Siyasi sənədlər Arxivi yubiley ərəfəsində
A+   A-

Siyasi sənədlər Arxivi yubiley ərəfəsində

 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivi (ARP İİ SSA) fəaliyyətinin 100 illik yubileyi ərəfəsindədir. Azərbaycanın XIX əsrin sonları - XX əsrin 90-cı illərinədək böyük zaman kəsiyini əhatə edən tarixinə aid bir çox qiymətli sənədlərin mühafizə olunduğu ARP İİ SSA-nın təməli 1920-ci il dekabrın 6-da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən imzalanmış dekretə əsasən Azərbaycanda vahid Dövlət arxiv fondu və Mərkəzi dövlət arxivinin yaradılması ilə qoyulmuşdur.

Bu dekret Aprel çevrilişindən sonra (27 aprel 1920) sovet Azərbaycanında fəaliyyətə başlamış Azərbaycan İnqilab Komitəsinin ən mütərəqqi sənədi olub, tarixdə yaddaqalan iz buraxmışdır. Arxiv tarixinə, arxiv təcrübəsinə malik olmayan bir ölkədə tarixi yaddaş anlayışının formalaşması məhz həmin sənədlə bağlıdır. Sənədin ön tarixi 1921-ci ilin yayından başlanmış, avqustun 29-da Mərkəzi Dövlət arxivi bazasında Azistpart (Azərbaycan Partiyasının tarixi) təşkil olunmuş və onun əsas fəaliyyət istiqamətləri AK(b)P MK-nın 26 dekabr 1921-ci il tarixində keçirilən büro iclasında müəyyənləşdirilmişdir. Bu istiqamətlərin əsas məqsədi XIX əsrin sonlarından etibarən Azərbaycanda və Cənubi Qafqazda cərəyan edən sosial-siyasi proseslərə dair sənədlərin toplanması, işlənməsi və mühafizəsi olmuşdur.

Arxivin adı bir neçə dəfə dəyişdirilmiş və qurum müxtəlif illərdə fərqli adlar altında fəaliyyət göstərmişdir:

1928-ci ilə qədər                      Azistpart

1929-cu ilə qədər                     Azərbaycan Kommunist Partiyasının sinfi mübarizəsinin öyrənilməsi İnstitutu

1956-cı ilə qədər                      AKP MK yanında Marksizm-Leninizm İnstitutunun Azərbaycan filialı

1994-cü ilə qədər                     Sov. İKP MK yanında Marksizm-Leninizm İnstitutunun Azərbaycan filialının tərkib hissəsi – Partiya axivi                                                

2009-cu ilə qədər                     Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi

 

 SSRİ-nin süqutundan sonra Arxiv Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin tabeliyinə verilmiş və bu tabeçilik 2007-ci ilin iyun ayınadək davam etmişdir. 2007-ci ilin iyunundan Arxiv Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində fəaliyyət göstərməyə başlamış və  2009-cu ilin iyulunda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə qurum Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivi adlandırılımışdır.

Bu illər ərzindəki fəaliyyəti dövründə Arxiv öz fondlarını çox qiymətli sənədlərlə zənginləşdirmişdir. Çoxsaylı fondlarda mühafizə olunan faktiki materialların xronoloji çərçivəsi XIX əsrin sonları-XX əsrin 90-cı illərinin birinci yarısını əhatə edir və xronoloji çərçivənin ilkin qatlarına aid qiymətli sənədlər, o cümlədən Cənubi Qafqaz quberniyalarının və Qafqaz canişinliyinin ayrı-ayrı şöbələrinin və idarələrinin hesabatları tədqiqatçıların apardıqları araşdırmalar üçün çox nadir ilkin mənbələrdəndir.

Arxivdə mühafizə olunan qiymətli sənədlər müasir dövrdə ölkə ictimaiyyəti qarşısında duran bir sıra aktual problemlərin öyrənilməsində əhəmiyyətli və nadir mənbə hesab olunur. Belə ki, bu sənədlər sırasında göstərilən xronoloji çərçivədə ölkədə və Cənubi Qafqazda cərəyan edən sosial-siyasi prosesləri, Yaxın və Orta Şərqdə milli-azadlıq hərəkatını, erməni millətçilərinin XX əsrin əvvəllərində ölkədə dinc əhaliyə qarşı törətdiyi soyqırımını, erməni separatçılarının Azərbaycanın ərazi bütövlüyünə qarşı irəli sürdüyü əsassız iddiaları, Azərbaycan Xalq Cümhuriyyəti tarixini, bu dövrdə azərbaycanlıların yaşadığı qaçqınlıq həyatını diqqətə çatdıran mühüm sənədlər mövcuddur.

 ARP İİ SSA-nın fondlarında mühafizə olunan bir çox sənədlər XX əsrin 20-30-cu illərində Azərbaycan xalqının məruz qaldığı repressiyaları, ölkənin Böyük Vətən müharibəsi illərində Hitler Almaniyası üzərində qələbədə danılmaz rolunu, erməni riyakarlığını, Azərbaycan türklərinin 1948-1953-cü illərdə Ermənistan SSR-dən deportasiyasını, ümummilli lider Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbərlik etdiyi şanlı quruculuq dövrünü (1969-1982) əks etdirir.

Arxivdə qorunan qiymətli sənədlər qondarma “Dağlıq Qarabağ” probleminin tarixi köklərinin öyrənilib beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında və erməni məkrinin ifşa edilməsində xüsusi əhəmiyyət kəsb edən dəyərli bir mənbə olub, tədqiqatçıların apardıqları araşdırmalarının faktoloji bazasını təşkil etməkdədir.

 

   182 dəfə baxılıb