu münasibətlə direktor müavini Elmira Ələkbərovanın rəhbərliyi ilə Arxivdə xüsusi işçi qrupu yaradılmışdı.

Arxiv rəhbərliyi və əməkdaşlarının mütəşəkkil olaraq qatıldığı tədbirdən öncə iştirakçılar Akt zalının foyesində xüsusi tərtib edilmiş stendlərlə tanış oldular. “Tariximizin qanlı səhifələri”, “Arxiv sənədləri və nəşrlər sübut edir”, “Xalqımıza qarşı aparılan soyqırımı siyasəti” adlı üç bölmədən ibarət olan stendlərdə nadir arxiv sənədləri, foto-materiallar, qədim və müasir kitab nəşrləri və onlardan seçmələr toplanmışdır.

Xüsusi diqqət və xronoloji ardıcıllıqla işlənib hazırlanmış bu stendlərdəki materiallar еrməni-bolşevik birləşmiş silahlı dəstələrinin törətdiyi dəhşətlərin sənədli ittihamıdır.

Tədbirdə Arxivin direktoru, tarix elmləri namizədi Mais Bağırov, direktor müavini Elmira Ələkbərova, əməkdaşlatdan Lalə Hüseynova, Elçin Cabbarov və Sabir Babayev çıxış etdilər. Çıxışlarda  xüsusi vurğulandı ki, daşnakçıların Azərbaycan xalqına qarşı soyqırımı və yeni ərazilər qopartmaq siyasəti iki yüz ilə yaxındır ki, davam etməkdədir. Azərbaycan Demokratik Cümhuriyyəti dövründə bu siyasətin ifşasına yönəldilmiş bəzi cəhdlər olsa da, məhz ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi zamanında dövlətimiz azərbaycanlıların soyqırımı və Qərbi Azərbaycanda etnik təmizləmələrə yönəldilmiş erməni vəhşilikləri barədə əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün çox böyük işlər görmüşdür. Həmin siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir.

 Ölkəmiz  müstəqilliyini bərpa etdikdən sonra xalqımız öz tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı qazanmışdır. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş arxiv sənədləri açılır, əsl tarix yazılmağa başlanır. Millətimizə qarşı əsrlər boyu davam edən qadağalar nəticəsində öz siyasi-hüquqi qiymətini almamış Azərbaycanlıların Soyqırımı faktı da tarixin açılmamış səhifələrindən biri idi.

Azərbaycanlıların Soyqırımı cinayətinə dair faktların ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirilən işlərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin kollektivi səmərəli işlər görmüşdür. Əməkdaşlarımızın imzası və yaxından iştirakı ilə uyğun mövzuda müxtəlif kitablar hazırlanıb nəşr olunmuş, KİV-də məqalələr dərc edilmişdir. Bu sahədəki işlər davam etdirilməkdədir.

   1637 dəfə baxılıb