SİYASİ SƏNƏDLƏR ARXİVİNDƏ MÜSTƏQİLLİYİMİZİN BƏRPASININ 25 İLLİYİNƏ HƏSR OLUNMUŞ SƏRGİ AÇILMIŞ VƏ BEYNƏLXALQ TƏDBİR KEÇİRİLMİŞDİR
A+   A-

Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin Siyasi Sənədlər Arxivində dövlətimizin müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş sərgi açılmış və Beynəlxalq Elmi Konfrans keçirilmişdir.

Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır” şüarı ilə keçən tədbirdə Respublikamızın ictimai-siyasi həyatında fəal rol oynayan tanınmış şəxslər, elm və ictimaiyyət nümayəndələri, ölkəmizdə akkreditə olunmuş səfirliklərin əməkdaşları, xarici ölkələrdən gəlmiş tədqiqatçı-alimlər, politoloqlar, KİV təmsilçiləri və Arxivin əməkdaşları iştirak etmişlər.

Arxivin direktoru, tarix elmləri namizədi Mais Bağırov tədbiri açaraq qeyd etdi  ki, indiyədək Arxivimizdə maraqlı və ictimai əhəmiyyətli tədbirlərimiz çox olub. Lakin bugünkü tədbir daha böyük milli-mənəvi dəyər daşıdığından, dövlətçilik tariximizdə şanlı səhifə açdığından sevincimiz hədsizdir. Çünki bu günlər dünya azərbaycanlıları əlamətdar bir tarixi hadisəni -  dövlətçiliyimizin bərpasının 25-ci ilini böyük ruh yüksəkliyi ilə qeyd edir. 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra müstəqilliyimizin möhkəmlənməsi, əbədi olması naminə böyük çətinlikləri dəf edərək ölkəni dirçəlişə doğru apardı. Bu gün ulu öndərin ideyaları onun siyasi və mənəvi varisi Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqillik illərində bir çox yeni müəssisələr, sosial obyektlər, idman arenaları zövqlə tikilib istifadəyə verilmiş, infrastruktur layihələr müvəffəqiyyətlə həyata keçirilmişdir. Bu ilin aprel ayının əvvəllərində cəbhə bölgəsində gedən döyüşlərdə ordumuzun düşmənə endirdiyi sarsıdıcı zərbələr Azərbaycanın hərbi potensialının  da güclü olduğunu həm düşmənə, həm də onun havadarlarına sübut etmişdir. Müstəqilliyimizin 25 illik dövründə respublikamız qlobal mövzulara həsr olunmuş beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edən sevimli bir məkana çevrilmişdir. Bakımız  İslam mədəniyyətinin paytaxtlarından biri olmuşdur. Azərbaycan dünyada terror və ekstremizmlə mübarizədə  etibarlı tərəfdaş kimi tanınmışdır, bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm və vacib dövlət statusu qazanmışdır. Müstəqillik illərində qazanılan bu uğurlar biz Arxiv işçilərini də qəlbən sevindirir.

Direktor sərginin lentini kəsərək iştirakçıları stendlərə tanışlığa dəvət etdi.

Sonra Beynəlxalq Elmi Konfrans öz işinə başladı.

Konfransda xarici ölkələrin tanınmış Azərbaycanşünas alimləri ilə yanaşı, respublikamızın da elm və mədəniyyət xadimləri iştirak edirdi. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik, Milli Məclisin deputatı İsa Həbibbəyli, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə Konfrans iştirakçılarını böyük bayram münasibətilə təbrik edərək bildirdilər ki, ümummilli lider Heydər Əliyev müstəqilliyimizin əbədi olması yolunda çox çalışmış, ölkəni bəlalardan xilas etmişdir. Bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev ölkəni böyük islahatlar yolu ilə inkişafa doğru aparır. Sərgidə nümayiş olunan eksponatlar bu həqiqəti əyani şəkildə nümayiş etdirir.

Tədbirdə çıxış edən Çex Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Vitezslav Pivonka bu tədbirdə iştirak etməsindən, sərgidə nümayiş olunan foto-eksponatlarla tanışlıqdan, Azərbaycanın keçdiyi inkişaf yollarından məmnunluq duyduğunu söylədi. Cənab səfir Azərbaycanla Çex Respublikasının müstəqillik uğrunda apardıqları mübarizələrdə oxşar tale yaşadıqlarını vurğuladı: “I Dünya müharibəsindən sonra çex xalqı da müstəqillik qazanmışdı, biz də bir müddətdən sonra onu itirmişdik. Sizin də ötən əsrin əvvəllərində əldə etdiyiniz müstəqil dövlətiniz cəmi 23 ay yaşamışdı. Mən çox şadam ki, siz 25 il əvvəl müstəqilliyinizi bərpa edə bildiniz.” Çex Respublikası səfirinin müavini Petr Vaqner məruzəsinə ölkəsində yeni tapılmış arxiv sənədi barədə məlumatla başladı və bildirdi ki, Çexiya - Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir. Hər iki millətin tarixən bir-birinə qarşılıqlı hörmət bəslədiyini, bu münasibətin hazırda davam etməsini, dövlətlərarası müqavilələrin strateji əhəmiyyət daşıdığını vurğulayan cənab Vaqner həm Praqada, həm də Bakıda səfirliklərin açılmasını, normal fəaliyyət göstərməsini hər iki dövlətin diplomatiya mədəniyyəti üçün tarixi hadisə  kimi dəyərlənirdi.

Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdullatipovun Konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu “Dağıstan yazıçısı” nəşriyyatının və Rəsul Həmzətov Muzeyinin direktoru Murad Əhmədov oxudu. Sonra əlavə etdi ki, dünyada elə xalqlar olub ki, müstəqilliyini əldə etsə də, onu qoruyub saxlaya bilməmişdir. Ancaq Azərbaycan xalqı  bunu bacardı, minlərlə şəhidin qanı bahasına öz müstəqilliyinə nail oldu və onu qorudu, inkişaf etdirdi.

Bolqarıstan Geosiyasət Cəmiyyətinin  eksperti, politoloq Plamen Dimitrovun məruzəsi isə Azərbaycanın son 30 ildə qarşılaşdığı çətinliklər, xalqın düçar olduğu təhlükələr və məhz Heydər Əliyevin xilaskarlıq missiyası, neft strategiyasının politoloji istiqamətləri üzərində qurulmuşdu. Məruzədə enerji daşıyıcılarının müasir dünya siyasətində “vasitə” olmasının Azərbaycan modeli barədə fikirlər açıqlandı

Elmi Konfransda milli məclisin deputatı, professor F. İbrahimli, Azərbaycan Respublikası Prezidenti yanında İdarəetmə Akademiyasının Tarix kafedrasının müdiri, dos.F. Əhmədova, AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun Elmi işlər üzrə direktor müavini, tarix elmləri namizədi C.Bəhramov məruzə edərək müstəqilliyimizin keçdiyi məşəqqətli, lakin şərəfli yola müasir Azərbaycan tarixşünaslığı kontekstində  elmi-nəzəri qiymət verdilər.

AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri Səməd Bayramzadənin məruzəsi isə Azərbaycanın dövlət müstəqilliyi və milli ideologiya mövzusuna həsr olunmuşdu.

Siyasi Sənədlər Arxivinin direktor müavini Elmira Ələkbərova tədbirdə məzmunlu çıxışlarına görə məruzəçilərə minnətdarlığını bildirdi və əlavə etdi ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq daha da çətindir. Ümummilli lider Heydər Əliyev bu dövləti yenidən qurdu, müstəqilliyimizin möhkəmlənməsinə və əbədiliyinə bütün qüvvəsini sərf etdi. Bu dahi şəxsiyyət hər zaman çıxışlarında qeyd edərdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Biz –  Azərbaycanın müstəqilliyinin bərpasının canlı şahidləri öz vətənimizlə, azərbaycanlı olmağımızla fəxr edirik.  Elmira Ələkbərova bildirdi ki, erməni-sovet hərbi birləşməsi millətimizin öz müstəqilliyinin bərpasının qarşısını almaq üçün müxtəlif fitnə-fəsadlara əl atmışdı. Xocalı qətliyamı həmin vəhşiliyin ən qanlısıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Xocalı vəhşətinin bütün dünyaya elan olunması və onun beynəlxalq aləmdə obyektiv hüquqi-siyasi qiymətinin verilməsi üçün bütün qüvvələrin səfərbərliyə alınması məqsədilə 1 mart 1994-cü ildə müvafiq Fərman imzalamış, Milli Məclis isə xüsusi qərar qəbul etmişdi, bununla da 26 fevral müstəqil Azərbaycanda “Xocalı soyqırımı” və milli matəm günü” elan olunmuşdur. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondu məqsədyönlü siyasət formalaşdırmışdır. Faciənin ildönümü hər il 100-dən artıq ölkədə dərin hüzünlə anılır. Hazırda Azərbaycan dövləti, vətəndaşlarımız, xaricdəki soydaşlarımız tərəfindən Xocalı faciəsi haqqında həqiqətlərin dünyaya çatdırılması, onun soyqırım aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atılır, kitablar yazılır, jurnalist tədqiqatları aparılır. Ayrı-ayrı ölkələrin parlamentlərində, beynəlxalq təşkilatlarda bu faciə müzakirəyə çıxarılır, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb edilir. Müstəqil Azərbaycanın məqsədi bu işi daha müntəzəm, ardıcıl və məqsədyönlü şəkildə aparmaq və faciəyə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə nail olmaqdır. Dünya azərbaycanlıları əmindirlər ki, görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalıya ədalət zəfər çalacaqdır.

Əsas məruzələrdən sonra Konfrans öz işini tematik bölmələrdə davam etdirdi.

Arxivin direktoru Mais Bağırov dövlət müstəqilliyimizin yaratdığı məmnuniyyət və möhtəşəm bayram əhval-ruhiyyəsi ilə beynəlxalq tədbirə yekun vurdu.  

   1741 dəfə baxılıb