18 oktyabr 1991-ci il – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası günüdür

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın 

tarixi nailiyyətidir. Hər birimizin müqəddəs 

borcu müstəqil dövlətimizin qədrini bilmək, 

onu qorumaq, inkişaf etdirmək, dünyanın 

inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan 

ibarətdir.

Ümummilli lider Heydər Əliyev

Romanovlar sülaləsinin süqutundan sonra (1917-ci il 2(15) mart) Rusiya imperiyasının istibdadına məruz qalan xalqlar milli-azadlıq hərəkatının yüksəlişini yaşamış, imperiyanın digər bölgələrində olduğu kimi Cənubi Qafqaz da cərəyan edən sosial-siyasi proseslərdən kənar qalmamışdır. Malik olduğu strateji-coğrafi mövqeyinə və təbii sərvətlərinə görə tarixən güclü dövlətlərin diqqət mərkəzində olmuş Azərbaycan 1917-ci il Oktyabr çevrilişindən sonra Cənubi Qafqaz meqaregionunda baş verən mürəkkəb və ziddiyyətli proseslərlə üz-üzə qalmışdır. Bu zaman bolşevizmi "süngü ucunda" yaymaq prinsipinə əsaslanan V. Lenin “erməni məsələsi”nə xüsusi diqqət yetirib, erməni millətçiliyinin ideoloqlarından olan S. Şaumyana Qafqazın fövqəladə komissar mandatını vermiş,  “erməni məsələsi”nin alqoritmi üzrə hərəkət edən və antiazərbaycan siyasəti yeridən S.Şaumyan Bakıda mart soyqırımının təşkilatçısı olmuşdur. Bu soyqırımı nəticəsində təkcə Bakı şəhərində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan didərgin düşmüşdür. Ancaq 1918-ci il mart soyqırımı Bakı qırğınları ilə bitməmişdir. Erməni millətçiləri Şamaxı soyqırımında Şamaxı qəzasının 53 kəndində 8.027 nəfər azərbaycanlını öldürmüş, Quba soyqırımı zamanı daşnak Hamazaspın quldur dəstəsi dilindən, dinindən, cinsindən, yaşından asılı olmayaraq bu qəzada 16 mindən çox dinc əhalini qətlə yetirmişdir. Belə bir mürəkkəb dövrdə Azərbaycanın milli-azadlıq hərəkatının önündə gedən istiqlaliyyət mücahidləri 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətini (AXC) elan etmiş, Azərbaycanın “İstiqlal Bəyannaməsi”nı qəbul etmişlər ( газета «Азербайджан». 1919, №110, 28 мая, s.2). Bu hüquqi sənəd ölkənin bütün xalqlarına onların inkişafı üçün demokratik azadlıqlar verdi. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi XX əsr Azərbaycan tarixində mühüm hadisə oldu. Bu, milli dövlətçiliyin dirçəlişi, Azərbaycan xalqının bütün sosial kateqoriyalarının istiqlaliyyət və azadlığı uğrunda birləşməsinin təməlini qoydu. Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk dünyəvi demokratik, çoxmillətli, hüquqi, müstəqil dövlət oldu. 

Milli dövlətçiliyin dirçəlişi daşnak-bolşevik birliyinin bolşevizmi “süngü” ucunda yaymaq planlarını pozdu. Azərbaycan Xalq Cümhuriyyətini “beşikdəcə” boğmaq qərarını verən S. Şaumyan 1918-ci il iyunun əvvəllərində “Gəncə yürüşünə” başladı, lakin onun məkrli niyyəti iflasa uğradı. Bolşevik-daşnak hərbi birliyi Göyçay uğrunda gedən döyüşlərdə məğlub olaraq geri çəkildi. Öz növbəsində türk-müsəlman dünyasının qatı düşməni olan daşnak Andranik antiazərbaycan siyasəti yürüdən S.Şaumyanın çağırışı ilə Bakıya istiqamət götürsə də, lakin Bakı Sovetinin quldur dəstələrinin Göyçay-Kürdəmir istiqamətlərində məğlubiyyəti Andranikin üzünə Bakının yollarını bağladı və o, Naxçıvana üz tutdu. (газета «Бакинский рабочий» 1918, №139, 18 июля, s.2). 

“Böyük Ermənistan” xülyasını Şərqi Anadoluda gerçəkləşdirə bilməyən, 1918-ci il may ayının sonlarında İrəvan məkanına yiyələnən, Batum müqaviləsinin şərtləri ilə barışmayan erməni millətçiləri “Böyük Ermənistan” əfsanəsinin sona qədər həll olmadığından narazı qalaraq gözlərini Qarabağ torpaqlarına dikib, bölgədə siyasi sabitliyi pozmaq üçün separatçı fəaliyyətlərini davam etdilər. Qarabağda allohton etnos olan Şuşa şəhərinin erməni icması erməni millətçilərinin təhriki ilə XIX əsrin sonlarından etibarən milli məsələnin həllində Avropa sosial-demokrat partiyaların irəli sürdüyü “Millətlərin öz müqəddəratını təyin etməsi hüququ” prinsipinə demaqoqcasına yanaşaraq, 1918-ci ilin yayında “Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququ” şüarını irəli sürdü və Azərbaycan torpaqlarına qərəzli iddialarını, ilk növbədə erməni separatçılığının mahiyyətini nümayiş etdirdi. Bu şüarı irəli sürən erməni separatçıları Şuşa qəzası ilə yanaşı, Yelizavetpol quberniyasının digər üç qəzasına – Cəbrayıl, Cavanşir və Zəngəzura da iddialı olduqlarını gizlətmədilər. Birinci dünya müharibəsinin sonunda qüvvələr nisbəti Antanta hərbi-siyasi blokunun xeyrinə dəyişdiyindən bu vəziyyət Cənubi Qafqaz meqaregionunda baş verən sosial-siyasi proseslərə təsir etdi. 1918-ci il oktyabrın 30-da Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında bağlanmış Mudros sazişinin şərtlərindən ruhlanan Andranik Zəngəzurda soyqırımı törətdi. Bu qırğınlar nəticəsində təkcə 1918-ci ilin payızında erməni yaraqlıları tərəfindən qəzada 115 kənd üzrə 10.068 nəfər azərbaycanlı öldürüldü və ya şikəst edildi. 

Erməni millətçilərinin Azərbaycan torpaqlarında və onun ayrılmaz tərkib hissəsi olan Qarabağa əsassız ərazi iddialarının qarşısını almaq məqsədi ilə AXC parlamenti 1918-ci il dekabrın 20-də keçirilən fövqəladə iclasda ölkənin cənub-qərb bölgələrində Azərbaycan Cümhuriyyəti hakimiyyətinin bərqərar edilməsi sahəsində görülən işlər arasında ən başlıcası Cavanşır, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən ayrıca Qarabağ general-qubernatorluğunun yaradılmasının vacibliyini bildirdi. Erməni millətçilərinin separatçı fəaliyyətini və Azərbaycanın tarixi torpaqlarında apardıqları etnik təmizləmə siyasətinin qarşısını almaq məqsədi ilə AXC hökuməti 1919-cu ilin yanvarında Qarabağ general-qubernatorluğunun yaradılması və Xosrov bəy Sultanovun general-qubernator təyin olunması haqda qərar verdi (ARP İİ SSA. F.277, siy.2, sax. vah.40, v.27; F.277, siy.2, sax. vah.41, v.51.). Erməni separatçıların Qarabağda dağıdıcı fəaliyyətini dayandırmaq, ölkənin ərazi bütövlüyü və müstəqilliyini qorumaq məqsədi ilə 1919-ci il iyunun əvvəllərində Qarabağ general-qubernatoru X. Sultanov Qarabağ Erməni Milli Şurasının fəaliyyətinə son qoydu və 1919-cu il iyunun 5-də separatçı qurumun üzvləri Şuşadan çıxarıldı ( ARP İİ SSA. F.277, siy.2, sax. vah.40, v.7). 1919-cu il iyunun 10-da daşnakların və Qarabağ yepiskopunun iştirakı ilə iclas keçirildi və qərara alındı ki, bölgədə yaranmış qarşıdurmanın qarşısını almaq üçün Şuşada iclas keçirilməli və XIX əsrin birinci otuzilliyindən başlayaraq Qarabağda məskunlaşan ermənilər AXC hökumətini tanımalıdır. 1919-cu ilin avqustunda Qarabağ ermənilərinin VII qurultayı tarixi reallıqla hesablaşıb, AXC hakimiyyətini tanıması barədə aktı qəbul etdi ( ARP İİ SSA. F.277, siy.2, sax. vah.40, v.40). Lakin bölgədə və Rusiyada cərəyan edən sonrakı sosial-siyasi proseslər erməni millətçilərinin Azərbaycanın ərazi bütövlüyünə qarşı apardığı məkrli siyasəti dayandırmadı. Bu zaman erməni separatçıları bolşeviklərin dəstəyinə arxalanaraq 1920-ci il dekabrın 1-də Zəngəzuru ələ keçirir və bununla da Naxçıvanın quru yol əlaqələri Azərbaycanın qalan ərazisi ilə kəsilir. Lakin “Böyük Ermənistan ” əfsanəsi ilə yaşayan erməni millətçiləri Zəngəzurla kifayətlənməyərək, Qarabağın dağlıq hissəsinə olan iddialarından da əl çəkmir və bolşeviklərin dəstəyi ilə bu ərazinin 1923-cü il iyulun 7-də Dağlıq Qarabağın Muxtar Vilayəti, 1937-ci ildən etibarən Dağlıq Qarabağ Muxtar Vilayətinin elan edilməsinə nail olur. Erməni millətçilərinin tarixə gətirdikləri bu saxta “Dağlıq Qarabağ” anlayışı erməni separatçılarının əlində bir alət oldu və Azərbaycan xalqını qondarma «Dağlıq Qarabağ» probleminin düyününə saldı. Beləliklə, gələcəkdə Qarabağın bu hissəsinin Azərbaycandan qoparılması planının birinci mərhələsi həyata keçirildi, qondarma “Dağlıq Qarabağ” probleminin yeni mərhələsinin başlanması üçün «münbit» şərait yarandı və 1988-ci ilin fevralında qondarma “Dağlıq Qarabağ” probleminin növbəti mərhələsi başlandı. Bu zaman erməni separatçılarının vətənimizin tarixi torpaqlarına qarşı irəli sürdükləri əsassız iddialarının qarşısını alan Azərbaycan xalqı özünün milli-azadlıq hərəkatına başladı. SSRİ-nin süqutu ərəfəsində Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edir.(bax: //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.1991.№19-20.Maddə 335, s.20-21). Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq “bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir” (bax: //Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı.1991.№19-20.Maddə 335, s.20.). Beləliklə, bu mühüm sənədlə Azərbaycan xalqı uğrunda mübarizə apardığı istiqlaliyyətinə yenidən qovuşdu. Lakin yenicə dövlət müstəqilliyi bərpa olunmuş Azərbaycan Respublikası daxili və xarici qüvvələrin təzyiqinə məruz qalmış, ölkənin daxilində mərkəzdənqaçma meyllər güclənmiş, hakimiyyət çəkişməsi başlanmış, separat qruplaşmaların dağıdıcı fəaliyyəti ölkənin ərazi bütövlüyünün təmin olunmasını təhlükə altına atmışdı. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummili lider Heydər Əliyev qısa bir zamanda dövlətimizin bərpa olunmuş müstəqilliyini, suverenliyini xarici və daxili təhlükələrdən xilas etdi. Əldə olunmuş suverenliyin qorunub saxlanması Ulu Öndər Heydər Əliyevin məhz uzaqgörən siyasəti sayəsində mümkün oldu. Müstəqilliyə aparan keşməkeşli yollara nəzər-diqqəti yönəldən Ulu Öndər belə demişdir: “ Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir. Bunun üçün biz çox iş görməliyik. Qarşımızda böyük vəzifələr durur. Bu vəzifələri həm Azərbaycanın dövlət orqanları, həm hökumət, həm respublikanın mövcud siyasi-ictimai qüvvələri, həm də hər bir vətəndaş yerinə yetirməyə çalışmalıdır”. Bu vəzifələr sırasında ən vacibi ölkənin ərazi bütövlüyünü qorumaq, erməni faşistlərinin işğal etdiyi Azərbaycanın tarixi torpaqlarını azad etmək idi və XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan Respublikası qondarma “Dağlıq Qarabağ” probleminin həlli uğrunda mübarizəyə başlayır. Atəşkəs dövründə (1994-cü ilin mayından başlayaraq) sülhsevər siyasət yeridən Azərbaycan rəhbərliyi torpaqlarımızın yalnız sülh və danışıqlar yolu ilə qaytarılacağına çalışsa da bu münaqişənin həllinin həm də hərbi yolla mümkünlüyünün istisna edilmədiyini bildirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu ola bilməz” fikrini söyləmiş, torpaqlaqrımızın erməni işğalından azad olunması uğrunda mübarizənin davamlı olaraq aparılacağını bildirmişdir. Ali Baş Komandanın bu inamlı mövqeyi münaqişənin ədalətli şəkildə həll olunacağı ilə bağlı ümidləri daha da artırmışdır. 

2016-cı il Aprel döyüşlərindan sonra Ali Baş Komandan dəfələrlə bildirmişdir ki, bu döyüşlər zamanı Ermənistanın özünün işğalçı ordusu ilə bağlı uzun illər yaratdığı mif dağıdılıb. Prezident İlham Əliyev Azərbaycan xalqının haqq yolunda olduğunu göstərərək demişdir: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Münaqişənin həlli isə çox sadədir. Birinci, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəyik, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Bu, olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, tarix və dünya birliyi də bunu belə qəbul edir”. 

Münaqişənin dinc yollarla nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycan Respublikasının haqlı mövqeyini təsdiq etsə də Ermənistan Respublikası bu sənədlərə məhəl qoymur, erməni hərbi birləşmələri atəşkəs dövründə də daim təxribatlar törətməkdə, dinc sakinləri gülləbaran etməkdə davam edirdi. Xüsusən, rəngli inqilab nəticəsində hakimiyyətə gələn Nikol Paşinyan bu sülh danışıqlarını çıxılmaz bir vəziyyətə saldı. N. Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri, Şuşada rəqs etməsi, "Qarabağ Ermənistandır və nöqtə" kimi populist ifadəsi sülh danışıqlarını perspektivsiz etdi. Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaq və Ermənistanın təxribatlarının qarşısını almaq məqsədi ilə 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu bütün cəbhəboyu antiterror əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının Qələbəsi ilə başa çatdı. Müzəffər Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında əzilən işğalçı ölkənin cinayətkar ordusunun müdafiə səddi qısa zaman ərzində yarıldı. Müstəqil Azərbaycan Respublikası erməni işğalına son qoydu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı özünün yenilməz iradəsini, qətiyyətini, əzmini, Vətənə sevgisini, torpağa bağlılığını, sadiqliyini göstərdi və bütün beynəlxalq ictimaiyyət dövlət-xalq-ordu birliyinin gücünün şahidi oldu. Məhz bu birlik sayəsində Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpa olunmasının 30 illiyini 44 günlük müharibədə erməni faşizmi üzərində qələbə çalmış qalib xalq olaraq qeyd edir. Tarix göstərdi ki, Azərbaycanın gücü dövlət-xalq-ordu birliyindədir və müstəqilliyimiz sarsılmazdır, əbədidir.